Məlum olduğu kimi, regionun siyasi gündəminin əsas müzakirəsi Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilmiş panel müzakirədir.
Dünya mediasının diqqətlə izlədiyi panel Prezident Əliyevin Ermənistan Baş nazirinə tarix və siyasət dərsi keçməsilə yadda qaldı. Paşinyan tarixi faktları təhrif etməsi, diletant siyasi təhlili, arqumentsizliyi ilə növbəti dəfə çıxılmaz duruma düşdü.
Müzakirələrdə Paşinyan guya Dağlıq Qarabağın yerli özünümüdafiə qüvvələri tərəfindən qorunduğunu dedi. Onun bu arqumenti gülünc təsir bağışladı. Eyni zamanda, Prezident İlham Əliyev tutarlı arqumentlərlə bunun belə olmadığını Paşinyana sübut etdi: “Baş nazir Dağlıq Qarabağın dırnaqarası özünümüdafiə qüvvələrindən danışanda, o, bir daha həqiqətə uyğun olmayan sözlər söyləyir. O, çox yaxşı bilir və mən də bilirəm ki, dırnaqarası Dağlıq Qarabağ ordusunun 80 faizini Ermənistan vətəndaşları təşkil edir. Bu, həqiqətdir. Bəlkə, 80 faizdən də artıqdır. Buna görə “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ Respublikası” anlayışı yoxdur. Münaqişənin yalnız iki tərəfi var: Ermənistan və Azərbaycan. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən soruşun: münaqişə tərəfləri kimlərdir? Onlar da eyni sözləri söyləyəcəklər: Ermənistan və Azərbaycan. Dağlıq Qarabağ deyil”.
Bütün bunlarla yanaşı, doğrudan da Dağlıq Qarabağ Ermənistandan ayrı bir qurumdursa, özünümadafiə qüvvələri varsa, o zaman Paşinyanın oğlu Qarabağda niyə hərbi xidmət keçir?
“Bu gün Qarabağda Azərbaycan Ordusu ilə üzbəüz dayanan Ermənistan silahlı qüvvələridir”
Məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert İbrahim Rüstəmlinin sözlərinə görə, Paşinyanın separatçı qurumun “ordusu” barəsində səsləndirdiyi fikirlər onu gülünc duruma saldı: “Orada Paşinyanın oğlunun Qarabağda xidmət etməsi məsələsi ortaya çıxdı. Paşinyan istədi bunu onunla əsaslandırsın ki, oğlu guya könüllü şəkildə orada xidmət edir. Əslində isə orada könüllü söhbəti yoxdur. Zorən Ermənistan ordusu Qarabağda saxlanır. Dağlıq Qarabağda nə qədər yerli erməni var ki, onların bir belə özünümüdafiə qüvvələri olsun?! Deməyim odur ki, bu fikirlərin heç bir əsası yoxdur. Ermənistanın özündə bəzən elə vəziyyət yaranır ki, bir nəfər də olsun hərbi xidmətə könüllü gedən olmur. Müxtəlif vasitələrlə insanları hərbi xidmətə aparırlar. Bunların hamısı faktdır. Sadəcə, Paşinyan klon kimi ortaya düşərək olmayan şeyləri uydurur. Bu gün Qarabağda Azərbaycan Ordusu ilə üzbəüz dayanan Ermənistan silahlı qüvvələridir. Bunu bilməyən yoxdur. Paşinyan nə qədər arxayın davranmağa çalışsa da, bu onda alınmadı. İlham Əliyevin özünə inamlı çıxışı qarşısında Paşinyan çox cılız görünürdü. Bir daha bütün dünyaya bəlli oldu ki, Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələri mövcuddur. Prezident İlham Əliyevin əsaslı arqumentləri bir daha bunu dünya mediasının gözü qarşısında sübut etdi”.
Vidadi ORDAHALLI