Yeganə Hacıyeva: “2019-cu ildə yarana biləcək yeni siyasi qüvvə və yeni seçki koalisiyasının...”
Türkiyədə növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul olunub. Qeyd edək ki, ilk olaraq bu təkliflə partiyasının iclasında MHP sədri Dövlət Baxçalı çıxış edib.
O bildirib ki, Türkiyənin 2019-cu ilin 3 noyabrına qədər dayanmağa gücü yoxdur: ”İstədiyiniz seçkidirsə, buyurun. 2018-ci il avqustun 26-da prezident və parlament seçkilərinin keçirilməsi xalqımızın düşmənlərinə dərs verməyin ən demokratik yoludur. Dövlətin birliyinə silah çəkənlər buna peşman edilməlidir". Bundan sonra MHP sədrinin növbədənkənar seçki təklifinə hökumətdən cavab gəlib. Baş nazirin müavini Bəkir Bozdağ bildirib ki, təklif səlahiyyətli orqanlar tərəfindən dəyərləndirilir: "Belə bir təklifin səsləndiyini yeni öyrəndim. Pərdəarxası məlumatım yoxdur. Təklif lazımi instansiyalarda dəyərləndirildikdən sonra açıqlama veriləcək".
Bundan bir gün sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Dövlət Baxçalı arasında görüş təşkil olundu. Ərdoğan Dövlət Baxçalı ilə növbədənkənar prezident və parlament seçkiləri məsələsini müzakirə ediblər. Görüşdən sonra açıqlama verən prezident Baxçalının erkən seçim təklifinə müsbət yanaşdığını deyib. Ərdoğan növbədənkənar seçkilərin bu il iyunun 24-də keçiriləcəyini açıqlayıb.
Türkiyədə nəzərdə tutulan növbədənkənar seçkilər həmin ölkənin hansı problemlərinin həllinə kömək edə bilər?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçirmək qərarı təsadüfən verilməyib: “Ərdoğan bu qərarı Millətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı ilə görüşündə aparılan daxili və xarici siyasət barədə fikir mübadiləsindən sonra verdiyini, Türkiyənin üz-üzə olduğu məsələlərlə əlaqədar parlament və prezident seçkiləri keçirməyin məqsədəuyğun olmasını bildirib. Ərdoğan Suriyadakı hərbi əməliyyatlar, regionda yaşanan tarixi əhəmiyyətli hadisələr, xüsusilə Suriya və İraqda baş verənlər Türkiyə üçün siyasi qeyri-müəyyənliyi ortadan qaldırmaq istiqamətli tədbirlərin alınmasını vacib edir. Türkiyə parlament və prezident seçkilərinin 24 iyun 2018-ci ildə keçirilməsi nəzərdə tutulur. Fikirimcə, Türkiyədə növbədənkənar seçkinin keçirilməsini vacib edən hüquqi, siyasi, iqtisadi və əlbəttə, regional təhlükəsizlik faktorlarıdır. Hüquqi faktor, bildiyiniz kimi, 2016-cı ildə Türkiyədə keçirilən referendumla ölkənin parlament üsul-idarəsindən prezidentlik üsul-idarəsinə keçməsi, prezidentə isə dövlət strukturlarının, nazirliklər, təşkilatların qurulması və ya bağlanması, yüksək vəzifəli rəsmi şəxsləri təyin etmək ixtiyarı və fövqəladə vəziyyət rejimi elan etmə səlahiyyəti verən konstitusion dəyişikliklərlə həyata keçib. Həmçinin, yeni dəyişikliklərə görə, prezident büdcənin formalaşmasına və xərclənməsinə görə təkliflər irəli sürə, Ali Məhkəmə hakimlərini təyin edə və dövlət qanunları statusunu alacaq fərmanlar vermək ixtiyarında olacaq.
Ərdoğanın haqqında danışdığı siyasi qeyri-müəyyənlikdə aradan qaldırılması vacib olan məsələlərdən ən birincisi də məhz ölkənin qısa zamanda prezidentlik sisteminə keçməsinin təmin edilməsidir. Bu keçid isə ancaq növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsindən sonra baş verə bilərdi. Belə ki, ancaq seçkilərdən sonra yeni dəyişikliklər hüquqi qüvvəyə minir və Türkiyə prezident üsul-idarəli respublika olur.
Siyasi faktor olaraq bir neçə məqamı sadalaya bilərik. Bildiyiniz kimi, Türkiyədə 2016-cı ildə çevrilişə cəhddən sonra tətbiq edilən, bu günlərdə AB-nin də tövsiyələrinə əks olaraq daha 3 ay müddətinə uzadılan fövqəladə vəziyyət rejimi davam edir. Xüsusi qeyri-adi hadisə baş verməmək şərtilə, bu fövqəladə rejimin uzadılması haqqında qəbul olunan sonuncu belə bir qərar olacaq. Həmçinin hakim partiya və onun siyasi müttəfiqi növbədənkənar seçkini Türkiyə ordusunun Suriyada həyata keçirdiyi uğurlu əməliyyatlar və Afrindəki qələbədən sonra siyasətinin əhali arasında daha da artan nüfuzu və ona olduqca yüksək səviyyədə göstərilən dəstək fonunda keçirməyi məqsədəuyğun sayır.
Daxili siyasi faktora əlavə etmək istədiyim çox vacib amil 2019-cu ildə yarana biləcək yeni siyasi qüvvə və yeni seçki koalisiyasının önlənməsidir. Əslində, Türkiyə siyasətində mühafizakar kəsimlə milliyyətçi kəsimin birləşməsi yeni tendensiyadır və daha öncə isə adətən bunlar əks qütblü qüvvələr idi .Bu tendensiyanin digər siyasi qüvvələrdə davam etmə ehtimali yüksəkdir. Bu xüsusda təyin edilən növbədənkənar seçkinin keçirilməsi qərarı ilə Merel Akşenerin rəhbərliyi ilə “İYİ” partiyanı seçki marafonundan kənarda qoymaq, onların CHP ilə yarada biləcəyi koalisiyanı önləmək amilini qeyd etmək yerinə düşər. Son seçkilərdə CHP-nin göstərdiyi yüksək nəticələri nəzərə alsaq, bu koalisiya iqtidar partiyası üçün kifayət qədər narahatlıq yarada bilərdi. İqtisadi faktor kimi bu il rekord minimum göstəriciyə qədər zəifləmiş Türkiyə lirəsini və ölkədəki cari əməliyyatlar defisiti, yüksək inflyasiya dərəcəsini göstərə bilərik. Bütün bunların önlənməsində alınmalı olan qərarların isə parlament konsensusu üzündən yubanması faktoru mövcuddur. Təhlükəsizlik faktorları kimi diqqət yetirməli olduğumuz məqam, əlbəttə, Türkiyənin Yaxın Şərq siyasətində öz milli maraqlarına xidmət edən güclər balansında hərəkətliliyini qeyd etmək lazımdır. Son illər göstərdi ki, Türkiyənin Yaxın Şərq regionunda milli maraqlarını qoruması onu bir çox hallarda ənənəvi beynəlxalq və hərbi müttəfiqləri ilə üz üzə qoydu.
Süriya münaqişəsində Rusiya və İranla olan ittifaqı və Yaxın Şərq regionunda yaranan yeni mənzərənin fonunda Türkiyəyə ABŞ və AB-dən gələn təpkilər və s. kimi məqamları qeyd etmək lazımdır”.
Məhəmmədəli QƏRİBLİ