Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın ailələri və bu döyüşlərdə sağlamlığını itirmiş insanlarımız cənab Prezidentin tapşırığına uyğun olaraq, hərtərəfli sosial təminat sistemi ilə əhatə olunublar.
Həmçinin, müharibə əlillərinin və şəhid övladlarına ödənişsiz təhsil hüququ verilməsi məsələsi də müzakirə olunur. Danılmaz faktdır ki, müharibə əlillərinin və şəhid övladlarının pulsuz təhsil almaq hüquqi hər kəs tərəfindən təqdir edilir.
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, müharibə əlillərinə və şəhid ailələrinə dəstək verilməsi təqdir olunmalıdır: “Yaxşı olar ki, ən qısa zamanda deputatlar Milli Məclisdə “Qarabağ müharibəsi iştirakçıları və şəhidləri haqqında Azərbaycan Respublikasının Qanunu” layihəsini hazırlayıb qəbul etsinlər. Yeni qanunda müharibə iştirakçılarının, qazilərin və şəhid olanların ailələrinin hüquqi statusu, sosial güzəştləri, iqtisadi üstünlüklərini əks etdirən bütün məqamlar detallı şəkildə əks olunmalıdır”.
Həmsöhbətimiz hesab edir ki, müharibə əlillərinin və şəhid övladlarının təhsil haqqı pulsuz olmalıdır. Bu kateqoriyadan ailələrə daim diqqət və qayğı göstərilməlidir: “Ümumiyyətlə, bu tip ailələrin övladları bütün xidmətlərin ödənişindən azad olmalıdırlar. O uşaqların ödənişini ataları vətən uğrunda gedən döyüşlərdə ödəyib. Məlumdur ki, məcburi köçkünlərin övladları təhsil haqqından azad idilər. Artıq pulsuz təhsil hüququ şəhid övladlarına şamil edilməlidir. Eyni zamanda, müharibə əlillərinin övladlarına da bu güzəşt şamil olunmalıdır”.
Günel CƏLİLOVA