05/04/2020 13:30
728 x 90

Azərbaycanda məcburi köçkünlərin evlərindən çıxarılması erməni mediasının mövzusuna çevrilib – “Qaçqınkom” öz qərarına necə haqq qazandıracaq...

Rəsul Cahangirli: “Məcburi köçkün ona verilən evdə yaşamırsa, həmin evin geri alınması doğru deyil”

img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsinə verilən mənzilin geri qaytarılması üçün məhkəməyə müraciət edib. Bu barədə Dövlət Komitəsinin Aparat rəhbəri Eldar Zeynalov bildirib.

Onun sözlərinə görə, məcburi köçkün ona verilən mənzildə yaşamadığı halda, həmin ev geri alınaraq orada başqa məcburi köçkün ailəsi yerləşdirilir: “Bəzi hallarda məcburi köçkün ailəsi evi aldıqdan sonra orada yaşamır. Belə faktlar var. Təbii ki, həmin məcburi köçkünlərin məhz hamısının evi olduğuna görə Dövlət Komitəsinin verdiyi mənzillərdə yaşamadıqlarını söyləmək doğru olmazdı. Bəzi hallarda uşağın təhsili ilə bağlı və yaxud xəstəsi olduğuna görə həmin mənzillərə köçməyib gedib kirayədə yaşayanlar var. Amma məsələ ondadır ki, məcburi köçkünlərə mənzillər verildikdə onlarla müqavilə bağlanır. Müqavilədə qeyd olunur ki, məcburi köçkün evi alandan sonra 3 ay müddətinə ora köçmədisə, ev ondan geri alınır. Bunun da prosedur qaydası var. Biz belə hal olanda məhkəməyə müraciət edirik və məhkəmə yolu ilə həmin mənzil geri qaytarılır.

Hazırda məcburi köçkünlərin evlərinin boşaldılması ilə bağlı 70-dən çox məhkəmə işi var. Onu da deyim ki, bizim məhkəməyə müraciət etmədən boşaltdığımız evlər də var. Çünki proses belədir ki, məhkəməyə müraciət etməmişdən öncə həmin məcburi köçkünün özünə deyirik, danışıq aparırıq, vəziyyəti izah edirik. Boşaldılmış evlər digər məcburi köçkün ailələrinə verilir”.

Onu da qeyd edk ki, Azərbaycanda məcburi köçkünlərin evləri ilə bağlı sözügedən məsələ erməni mediasında da yayılıb. Onlar bunu mövzu edib təbliğat məqsədi üçün istifadə edirlər. Bunu elə təqdim edirlər ki, guya Azərbaycanda məcburi köçkünlərə verilən evlər geri alınır.

Bütövlükdə, “Qaçqınkom”un məsələyə bu cür yanaşması nə dərəcədə doğrudur? Yəni məcburi köçkün ailəsi evi aldıqdan sonra orada yaşamırsa, ona verilən evin geri alınması doğrudurmu?

  • “...ermənilər bu kimi hallardan təbliğat məqsədi üçün istifadə edirlər”

Sözügedən məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə bir neçə dəfə əlaqə yaratmağa çalışsaq da, qurumdan münasibət öyrənmək mümkün olmadı.

Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, məcburi köçkün ona verilən evdə yaşamırsa, həmin evin geri alınması doğru deyil: “Əvvəla bununla bağlı 3 ay möhlət verilir və bunun özü düzgün deyil. Yəni 3 ay çox kiçik müddətdir. Ən azından, bunu 3 il etmək lazımdır. Digər tərəfdən, məcburi köçkün onsuz da öz evini itirib. Bu zaman ona böyük maddi zərər dəyməklə yanaşı, həm də böyük mənəvi zərbə dəyib. Mənəvi zərbəni nə iləsə kompensasiya etmək çox çətindir. Ola bilsin ki, məcburi köçkün hansısa zəruri səbəblər üzündən verilən evə köçmür və yaxud da digər səbəbdən bu proses yubanır. Məcburi köçkün nəyəsə görə həmin mənzilə köçmürsə, bu o demək deyil ki, o evdən imtina edir. Ola bilsin sonrakı dövrdə ailə üzvlərindən biri ora köçəcək. Bir məqamı da qeyd edim ki, Ermənistandan qaçqın düşənlərə verilən evlər daimidir. Qarabağ və ətraf  rayonlardan məcburi köçkün düşənlərə verilən mənzillər isə müvəqqətidir. Yəni torpaqlar azad olunandan sonra həmin mənzillərin zamanla geri alınması nəzərdə tutulub. Bütün hallarda, hesab edirəm ki, məcburi köçkünlərə mənzil verilərkən onların üzərinə hansısa öhdəlik qoymaq doğru yanaşma deyil. Başqa bir tərəfdən, bizim düşmənimiz olan ermənilər bu kimi hallardan təbliğat məqsədi üçün istifadə edirlər. Belə bir saxta rəy yaradırlar ki, guya məcburi köçkünlər ayrıseçkiliyə məruz qalırlar. O üzdən, onlara bu fürsəti verməməliyik”.

Vidadi ORDAHALLI

Son xəbərlər