Münhendə Dağlıq Qarabağla bağlı keçirilən debatlarda çıxış edən Ermənistan Baş naziri Nikol Paşinyanın rabitəsiz, yalan, təmkinsiz və tarixi əsasları olmayan nitqi erməniləri də hiddətləndirib. Öz ölkəsinin sakinləri belə Azərbaycan Prezidenti İlham Əliyevin tarixi çıxışı qarşısında aciz qalan Paşinyanı təhqir etməyə başlayıb. Ölkə ictimaiyyəti də onun danışığından sonra özündən çıxıb.
"Nikol Paşinyan, əgər evdə oturanlar sənə desələr ki, çıxışın möhtəşəm idi, onlara inanma. Reallıqdan uzaqlaşma və bil ki sən sıfırsan, heçnəsən!" Bu sözləri isə populyar erməni müğənni, şairə Anna Honver deyib. O, utancından yerin dibinə girməyə hazır olduğunu, başının önə əyildiyini qeyd edib.
Baş naziri kəskin tənqid edənlərdən biri də yazıçı Anna Terkott-Astvatsaturyandır. O, özünün sosial şəbəkədəki səhifəsində erməni "lider"in məğlubiyyətini onun kütbeyinliyi ilə bağlayıb. Onun sözlərinə görə, məhz Paşinyanın tarix haqqında məlumatsızlığı, siyasi diskussiyaya hazır olmaması həm onu, həm də bütün Ermənistanı gülünc vəziyyətə qoyub. Yazıçı qeyd edib ki, Paşinyan bütün parametrlərə görə Azərbaycan Prezidenti İlham Əliyevə məğlub olub. "Ar oslun".
Erməni mediası Nikol Paşinyanın səriştəsizliyi və qeyri-peşəkarlığı nəticəsində Azərbaycan liderindən ağır zərbələr aldığını şərh etməkdədir.
Erməni KİV-ində yer alan sitatlardan bəzilərini diqqətinizə çatdırırıq:
- “Münhendə hər şey açıq-aydın bəlli oldu: oyun qaydalarını kim diktə edirdi, kim isə ağ bayraq qaldırmışdı”.
- “Paşinyan özünə yer tapa bilmirdi. Çıxışı boyu hərarətlə əl-qolunu oynadırdı. İzləyicilər üçün gülməli personaja çevrilmişdi”.
- “Paşinyan çox sönük və özünü itirmiş görünürdü. Sanki dərsini oxumamış tələbədir. İlham Əliyevdən qorxduğu açıq-aydın görünürdü”.
- “Erməni xalqını yetəri savada və psixoloji dayanıqlığa malik olmayan insanın təmsil etməsi üzücüdür”.
Paşinyana öz ölkəsinin ictimai rəyində edilən sərt hücumların səbəbi nə ilə bağlıdır?
Hatəm Cabbarlı: “Yalnız bu debatda deyil, onun Azərbaycana yönəlik bütün çıxışlarında tutarsızlıq və dağınıqlıq var”
Siyasi elmlər doktoru Hatəm Cabbarlı “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, debatda diqqətçəkən vacib məqamlardan biri Paşinyanın həmin formatda əsassız iddialarla çıxış etməsi oldu: “Prezident həmin iddiaları dərhal və yerindəcə tarixi faktlarla alt-üst etdi. Əslində, Nikol Paşinyanın siyasi portretinə diqqət etdikdə onun Ermənistanın daxilində yaxşı natiq olduğu üzə çıxır. Amma beynəlxalq siyasətdə isə Paşinyan özünü həvəskar kimi aparır. Onun daxili siyasətdə olan arqumentləri 20 illik Köçəryan və Sarkisyan hakimiyyətinin qanunsuzluqları üzərində qurulub. Münhendə isə siyasi mühit çox fərqli idi. Paşinyanın arqumentləri olduqca zəif idi və tarixin qaranlıqlarında ilişib qalmışdı. Paşinyan debat ərzində yanlış bir bilgi verdi . Sonra nə qədər düzəliş etməyə cəhd etsə də, bu, onda alınmadı. Söhbət Şaumyan rayonunu Dağlıq Qarabağa aid etməkdən gedir. Digər diqqətçəkən məqam isə Paşinyanın eramızdan əvvələ aid tarixi faktlarla sitat gətirməsi oldu. Təhlükəsizliklə bağlı məsələnin müzakirə olunduğu paneldə tarixə edilən uğursuz cəhd tamamilə diletantlıqdan xəbər verirdi. Mütəllibova istinad etdi. Sonra məlum oldu ki, Mütəllibovun belə bir bəyanatı olmayıb. Belə əsası olmayan faktlara söykənərək, beynəlxalq tribunadan nələrisə söyləmək zəiflik əlaməti sayılır”.
Ekspertin sözlərinə görə, Münhen konfransından sonra Ermənistanın daxilində Paşinyanın davranışı birmənalı qarşılanmadı: “Demək olar ki, Ermənistanın bütün ictimai rəyi Paşinyanın əleyhinə danışdı. Bura həm onun siyasi opponentlərini, həm də ziyalıları aid edə bilərik. Artıq görünür ki, ermənilər inqilabın eyforiyasından çıxıb və Paşinyanın əsl kimliyini tanımağa başlayıblar. Paşinyan üçün uğursuz olan bu çıxışla bağlı cəmiyyətdən müxtəlif təkliflər də eşidilir. Məsələn, deyilir ki, yaxşı olardı uğursuz və əsaslandırılmamış tarixi faktlardansa, Paşinyan Sumqayıt hadisələrindən danışardı. Yalnız bu debatda deyil, onun Azərbaycana yönəlik bütün çıxışlarında tutarsızlıq və dağınıqlıq var. Ermənistan daxilindəki ictimai rəy bu səbəbdən Paşinyanı qəbul etmir”.
Məhəmmədəli QƏRİBLİ