Ermənistan rəhbərləri hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Bu barədə Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə çıxışı zamanı deyib.
Dövlət başçısı bununla bağlı bir sıra məqamlara toxunub: “Bilirsiniz, mənim Ermənistan rəhbərləri ilə danışıqlar təcrübəmdən çıxış edərək, deyə bilərəm ki, mənim cənab Paşinyanın iki sələfi ilə də danışıqları aparmaq imkanım olub. Hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Digər sözlə desək, onların hamısı status-kvonun dəyişməz olaraq qalmasını istəyiblər. Lakin elə onların da hamısı buna fərqli tərzdə nail olmağa çalışıblar. İndi isə Baş nazir Paşinyanın öz təklifi haqqında danışanda və söyləyəndə ki, həll variantı Azərbaycan xalqı tərəfindən qəbul edilən olmalıdır, mən buna cavab vermişəm və Azərbaycan xalqı üçün nəyin qəbul edilən olduğunu söyləmişəm. Erməni təcavüzündən əziyyət çəkmiş Azərbaycan vətəndaşları öz evlərinə qayıtmaq istəyirlər. Bu, onların fundamental hüququdur. Onlar Ermənistan rəhbərliyinə görə demək olar ki, otuz ildir bu hüquqdan məhrum ediliblər”.
Həqiqətən də dəfələrlə Ermənistan prezidentləri danışıqların həlledici mərhələsində bir bəhanə uyduraraq prosesi yarımçıq saxlayıblar. Məsələn, 2006-cı ilin fevralında Fransada danışıqlar çox həlledici mərhələyə qədəm qoymuşdu. Anvaq fevralın 11-də prezidentlərin Rambuye qəsrindəki sözügedən görüşü zamanı Ermənistanın sabiq prezidenti Robert Köçəryan Ermənistanın keçmiş müdafiə naziri Serj Sarkisyanın yaxın qohumunun vəfat etməsini bəhanə gətirərək görüşü yarımçıq tərk etdi. 2008-ci ildə Serj Sarkisyan Ermənistan prezidenti oldu. O da əvvəlki prezident kimi görüşü yarımçıq tərk etmək taktikasına üstünlük verdi. Belə ki, 2011-ci ildə Kazanda danışıqlar həlledici mərhələyə daxil olarkən Sarkisyan bənzər addım ataraq prosesdən yayındı. İndi də Paşinyan onların yolu ilə gedir.
“...danışıqların inkişaf etdirilməsi barədə müəyyən razılıqlar növbəti dəfə Paşinyan tərəfindən pozulur”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, erməni dövlət başçıları, ənənəvi olaraq, bu metoddan istifadə edərək danışıqları uzadırlar: “Bu nə birincidir, nə də axırıncı. Ermənistanın apardığı işğalıçı siyasətə son qoymaq üçün Azərbaycan artıq böyük üstünlüyə malikdir. Artıq danışıqlar prosesini dəyişmək üçün yeni proqressiv yanaşma ortaya qoya bilir. Ancaq Ermənistan rəhbərliyi daim bütün əlverişli şəraitdə prosesdən uzaqlaşır və manipulyasiya edir. Məhz dövlət başçısı İlham Əliyevin qeyd etdikləri buna əsaslanır. Cenevrədə tərəflərin danışıqların inkişaf etdirilməsi barədə müəyyən razılıqları növbəti dəfə Paşinyan tərəfindən pozulur. Məhz Münhendə keçirilən dialoqda biz bunu Paşinyanın necə etdiyinin şahidi olduq. Münaqişənin nizamlanması barədə dialoq aparmaq əvəzinə, yalançı tarixə ekskurs edir. Düzdür, bu yalanları ifşa edildi. Hesab edirəm ki, rəsmi Bakı kifayət qədər bu məsələnin qarşısını alacaq və Ermənistanın bu mahiyyətini güc yolu ilə dəyişəcək. Yoxsa, İrəvanın atdığı addımlar vaxtı uzatmaqdan başqa bir şey deyil. Cənab Prezident də artıq bunun mesajını verdi. Bu o deməkdir ki, artıq Azərbaycan Ermənistanın məlum yanaşmasına ciddi cavab verəcək. Hesab edirəm ki, Paşinyanın apardığı siyasət qorxaqlıqdır və o, daxili faktordan çəkinərək praqmatik addımlar ata bilmir. Ona görə də status-kvonu qoruyur. Buna Azərbaycan imkan tanımayacaq və mütləq situasiyanı dəyişəcək”.
Vidadi ORDAHALLI