Azərbaycan hakimiyyətinin ən üst qatı növbədənkənar parlament seçkilərinin tam demokratik şəraitdə keçirilməsində maraqlı idi. Bunu ölkə başçısı və digər rəsmi şəxslərin seçkidən əvvəl verdikləri bəyanatların ruhundan da görmək mümkün idi. Seçkilər keçirildi. Təəssüf ki, açıq müşahidə olunan qanun pozuntuları da üzə çıxdı. Məhz bunun nəticəsidir ki, artıq bir neçə dairənin nəticələri ləğv edilib, bəziləri ilə bağlı araşdırmalar aparılır.
Konkret olaraq ortada kobuq qanun pozuntuları mövcuddur ki, nəticələr ləğv edilir. Seçki saxtakarlığı etmək həm də cinayət sayılır. Dairələr və ya məntəqələrlə bağlı belə hallar müşahidə olunursa və bunun da sonu kimi ümumi nəticələr ləğv edilirsə, deməli, burada söhbət cinayət əməlindən gedir. Özü də bu cinayətə yol verənlər yalnız özlərini ifşa etmir, həm də dövlətimizin imicinə ciddi zərbə vurur, seçkinin ümumi nəticələrini şübhə altına salırlar. Belə aşkar qanun pozuntularına yol verənlərdən biri də 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsinin üzvü Əfruz Hacıyevadır. Bu xanımın adı əvvəlki seçkilərdə də prosesə kobud müdaxilə edən adam kimi hallanıb. Son seçkilərdə onun etdiyi qanun pozuntuları ilə bağlı videomateriallar interneti zəbt edib. Həmin kadrlardan görünür ki, qutuya topa bülleten atmaq istəyən şəxsi ifşa edən jurnalist sonra Ə.Hacıyevanın basqısına və açıq təzyiqinə məruz qalır. Ə.Hacıyeva kameraların qarşısında rahatlıqla bu qanunsuzluqları edir və çox məmnun görünməyə çalışır. Maraqlıdır ki, sözügedən xanım bundan əvvəlki seçkilərdə də analoji hərəkətləri ilə yadda qalıb.
Ötən seçkilərdə 12 saylı məntəqə komissiyasının üzvü Ə.Hacıyeva jurnalist fəaliyyəti ilə məşğul olan Cavid Abdullayevə hücum edərək onun saxtakarlıqları lentə almasına mane olub və vəsiqəsini cırıb. Məhz bu cür əməllərin nəticəsi olaraq həmin vaxt 15 saylı Yasamal I Seçki Dairəsinin 12 saylı məntəqəsi buraxılmışdı.
Açıq-aşkar qanun pozuntularına yol verən komissiya üzvləri ilə bağlı hansısa hüquqi addımlar atılmalıdırmı?
Mehman Muradlı: “Bütün bunların hamısına düzgün hüquqi qiymət verilməlidir”
Hüquqşünas Mehman Muradlı qəzetimizə açıqlamasında bildirdi ki, seçki prosesinin şəffaf keçirilməsi yalnız istəklə deyil, həm də qanunla tənzimlənən məsələdir: “Bununla bağlı Seçki Məcəlləsi var. Hamının borcudur ki, həmin məcəllənin tələblərinə əməl etsin. Bizim müşahidələr göstərir ki, hətta seçki prosesində elə hallar olur ki, oradakı əməllərə artıq Cinayət Məcəlləsinin tələbləri çərçivəsində yanaşılmalıdır. Söhbət kimisə təhqir etməkdən, kimlərəsə fiziki zor göstərməkdən gedir ki, bunlar artıq cinayət əməli sayılır. Son seçkilərdə baş verən bu halların məntiqi nəticəsi o oldu ki, bəzi dairlərin nəticəsi ləğv edildi. Hətta bu prosesin davamı da ola bilər. Bəzi fərdlərin kobud hərəkəti, işinin öhdəsindən gələ bilməməsi bu vəziyyəti yaradır. Bütün bu hərəkətlərə lazımi hüquqi qiymət verilməlidir. Gəlin etiraf edək ki, seçkidə qanunları yalnız komissiya üzvləri pozmadı. Belə addımlar bəzi namizədlər və onların müşahidəçiləri tərəfindən komissiya üzvlərinə qarşı da edildi. Bütün bunların hamısına düzgün hüquqi qiymət verilməlidir. Dəfələrlə adları kobud qanun pozuntularında hallanan şəxsləri isə növbəti mərhələdə seçki prosesinə buraxmaq lazım deyil”.
Məhəmmədəli QƏRİBLİ