Fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərində parlamentdə yer qazanan partiyalar məlumdur. Yeni Azərbaycan Partiyası ilə yanaşı, bir sıra digər partiyalar da Milli Məclisdə mandat qazanıblar.
Belə ki, VI çağırış Milli Məclisə keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyasının (YAP) 74 namizədi qalib gəlib. O cümlədən, Vətəndaş Həmrəyliyi Partiyası (VHP) – 3 nəfər, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) – 1 nəfər, Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) – 1 nəfər, Ana Vətən Partiyası (AVP) – 1 nəfər, Böyük Quruluş Partiyası (BQP) – 1 nəfər, Vəhdət Partiyası (VP) – 1 nəfər, Vətəndaş Birliyi Partiyası (VBP) - 1 nəfər, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) – 1 nəfərlə budəfəki parlamentdə təmsil olunacaqlar. Respublikaçı Alternativ Partiyası da (REAL) parlamentdə bir mandat əldə edib.
REAL istisna olmaqla (bu partiyanı təşkilatın qurucu üzvü Erkin Qədirli təmsil edir) adıçəkilən partiyaları Milli Məclisdə sədrlər təmsil edəcək.
Ancaq maraqlıdır ki, parlamentə düşən bu partiyaların heç biri MM-yə keçirilən seçkilərin nəticələrinə qiymət verməyib. Söhbət YAP xaric digər partiyalardan gedir. Hansı ki, bu partiyalarda sədrlər mandat əldə etsələr də, digər namizədlər uğur əldə edə bilməyiblər. Onların bəziləri seçkilərin nəticələrindən razı deyillər. Bütün bunlara baxmayaraq, sözügedən partiyalar parlament seçkilərinin nəticələrinə niyə qiymət vermirlər?
Fazil Mustafa: “Digər partiyalardan fərqli olaraq, bizim təşkilat seçkilərin nəticələrinə qiymət verib”
Məsələ ilə əlaqədar BQP başqanı Fazil Mustafa ilə əlaqə saxladıq. O, qəzetimizə açıqlamasında rəhbərlik etdiyi partiyanın seçkinin nəticələrinə qiymət verdiyini bildirdi: “Bununla bağlı bizim partiyanın xüsusi qərarı var. Hesab edirik ki, seçkilər azad və demokratik keçirilib. Seçkilərdə müəyyən nöqsanlar olub. Bununla bağlı MSK-nın qanunauyğun araşdırma aparmaq zərurətini qeyd etmişik. Deməyim odur ki, digər partiyalardan fərqli olaraq, bizim təşkilat seçkilərin nəticələrinə qiymət verib”.
Bünyamin Qəmbərli: “Biz gözləyirik ki, MSK nəticələri tam elan etsin, ondan sonra partiya olaraq öz münasibətimizi bildirəcəyik”
BAXCP-nin sədr müavini Bünyamin Qəmbərli isə bunu onunla əlaqələndirdi ki, MSK seçkilərin nəticələrini hələ tam elan etməyib: “Məsələ ondadır ki, hələ MSK müzakirələr aparır. Bununla belə, 4 seçki dairəsində nəticələr ləğv edilib. Bəzi məntəqələrdə nəticələr ləğv edilib. Gözlənir ki, belə məntəqələrin sayı artsın. Ona görə də konkret nəticə yoxdur ki, biz buna münasibət bildirək. İkincisi, biz düşünürük ki, Azərbaycan dövlətçiliyi baxımından çox önəmli olan bu parlament seçkilərində qüsurlarla bərabər, sözügedən seçkilərin pozulmasında maraqlı olan qüvvələr də var. Yəni həm ölkə daxilində, həm də ölkə xaricində seçkilərin nəticələrinin pozulmasında maraqlı olan qüvvələr var. Ona görə də biz gözləyirik ki, MSK nəticələri tam elan etsin, ondan sonra partiya olaraq öz münasibətimizi bildirəcəyik”.
Natiq Cəfərli: “Konstitusiya Məhkəməsi yekun nəticələri elan etdikdən sonra...”
REAL funksioneri Natiq Cəfərli bunu bir sıra amillərlə əlaqələndirdi: “Konstitusiya Məhkəməsinin qərarından sonra bizim seçkilərin nəticələri ilə bağlı mövqeyimiz olacaq. Sözügedən məhkəmə yekun nəticələri elan etdikdən sonra REAL-ın mövqeyi olacaq. Hesab edirik ki, Konstitusiya Məhkəməsinin qərarını gözləmək lazımdır. Bir problem də odur ki, REAL rəsmi partiya kimi qeydiyyata alınmayıb. Bizim üzvümüz parlamentə düşsə də, partiya hələ qeydiyyata alınmayıb”.
Vidadi ORDAHALLI