Qabil Hüseynli: “Xarici siyasət kursumuzda tutduğumuz hücum xətti davam etdiriləcək”
Məlum olduğu kimi, aprelin 18-də Prezident İlham Əliyevin təntənəli andiçmə mərasimi keçirilib. Həmin mərasimdə ölkə başçısı geniş məzmunlu nitq söyləyib. Cənab Prezident onun indiyə qədər rəhbərliyi altında ölkənin daxili və xarici siyasətdə əldə etdiyi uğurlardan bəhs edib.
Bu baxımdan da, ölkə başçısının etdiyi çıxışa böyük maraq hiss edilir, onun ətrafında müzakirələr aparılır. İlham Əliyev bundan sonrakı dönəmdə də ölkənin inkişaf edəcəyi ilə bağlı fikirlər səsləndirib: “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var. Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var”.
Bununla İlham Əliyev andiçmə nitqində ölkənin daxili və xarici siyasət kursunda qarşıdakı 7 ildə görəcəyi işlərlə bağlı hansı anonsları vermiş oldu?
Politoloq Qabil Hüseynli hesab edir ki, Prezidentin çıxışından bir çox qənaətlərə gəlmək olar: “Ancaq ən əsası budur ki, Prezidentin davranışlarından onun radikal islahatların tərəfdarı olduğu hiss edilir. Bu radikal islahatlar idarəetmə aparatını sadələşdirəcək və oranı peşəkarların komandasına çevirəcək. Beləliklə, ölkənin idarə edilməsi çox uğurla aparılacaq. Bu, iqtisadi islahatların gedişinə də müsbət təsir göstərəcək və ölkə regionun lider dövləti kimi daha sürətlə inkişaf edəcək”.
Qabil Hüseynli daha sonra ölkə başçısının siyasi islahatlarla bağlı mühüm anonslar verdiyini bildirdi: “Doğrudur, Prezident çıxışında iqtisadi islahatların da adını çəkdi. Görünən odur ki, Prezident siyasi islahatları daha çox diqqətə çəkib. Siyasi islahatlar dedikdə hazırda əsas məsələ kadrların seçilib yerləşdirilməsi ilə bağlıdır. Yəni burada söhbət peşəkar bir komandanın formalaşdırılmasından gedir. Bu yalnız bacarıq və qabiliyyətinə görə proseslərə fəal müdaxilə etməyi bacaran şəxslərdən ibarət bir komanda olacaq. Prezident həcmcə şişirdilmiş aparatın təkmilləşdirilməsinə diqqət edəcək. Azərbaycanda hələ sovet hakimiyyəti illərindən qalmış nazirlik və komitələr var. Nazirliklərin bəzilərinin olması vacib məsələdir. Amma elə komitələr var ki, büdcədən maliyyələşir, amma onların nə işlə məşğul olduğunu söyləmək çətindir. Ölkənin siyasi kursu var, Prezident İlham Əliyevin çıxışlarında, həmçinin, akademik Ramiz Mehdiyevin ideoloji prinsipləri əks etdirən məqalələrində bu detallara toxunulub.
Bundan əvvəl də ölkədə siyasi islahatlar keçirilib. Amma, görünür, bu dəfə Prezident ənənəvi idarəetmə sistemini köklü surətdə aradan qaldırmaq niyyətindədir. Hesab edirəm ki, xarici siyasət kursunda da Azərbaycan üçün başlıca prioritet Dağlıq Qarabağ problemi və onun nizama salınması olacaq. Qarşıdakı 7 illik dönəmdə bu istiqmətdə əhəmiyyətli irəliləyişin olacağına inanıram. Xarici siyasət kursumuzda tutduğumuz hücum xətti davam etdiriləcək”.
Məhəmmədəli QƏRİBLİ