ABŞ və Rusiyanın Avropa qaz bazarı uğrunda rəqabətinin daha kəskin xarakter aldığı bir vaxtda Azərbaycan hasil etdiyi mavi yanacağı Qərb istehlakçılarına çatdırmaq istiqamətində fəal iş aparır. Görünən budur ki, yaranmış vəziyyətdə məhz Azərbaycan avropalı istehlakçılar üçün yeni etibarlı tərəfdaş statusunu qazanacaq. Çünki ölkənin enerji siyasəti hansısa geosiyasi, geoiqtisadi çəkişmədən uzaqdır. Elə bu fonda Azərbaycan təbii qazını Avropaya nəql edəcək infrastrukturun son halqası sayılan TAP boru kəməri ilə bağlı işlərin mühəndis, təchizat və tikinti tərəfi də daxil olmaqla 92 faizi tamamlanıb.
Məlumata görə, TAP-ın quru hissəsində, Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların hamısı torpağa basdırılıb. Ötən ilin noyabrında TAP-ın Yunanıstan hissəsində sınaq məqsədilə qaz nəqlinə başlanıb. Belə ki, Yunanıstandakı Evros çayı ilə Kipoidəki kompressor stansiyası arasında boru kəmərinin 2 kilometrlik hissəsinə təbii qaz qəbul edilib. Bu, boru kəmərinin istismara verilməsi prosesinin ilkin mərhələsidir. Həmin prosesin məqsədi boru kəməri infrastrukturunun tamamilə təhlükəsizliyini və işlər başa çatdıqdan sonra istismara hazır olmasını, eləcə də milli və beynəlxalq təhlükəsizlik, həmçinin istismar standartlarına uyğun olmasını təmin etməkdir. Təbii qazın boru kəməri sisteminə daxil edilməsi “Şahdəniz-2” qazının Avropaya tədarükünün başlanğıcı üzrə növbəti mərhələdir. TAP vasitəsilə ticari məqsədlə qaz nəqli 2020-ci ilin oktyabrında, yəni İtaliyaya qədər olan hissənin tam istifadəyə veriləcəyi və sınaqdan keçiriləcəyi vaxtda gözlənilir. İlk mərhələ istifadəyə verildikdən sonra təbii qazın tədricən boru kəmərinin Yunanıstan marşrutunun digər hissələrinə, eləcə də Albaniya və İtaliyaya mərhələli şəkildə nəql edilməsinə başlanacaq. TAP-ın quru hissəsinin inşası üzrə İtaliyada da boruların tikintisinə başlanıb. TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır.
Bütün bunlar Azərbaycan qazının etibarlı şəkildə Avropaya çatdırılması istiqamətində mühüm addımların atıldığını bir daha təsdiqləyir. Özü də bunlar o vaxt baş verir ki, ABŞ və Rusiyanın qaz rəqabəti və bir-birinə maneə yaramaq cəhdləri daha geniş miqyas alır. Artıq məlumdur ki, Rusiya ərazisindən başlayan və Baltik dənizinin dibi ilə Almaniyaya çəkilən “Şimal axını-2” təbii qaz boru kəmərinin tikintisində iştirak edən şirkətlərə qarşı ABŞ administrasiyasının tətbiq etdiyi sanksiya bu layihənin yekunlaşmasını xeyli ləngidib. Kəmərin operatoru, Rusiya enerji nəhəngi olan “Qazprom” şirkəti birdirir ki, layihəni özləri müstəqil şəkildə bitirəcəklər. Gözlənildiyinə görə, bu qaz boru kəməri 2021-ci ilin əvvəlində işə salınacaq. Halbuki, kəmər hələ ötən ilin sonunda istifadəyə verilməli idi. ABŞ yaranmış vəziyyətdə hesab edir ki, “Şimal axını-2” Avropanı daha təhlükəli hala gətirərək, enerji sahəsində qitəni Rusiyadan asılı vəziyyətə salır. Ekspertlər isə xatırladır ki, son dövrlər Amerikada zəngin qaz yataqları aşkarlanıb. Vaşinqton Avropanı potensial müştəri qismində görür. Sözsüz ki, ABŞ-ın buradakı başlıca məqsədi öz sıxılmış təbii qazını Avropa bazarına göndərməkdir. Ancaq Rusiya qazının Avropaya axını ABŞ-ın istəklərinə maneə yaradır. ABŞ dövlət katibinin enerji resursları üzrə müavini Fren Fennon məsələ ilə bağlı bildirir:“Biz görürük ki, bir çox ölkə Rusiyadan təbii qaz almağa davam edir. Ancaq orada heç bir rəqabət yoxdur. Orada şəffaflıq varmı? Ümumiyyətlə, orada bazar mövcuddurmu? Harada ki, yalnız bir tədarükçü var, bu bazar deyil”. Fren Fennonun sözlərinə görə, Rusiya enerji cəbhəsində ABŞ tərəfindən gələ biləcək rəqabətdən və vəziyyətin dəyişilməsindən qorxur: “Rusiya görür ki, ABŞ-dakı təbii qazın qiyməti aşağıdır və elə bu səbəbdən rəqabət yarana bilər. Biz sıxılmış təbii qazın Avropaya ixracını ikiqat artırmaq niyyətindəyik. Ruslar bərk narahatdır. Biz bu cür mənzərəni artıq bir neçə dəfə görmüşük. ABŞ-dan və ya digər mənbədən sıxılmış təbii qaz alınması perspektivi meydana çıxan kimi rusların danışıqlardakı mövqeyi dəyişir. “Qazprom” dərhal öz qazının qiymətini aşağı salır”. Hazırda ABŞ-ın əsas məqsədi “Şimal axını-2”nin çəkilişini əngəlləməkdir. Lakin Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirir ki, “Şimal axını-2” kəmərinin tikintisi ABŞ-ın yeni sanksiyalarına rəğmən başa çatdırılacaq:
“ABŞ-ın bütün təzyiqlərinə rəğmən, “Şimal axını-2”nin tikintisi uğurla başa çatacaq. Rusiya Xarici İşlər Nazirliyi bunu reallaşdırmağı hədəfləyib”. Eyni zamanda, ABŞ-ı Avropa bazarından sıxışdırıb çıxarmaq istiqamətində də Rusiya müvafiq addımlar atır. Belə vəziyyətdə Rusiya və ABŞ-ın Avropanın enerji təminatında etibarlı rol alması ciddi sual altına düşür. Elə bu durumda Avropanın etibarlı tərəfdaşa ehtiyacı artır və indiki halda bu tərəfdaş qismində məhz Azərbaycan çıxış edir.
Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç də bunu təsdiq edərək bildirir ki, Azərbaycan sayəsində Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylər yekun mərhələyə daxil olur. O xatırladır ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşüb: "Biz birlikdə enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzərində böyük səylə işləmişik. Xəzər regionundan qazın Avropaya nəqli üzrə səylərimiz yekun mərhələyə daxil olur". İtaliyalı ekspert Culyetto Kyeza da xatırladır ki, "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Avropa üçün böyük əhəmiyyət kəsb edir, eləcə də Azərbaycanın beynəlxalq arenada Avropanın enerji təhlükəsizliyinin təminatçısı qismində imicinin artmasına xidmət edir. Onun sözlərinə görə, bu cür mürəkkəb layihənin mərhələli şəkildə reallaşdırılması onun bütün iştirakçılarının məqsədyönlü fəaliyyətini nümayiş etdirdi: "Ötən il Türkiyə-Yunanıstan sərhədinə çatmış TANAP əsas qaz kəmərinin reallaşdırılması Avropanın diqqətini cəlb etmiş əlamətdar hadisə oldu. Bu gün dünyada sona çatmaqda olan bu prosesi diqqətlə izləyirlər. Bu cür irimiqyaslı layihənin reallaşdırılması tarixi hadisədir. Bu, Azərbaycanın bütün dünyada nüfuzunu artıran yüksək səviyyəli layihədir. Faktiki olaraq, Azərbaycan "Cənub Qaz Dəhlizi" vasitəsilə Avropanın enerji xəritəsini dəyişir. Azərbaycan qazının Avropa bazarlarına nəqli bütün idxalatçı ölkələrin marağındadır və bu həmin layihənin Avropa İttifaqı tərəfindən dəstəklənməsi üçün ciddi əsasdır. "Cənub Qaz Dəhlizi"nin işə düşməsi Azərbaycanın tarixi qələbəsi olacaq. Bu gün dünya gündəmində ölkələrin mili təhlükəsizliyinin də asılı olduğu enerji təhlükəsizliyi ilə bağlı çağırışlar yer alır. Bu baxımdan "Cənub Qaz Dəhlizi"nin rolu əvəzolunmazdır". Bir daha qeyd edək ki, "Cənub Qaz Dəhlizi" ilə Azərbaycan qazının Avropaya nəqli bu il başlayacaq.
Ramil QULİYEV