Münhendə keçirilən debatda Paşinyan həm də yersiz olaraq özünü inqilab lideri kimi təqdim etməklə uğursuzluğa imza atdı. Maraqlıdır ki, panelin mövzusuna aid olmayan bu məsələni gündəmə gətirməklə yanaşı, həm də müzakirənin bu məcrada aparılmasına nail olmaq istədi.
Sitat: “...təəssüf ki, son 25, hətta 30 il ərzində biz hər dəfə eyni şeyləri təkrar edirik. Qorxuram ki, beynəlxalq ictimaiyyət müəyyən mənada eyni şeyləri eşitməkdən artıq yorula. Düşünürəm ki, biz yeni ideyalar gətirməliyik. Demək istəyirəm ki, mən qeyri-zorakı “məxməri xalq inqilabı” vasitəsilə Ermənistanın Baş naziri olanda anladım ki, 30 ildir davam edən münaqişəni bir və ya iki addımla həll etmək mümkün deyil. Mən düşündüm ki, bu problemin həlli üçün bizim inqilablara ehtiyacımız var. Mən mikroinqilab proseslərinə başladım və növbəti çıxışım zamanı siz mənə söz verdikdə mən sizə mənim təşəbbüskarı olduğum Dağlıq Qarabağ danışıqları prosesində mikroinqilabların rolu barədə danışacağam”.
Sonrakı müzakirədə Paşinyan guya verdiyi bəyanatları danışıqlar prosesində bir inqilab adlandırır. Onun inqilab sözü ilə manipulyasiya etməsi nəyin əlaməti sayıla bilər?
Əslində, müzakirə edilən mövzuda inqilab termininin işlədilməsinə ehtiyac olmayıb. Bu sözü Paşinyan məqsədli şəkildə hallandırır. Onun zənnincə, inqilab deyəndə beyinlərdə Paşinyan assosiasiya olunur. Çünki o, təsadüf nəticəsində məhz küçədəki inqilabla hakimiyyətə gəlib. Elə zənn edir ki, həmin prosesi danışıqlara da tətbiq etmək mümkündür. Hətta misal da çəkir ki, guya o, işlətdiyi ifadələrə görə yeganə erməni lideridir. Əsas gətirdiyi ifadə nədir? Deyib ki, münaqişənin həlli Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqının mənafeyinə uyğun olmalıdır. Bəllidir ki, Paşinyan xalq deyəndə orada yaşayan erməniləri nəzərdə tutur və bunu problemin həllində kiçik inqilab kimi sıramağa çalışır. Əksinə, onun bu avantürist fikri problemin həllini ləngidir. Çünki Dağlıq Qarabağ ərazisindəki xalq yalnız ermənilərdən ibarət deyil ki, onlar gəlib danışıqlarda tərəf olsunlar. Orada iki icma var: azərbaycanlı və erməni. Biz danışıqlar prosesində rəy öyrənmək istəyiriksə, onda hər iki icmanı bərabərhüquqlu tərəf kimi dinləməliyik. Paşinyan da bunu istəmir. O etdiyi inqilabın eyforiyası tam yatıb. Çünki xalqa meydanlarda verdiyi sözü tuta bilmədi, yalançı çıxdı. Ölkəsinin daxilində inqilabın yalnız acı nəticələrini xalqına dadızdıran, onları bu adla aldadan bir lider indi də həmin taktikanı beynəlxalq mövzudakı nizamlanma prosesinə cəlb etmək istəyir. Çox uğursuz taktikadır. Elə buna görə də Paşinyan bunun üstündən sükutla keçməli oldu.
Məhəmmədəli QƏRİBLİ