Serj Sarkisyanın Ermənistanın baş nazir seçilməsi təkcə ölkə daxilində deyil, ölkə xaricində də ermənilərin sərt etirazlarına səbəb olub. Belə ki, İrəvanda keçirilən mitinqlərə ABŞ-dakı ermənilər də dəstək veriblər.
Aksiyaları Los-Anceles şəhərindəki erməni icmasının nümayəndələri Saak Mikayelyan və Tiqran Barxudaryan təşkil ediblər. Onlar həm də Qlendeyl şəhər meriyası qarşısında mitinqlər keçiriblər. Bununla yanaşı, Fransada yaşayan ermənilər də Sarkisyanın baş nazir seçilməsinə kəskin etiraz ediblər. Belə ki, Ermənistanın Marseldəki Konsulluğunun qarşısında toplaşan etirazçılar Sarkisyanı təhqir edərək onun şəkillərini ayaqlar altına atıblar. Nümayişçilər daha sonra Sarkisyanın şəkillərini yandırıblar.
Müşahidələr göstərir ki, digər Avropa ölkələrində də yaşayan ermənilər Sarkisyana qarşı öz etirazlarını bildirməyə hazırlaşırlar. Zatən, Sarkisyanın 10 illik prezidentliyi dövründə erməni diasporu ilə münasibətləri elə də yüksək səviyyədə deyildi. Erməni diaspor təmsilçiləri onun marionet bir prezident olduğunu, Rusiyanın diqtəsi ilə hərəkət etdiyini gördükləri üçün ona elə də rəğbət bəsləmirdilər. Ona görə də o, öz postunu yeni prezident Armen Sarkisyana təhvil verəndən sonra diaspor təmsilçilərindən dəstək alacağına ümid edirdi. Çünki S.Sarkisyan çıxışlarının birində xüsusu vurğulamışdı ki, A.Sarkisyanın diasporla əlaqələrin qurulmasında rolu, onların arasında hörməti böyükdür. Lakin xarici dövlətlərdə S.Sarkisyana qarşı keçirilən etiraz aksiyaları o deməkdirmi ki, Sarkisyanın erməni diasporuna bəslədiyi ümidlər puça çıxdı?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, erməni diasporu Sarkisyanı dəstəkləmir: “Ermənistanda Serj Sarkisyanın baş nazir olmasına qarşı artan etiraz aksiyaları artıq xaricdə diasporu da əhatə edib. Məsələ ondadır ki, ötən 10 il ərzində Sarkisyanın apardığı daxili və xarici siyasət, göründüyü kimi, fiaskoya uğrayıb. Nə daxildəki, nə də xaricdəki ermənilər Sarkisyanın növbəti dəfə hakimiyyətdə qalmasını qəbul etmək istəmirlər. Xaricdə diaspor üzvlərinin onun şəklinə qarşı həqarətedici hərəkətləri, təhqirləri, göründüyü kimi, pik nöqtəyə çatıb. Sadəcə, Sarkisyan Kremlə arxalanır və onlardan kömək umur. Sarkisyanın erməni diasporuna bəslədiyi ümidlər puça çıxdı. Hesab edirəm ki, vaş verənlər Ermənistanda inqilabi əhval-ruhiyyənin artmasına, Sarkisyanın legitimliyinə ciddi zərbə vuracaq. Xalq növbəti dəfə hakimiyyətdə Qarabağ klanının qalmasını istəmir. Bu illər ərzində hakimiyyət Ermənistanı sosial-iqtisadi burulğana qərq edib. Diaspor da görür ki, Ermənistanı bu rejim Rusiyanın forpostu edib. Ona görə də xaricdə müəyyən qruplar daxildəki etirazları dəstəkləyib, Ermənistanda Qərb-Rusiya siyasi qarşıdurmasını alovlandırmaq istəyirlər. Çünki Ermənistanda inqilabın baş tutması burada Qərbin Rusiya üzərində qələbə çalması deməkdir. Etirazlarda polislə toqquşmalar davam edərsə, idarəolunmaz vəziyyətdə vətəndaş müharibəsi baş verə bilər. Bir daha qeyd edim ki, Sarkisyan Moskvanın Ermənistanda bir nömrəli dəstək verdiyi şəxsdir. Çünki o, Moskvanın separatçı siyasətini həyata keçirən və öz hakimiyyəti naminə Ermənistanı Rusiyanın forpostu edən şəxsdir”.
Vidadi ORDAHALLI