Siyasət incə və maraqlı, eyni zamanda da çevik düşüncə, ağıl tələb edən bir sənətdir. Sözsüz ki, hər siyasətlə məşğul olana da “siyasətçi” demək olmaz, o gərək bu sənətin bütün parametrlərinə uyğun olsun.
Azərbaycanda kişilərlə paralel olaraq qadınların da siyasətlə məşğul olması, onların bələdiyyə, parlament seçkilərində aktiv iştirak etməsi göz önündədir. Amma qadınlar bununla kifayətlənirlər, onlar arasında siyasi partiya lideri olmaq istəyənlər, demək olar ki, yoxdu. Olsaydı, hər halda, onlar bununla bağlı iddialarını ortaya qoyardılar.
Azərbaycanda 55 siyasi partiya var və onların heç birinin sədri qadın deyil. Bir neçə il əvvələ qədər yeganə qadın siyasi partiya sədri Azərbaycan Liberal Partiyasının sədri, professor Lalə Şövkət Hacıyeva idi, o da artıq partiya sədri kimi fəaliyyət göstərmir.
Azərbaycanda qadınların siyasi partiya sədri olmasına nə mane olur? Onlar niyə siyasi partiyaların sədri vəzifəsində təmsil olunmurlar?
Elçin Mirzəbəyli: “Bunun üçün, ilk növbədə, qadınların özlərinin addım atmasına ehtiyac var”
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış politoloq Elçin Mirzəbəyli “Bakı-Xəbər”ə qadınların hansı səbəbdən partiya sədri ola bilmədiklərinə dair fikirlərini söylədi: “Bu fikir ATƏT-in hesabatında da yer almışdı. Eyni zamanda, hesabatda qeyd edilmişdi ki, həm partiya sədrlərinin, həm də deputatlığa namizədlərin yarısının qadın olması qanunvericilikdə öz əksini tapmalıdır. Amma bu hüquqi bir presedent kimi heç bir hüquqi dövlətdə, cəmiyyətdə ortaya çıxa bilməz. Bu mümkün olan məsələ deyil. Qadınların siyasətdə önə çıxması üçün Azərbaycanda kifayət qədər münbit şərait var. Ölkədə bununla bağlı konkret olaraq nümunə var. Bildiyiniz kimi, ölkəmizin birinci xanımı Mehriban Əliyeva həm Yeni Azərbaycan Partiyası sədrinin müavinidir, həm də ölkənin Birinci vitse-prezidentidir və öz fəaliyyəti ilə nəinki Azərbaycan qadınlarına, bütövlükdə, Azərbaycan cəmiyyətinə örnək olan bir xanımdır. Bu aspektdən də bizdə nümunə var. Azərbaycan qadınları da bu gün cəmiyyətimizdə mövcud olan qanunvericilikdən istifadə edərək siyasi fəaliyyətlə məşğul ola və siyasi proseslərin ön cərgəsinə çıxa bilərlər. Bunun üçün, ilk növbədə, qadınların özlərinin addım atmasına ehtiyac var. Düşünürəm ki, siyasi mübarizədə qadın-kişi anlayışları yanlış yanaşmadır. Burada göstərici intellekt, bacarıq, çeviklik, siyasi analitika və digər bu kimi faktorlar olmalıdır, təbii ki, vətəndaş mövqeyi ön cərgədə getməlidir. Qadın siyasi partiya sədri olsun deyə kimsə bunun üçün bir siyasi partiya yaratmayacaq və qadını da həmin partiyanın başına gətirməyəcək. Belə yanaşmanın özü də absurd bir yanaşmadır. Siyasi proseslərdə mübarizə yalnız qanunvericilik çərçivəsində və ədalətli şəkildə aparılmalıdır”.
E.Mirzəbəyli vurğuladı ki, hansısa bir qadına onun bacarıq, istedad və digər kriteriyalarını nəzərə almadan siyasi partiyada məhz qadın olduğu üçün üstünlük versək, bununla qadının özünə qarşı düzgün münasibət bəsləmiş olmarıq. Bunun ədalətsiz siyasi rəqabətə yol açan bir faktor olduğunu qeyd edən E.Mirzəbəylinin sözlərinə görə, qadınlar özləri öz aktivliyi, bacarığı, istedadı ilə öndə olmağı bacarmalıdırlar: “Mən də Azərbaycan cəmiyyətində qadınların siyasətdə fəal olmasının tərəfdarıyam. Amma bunun üçün onlar, ilk növbədə, öz potensiallarını ortaya qoymalıdırlar. Belə deyək, başqa bir vasitələrlə yox, sırf siyasi mübarizə, siyasi intellekt, bacarıq müstəvisində siyasi proseslərin ön cərgəsinə çıxmağı bacarmalıdırlar, digər kriteriyalar bir kənara qoyulmalıdır. Düşünürəm ki, eyni zamanda, Azərbaycan qadını özünün cəmiyyətəki yerini də, rolunu da müəyyənləşdirməlidir. Bu təkcə siyasi fəaliyyətlə məhdudlaşmamalıdır. Bütövlükdə, iş dünyasında, eləcə də digər sahələrdə qadın olduqları üçün onların önə çəkilməsi düzgün deyil. Bu, kişilərə də aiddir. Bu, əslində, həm gender bərabərliyinin pozulmasıdır, həm də ədalətsiz bir rəqabət mühitinin formalaşmasıdır. Ona görə də belə yanaşmaları doğru-düzgün hesab etmirəm. Fikrimcə, Azərbaycan qadınları özləri fərd olaraq siyasi proseslərin önünə keçməlidirlər. Əgər hansısa siyasi partiyanın lideri qadın olacaqsa və bunun üçün onun potensialı varsa, niyə də olmasın. Amma onu zorla, yaxud istiqamətləndirməklə, kənar mexanizmlərdən yararlanmaqla etmək düşünürəm ki, doğru deyil. Cəmiyyətin özü gəlib həmin səviyyəyə çatmalıdır
Əli Orucov: “İnanıram ki, qadınlarımız yaxın dövr ərzində aparıcı partiya liderlərinə çevrilə biləcəklər”
AMİP təmsilçisi Əli Orucov isə hesab edir ki, qadınların siyasi partiya sədrliyində təmsil olunmamasının səbəbləri əsasən psixoloji, mənəvi və ənənəvi amillərlə bağlıdır: “Biz ölkəmizi nə qədər də Avropa ölkəsi adlandırsaq da, daxildə bir Şərq psixologiyası var. Qadınlarımız özləri də siyasətə, siyasi proseslərə o qədər həvəslə yanaşmırlar. Amma, bununla belə, istər dövlətin idarə edilməsində, istərsə də siyasi partiyalarda qadınlar təmsil olunurlar. Deməzdim ki, ümumiyyətlə, qadınlar siyasi proseslərdən kənardırlar. Amma Azərbaycanda siyasətlə məşğul olmaq böyük təmkin, səbr, əzab-əziyyət tələb edir. Çünki ölkəmizdə siyasi yol hamar deyil. Bu baxımdan, qadınlarımız həyalı və abırlı olduqları üçün, bir qədər bu çətinlikləri çiyinlərinə götürməyə meyl etmirlər. Əgər normal siyasi mühit, normal fəaliyyət imkanı yaradılsaydı, deyim ki, Azərbaycanda qadınlar siyasi fəaliyyətdə daha fəal olardılar, kişilərdən də çox uğurlara imza atardılar. Amma bugünkü acı reallıq ondan ibarətdir ki, Azərbaycanda 55 siyasi partiya var və onun heç birinin sədri qadın deyil. Düşünürəm ki, gec-tez, Azərbaycanda da siyasi lider qadınlar yetişəcək və onlar partiyalara rəhbərlik edəcək, ölkənin siyasi həyatında çox ciddi, təsirli imkanlara malik olacaqlar” -deyə Ə.Orucov vurğuladı.
O qeyd etdi ki, Skandinaviya, Qərbi Avropa ölkələrində siyasətdə və dövlətin idarə olunmasında qadınların çəkisi çoxdur. Siyasətçi bildirdi ki, Azərbaycan qadınlarının potensialına, imkanlarına güvənir və inanır: “İnanıram ki, qadınlarımız yaxın dövr ərzində aparıcı partiya liderlərinə çevrilə biləcəklər. Buna şübhəm yoxdur”.
İradə SARIYEVA