02/04/2020 17:17
728 x 90

Paşinyan BMT TŞ-nin Qarabağ qətnamələrinin mahiyyətini təhrif edir – Münhen debatından dünyaya daha bir dəqiq mesaj...

Mübariz Əhmədoğlu: “Həqiqətən də Paşinyan çox uğursuz formada sözügedən qətnamələri şərh etməyə çalışdı”

img

Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. Bu fikirləri Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə deyib.

Dövlət başçısı bununla bağlı açıqlamasında bir sıra məqamlara toxunub: “ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil. Heç bir ölkə Dağlıq Qarabağı tanımayıb. Ermənistanın Baş naziri BMT Təhlükəsizlik Şurasının  qətnamələrinin əsl mənasını uğursuz olaraq şərh edir. BMT TŞ qətnamələrinin erməni qoşunlarının dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etdiyini unudur”.

Onu da qeyd edək ki, BMT-nin 4 qətnaməsinə Ermənistanın məhəl qoymamağı ilə bağlı fikrə Paşinyan heç bir cavab verə bilmədi. Bununla Prezident İlham Əliyev küçə hərəkatçısı Paşinyana real siyasətdə yeri olmadığını bir daha göstərdi. Prezident İlham Əliyev çıxışında bildirdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və Azərbaycanın ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Beynəlxalq birlik tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi arqumenti qarşısında Paşinyan, sadəcə, məğlub formada susmağa üstünlük verdi.

  • “Bütün hallarda, qətnamələrdə qeyd edilir ki, sözügedən ərazilər boşaldılmalıdır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlunun sözlərinə görə, əvvəlki Ermənistan rəhbərləri də BMT qətnamələrini uğursuz şərh etməyə cəhd ediblər: “Paşinyan da onların yolu ilə gedir. Prezident İlham Əliyev Dağlıq Qarabağla bağlı həqiqətləri tutarlı arqumentlərlə bəyan etdi. Bunlardan biri də BMT TŞ-nin qətnamələrində əksini tapan məqamlar idi. Həqiqətən də Paşinyan çox uğursuz formada sözügedən qətnamələri şərh etməyə çalışdı. Məsələn, Paşinyan qeyd etdi ki, sözügedən 4 qətnamədə Ermənistan silahlı qüvvələri sözü yazılmayıb. Yazılıb ki, erməni silahlı qüvvələri. Yaxşı, Paşinyan dövlətinə yiyə durmursa, millətinə də yiyə durmur? Bütün hallarda, qətnamələrdə qeyd edilir ki, sözügedən ərazilər boşaldılmalıdır. Məsələ ondadır ki, burada söhbət erməni silahlı qüvvələrindən gedir. Ona görə də Paşinyanın arqumentləri əsassız idi. Bu səbəbdən Ermənistan bu günə düşüb. İnşallah, Prezident İlham Əliyevin apardığı siyasət öz bəhrəsini verəcək və işğal altında olan torpaqlar azad ediləcək. Hesab edirəm ki, biz buna nail olacağıq”.

Vidadi ORDAHALLI

Son xəbərlər