Ötən həftə beynəlxalq və regional müstəvidə ən yaddaqalan hadisələrdən biri Almaniyada ənənəvi olaraq keçirilən Münhen Təhlükəsizlik Konfransı və həmin konfrans çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında baş tutan debat oldu.
Qeyd edək ki, konfrans çərçivəsində Azərbaycan Prezidentinin keçirdiyi ikitərəfli görüşlərdə beynəlxalq əməkdaşlıqdan tutmuş, enerji məsələləri, regional münaqişələr və onların həlli yolları, həmçinin, digər mühüm məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Ümumilikdə isə Azərbaycanın belə bir mötəbər tədbirdə iştirakı və rəsmi Bakının burada nüfuzunun getdikcə artması müsbət amil kimi xarakterizə edilir. Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən İlham Əliyev və Nikol Paşinyan arasında debata diqqət çəkən ekspertlər həmin debatın Azərbaycan tərəfinin üstünlüyü ilə keçdiyini qeyd etməklə yanaşı, bu debat vasitəsilə də Ermənistanın qeyri-konstruktiv mövqeyinin bir daha dünyaya bəyan edildiyini vurğulayırlar. Bildirilir ki, İrəvan bir daha Dağlıq Qarabağ probleminin həllində sülh yolundan uzaq olduğunu ortaya qoydu. Artıq erməni ictimaiyyəti də debatla bağlı mövzunu aktiv müzakirə edir. Onlar Paşinyanı yaxşı formada olmadığına görə kəskin tənqid edirlər. Ən maraqlısı budur ki, Ermənistan KİV-i guya Paşinyanın həmin debatda sələflərindən miras qalan Madrid prinsiplərini deyil, yeni prinsiplər təklif etdiyini bildirir. Hətta qeyd edilir ki, Paşinyan Münhendəki debatdan sonra “Münhen prinsipləri” ilə bağlı anons mahiyyəti daşıyan paylaşım da edib. Bildirilir ki, bu yeni prinsiplərin reallığı yaxın zamanlarda özünü göstərəcək.
Münhendə hər hansı bir razılaşma olmadığı halda, Ermənistan KİV-inin danışıqlarda guya yeni mərhələnin başlandığını iddia etməsi və bunu “Münhen prinsipləri” adlandırmasında hansı məqsəd güdülə bilər?
Qabil Hüseynli: “Guya Paşinyanın hansısa uğur əldə etməsi barədə yalan məlumatları verib, diqqəti debat məğlubiyyətindən yayındırmağa çalışırlar”
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilərin dövriyyəyə buraxdığı bu məsələdə zərrə qədər də olsun həqiqət payı yoxdur: “Həmin görüşdə dünyadakı qlobal təhlükəsizlik problemləri müzakirə olunub. Ora toplaşan dövlət başçılarının apardıqları müzakirələrin mahiyyəti qlobal və regional təhlükəsizlik problemləri ilə bağlı olub. Paşinyanla İlham Əliyev arasında qısa bir görüş oldu. Bu da Cenevrədə XİN rəhbərlərinin apardığı müzakirələr ətrafında keçirildi. Sonda heç bir sənəd imzalanmadısa, burada hansı yeni prinsiplərdən danışmaq olar? Sonra tərəflər arasında bir debat oldu. Həmin debatda da İlham Əliyev Paşinyanı nokaut vəziyyətinə saldı. Bir daha bəlli oldu ki, Paşinyanın tarixi biliyi, erudisiyası çox zəifdir. Buna görə də yalanlara əl atırdı. İlham Əliyev isə zəngin biliyi və təcrübəsi ilə onu susdurdu. Erməni cəmiyyəti Paşinyanı həmin debata görə qınayır. Hətta ermənilərin özündə belə başlığa rast gəldim “İlham Əliyev Paşinyanı əzib keçdi”. Ola bilər ki, yeni prinsiplərin gündəmə gəlməsilə bağlı yalan məlumatı Paşinyanın tərəfdarı olan media gündəmdə saxlayır. Guya Paşinyanın hansısa uğur əldə etməsi barədə yalan məlumatları verib, diqqəti debat məğlubiyyətindən yayındırmağa çalışırlar. Burada zərrə qədər də həqiqət payı yoxdur. Çünki Madrid prinsipləri üzrə uzun müddətdir danışıqlar aparılır və Ermənistan heç vaxt bundan imtina etməyib. Əsası olmayan fikir kimi qəbul etməliyik”.
Məhəmmədəli QƏRİBLİ