“Paşinyanın Münhen biabırçılığı” – Ermənistan mediasında kəskin başlıqlar ara vermir...

İlham Əliyevlə Nikol Paşinyan arasında Münhendə baş tutan debatdan sonra Ermənistan KİV-inin Paşinyanın üzərinə etdikləri hücum səngimək bilmir.
Qeyd olunur ki, Paşinyan həmin davranışı ilə bütün erməni xalqını təhqir edib, təsadüfi deyil ki, buna görə onun kəskin tənqidçiləri yalnız siyasi opponentləri yox, həm də siyasətə aidiyyəti olmayan adamlardır. Tanınmış erməni jurnalistlərindən biri yazır: “Mən elə bilirdim ki, Paşinyanın rəhbərliyi ilə həyata keçirilən inqilabdan sonra hakimiyyəti devrilən siyasi-kriminal idarəetmənin zamanından yaxşı yaşayacağıq. Nəticədə bunun əksini gördük. İki ildir biz çətin vəziyyətdəyik. Paşinyan verdiyi vədlərin heç birini həyata keçirmədi. Münhen görüşündən sonra tam əmin oldum ki, o, özünü ciddi görüşlərdə apara bilmir. Biri var Ermənistandakı öz tərəfdarlarının qarşısında çıxış edəsən və ya sosial şəbəkələrdə paylaşımlar edəsən, biri də var beynəlxalq arenada. İlham Əliyev Paşinyanı ingilis dilini bilmə səviyyəsinə görə də üstələyirdi. İngilis dili bizim ana və dövlət dilimiz deyil, amma ölkə başçısının borcudur ki, dili mükəmməl bilsin. Yaxşı olardı ki, Paşinyan özünə tərcüməçi götürərdi, nəinki elə gülməli vəziyyətə düşəydi. O meydnda belə göründü ki, sanki Paşinyan məğlub tərəfdir. Münhen raundunun qalibi birmənalı olaraq Əliyev oldu”.
Jurnalist daha sonra məqaləsində sual edir: doğrudanmı hakimiyyətdəkilərin ağlı bu qədər işləyir? Niyə onlar Paşinyanın reputasiyasını xilas etmirlər? Bir sözlə, məqalədə qeyd edilir ki, Münhen platforması yalnız Paşinyanı deyil, bütün Ermənistanı rüsvay etdi.
- Elşən Mustafayev: “Münhen görüşü onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı”
Siyasi şərhçi Elşən Mustafayev də qəzetimizə açıqlamasında erməni jurnalistin Paşinyanla bağlı iradlarını haqlı saydığını bildirdi: “Ermənistan cəmiyyətinin bütün zümrələrindən Paşinyana tənqid yağdırılır. Ortada konkret meydan olub və Paşinyan doğrudan da özünü orada realizə edə bilmədi. Belə reaksiyaların verilməsi və sərt olması təbiidir. Çünki dövlət başçısı beynəlxalq platformada bütün xalqı təmsil edir. Bunu bir idman yarışına da bənzətmək olar. Oradakı yarışı yalnız hansısa təbəqənin adamı izləmir. Bütün zümrələrin izlədiyi prosesdə məğlubiyyəti qəbul etmirlər. Paşinyan həmin debatda həm şəxsi göstəricilərinə, həm də ümumi mövzuya yanaşmaya görə məğlub oldu. İşğalçı həmin auditoriyada çıxıb nə danışmalıdır? Yalana güc verməlidir ki, həqiqətddən yayına bilsin. Bunu da etdi. Mən erməni mediasını izləyirəm. Hələ Paşinyan belə tənqid edilməmişdi. Həddən artıq sərt başlıqlarla məqalələr yazılır. Hətta qeyd edilir ki, o, bütün erməni xalqını biabır edib. Hesab edirəm ki, Münhen görüşü onsuz da Paşinyanın zəifləyən reytinqini daha da aşağı saldı. Bundan sonra erməni təbliğat maşını onu xilas etməyin yollarını axtaracaq. Daxili auditoriyaya yönəlik populizmi Paşinyan gözəl bacarır. Ancaq həmin mövzular onun beynəlxalq arenada məhv olan imicini bərpa etmək gücündə deyil”.
Məhəmmədəli QƏRİBLİ