Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələr bütün dünyanın diqqət mərkəzindədir.
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən debatda diqqətçəkən məqamlardan biri onların ingilis dilində danışmasıdır. Bu gün mediada və sosial şəbəkələrdə də diqqəti cəlb edən məsələ İlham Əliyev və Nikol Paşinyanın ingilis dilini bilmə səviyyələridir.
İlham Əliyevlə Paşinyanın ingilis dilini bilmə səviyyəsini hansı dərəcə ilə qiymətləndirmək olar?
Qeyd edək ki, sosial şəbəkələrdə Prezident İlham Əliyevin ingilis dilini olduqca yüksək səviyyədə bildiyi və danışdığı, Paşinyanın isə “çulunu sudan güclə çıxardığını” bildirirlər.
“Prezident İlham Əliyev bu debatda həm də Paşinyana natiqlik dərsi vermiş oldu”
Siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə bildirdi ki, o, cənab Prezidentlə Paşinyanın debatına orijinal variantda baxıb: “Mən bu debatı məqsədli şəkildə ingilis dilində izləmək istədim. Çünki, hər halda, mənim üçün Paşinyanın bu vəziyyətdə özünü necə aparması maraqlı idi. Cənab Prezidentin ingilis dilində etdiyi çıxışları şəxsən canlı olaraq izləmişəm. Prezident İlham Əliyevin çıxış etdiyi tədbirlərdə iştirak etmişəm və onun ingilis dilində necə səlis, qüsursuz danışdığının şahidi olmuşam. Cənab Prezidentin, ümumiyyətlə, dil və nitqlə bağlı heç bir problemi yoxdur. Azərbaycan Prezidenti necə Azərbaycan dilində səlis danışırsa, eləcə də həm rus, həm də ingilis dilində danışır. Hətta dili bilməyən adamlar belə fikir verib görə bilərlər ki, cənab Prezident ingilis dilində danışarkən heç vaxt duruxmur, dayanmır, söz axtarmır, öz fikini ifadə etməkdə heç bir çətinlik çəkmir. İngilis dilini bilən bizim kimi insanlar da onun çıxışını diqqətlə izləyib görürük ki, o bir ingilis qədər bu dili normal danışır. Bu da təsadüfi deyil, çünki Azərbaycan Prezidenti çox təcrübəli bir siyasət adamıdır, dövlət rəhbəridir, üstəlik də xarici dillərlə bağlı onun heç bir problemi yoxdur. Paşinyan Prezident İlham Əliyevin qarşısında özünü mükəmməl bir universitet professoru qarşısında ingilis dilini yeni öyrənməyə başlayan birinci kurs tələbəsi kimi apardı. Paşinyan həqiqətən də bu dili yüksək səviyyədə bilmir, danışarkən tez-tez duruxurdu, dayanırdı, danışmaq üçün söz axtarırdı, bir sözü tapa bilməyəndə başqa söz tapıb onun yerinə qoyub birtəhər özünü ifadə etmək istəyirdi. Yəni Paşinyanın ingilis dili səviyyəsini İlham Əliyevin səviyyəsi ilə heç cür müqayisə etmək olmaz”.
A.Həsrət hesab edir ki, Prezident İlham Əliyev başqa məsələlərdə olduğu kimi, nitq, dilbilmə baxımından da Paşinyana dərs vermiş oldu. “Biz neçə gündür deyirik ki, cənab İlham Əliyev Nikol Paşinyana bir tarix, beynəlxalq hüquq dərsi verdi. Eyni zamanda, Prezident İlham Əliyev bu debatda həm də Paşinyana natiqlik dərsi vermiş oldu. Yəni auditoriyada oturanlar da, debatı izləyənlər də bunu gördülər, hiss etdilər. Üstəlik də o debatın videosu çox geniş yayıldı və müzakirə edildi. “Facebook”da o paylaşıma 200 min dəfəyə qədər baxılıb. Həqiqətən də çox maraqlı və canlı debat alınmışdı və bu debatın birmənalı qalibi Prezident İlham Əliyevdir. Onun ingiliscə danışması ilə bağlı bir daha qeyd edim ki, onun dil səviyyəsi əsla heç bir sual doğura bilməz” - deyə qeyd edən A.Həsrət bildirdi ki, biz ölkəmizi İlham Əliyev kimi bacarıqlı, savadlı, təcrübəli bir liderin təmsil etməsilə qürur duymalıyıq.
İradə SARIYEVA