Prezident İlham Əliyev aprelin 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini Valeri Gerasimovu qəbul edib.
Valeri Gerasimov İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib və bu seçkiləri xalqın dövlət başçısına olan böyük etimadının göstəricisi kimi qiymətləndirib.
Azərbaycan Prezidenti təbriklərə görə minnətdarlığını bildirib.
Söhbət zamanı hərbi və hərbi-texniki sahələrdə Azərbaycan-Rusiya uğurlu əlaqələri müzakirə edilib, gələcək qarşılıqlı faydalı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Valeri Gerasimov NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı ilə görüşünə ölkəmizin ev sahibliyi ilə əlaqədar dövlət başçısına minnətdarlıq edib.
Azərbaycan Prezidenti bu görüşün Bakıda keçirilməsini ölkəmizə olan inamın göstəricisi kimi dəyərləndirib və görüşün beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.
Azərbaycan Prezidenti: Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin NATO Baş Komandanı ilə Bakı görüşü beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək
Prezident İlham Əliyev aprelin 19-da NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kertis Skaparottinin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Körtis Skaparotti İlham Əliyevi prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti təbrikə görə minnətdarlığını bildirib.
Söhbət zamanı NATO-Azərbaycan əməkdaşlığının uğurlu inkişafı müzakirə edilib.
Keçən ilin noyabrında NATO qərargahına səfər etdiyini vurğulayan dövlət başçısı qeyd edib ki, səfər zamanı NATO-nun baş katibi ilə aparılan fikir mübadiləsi, Şimali Atlantika Şurasının iclasındakı çıxışı və oradakı müzakirələr bir daha Azərbaycanla NATO arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərdi.
NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Körtis Skaparotti öz tərəfindən NATO-Azərbaycan əməkdaşlığından çox razı olduğunu məmnunluqla bildirərək, Azərbaycanın bu təşkilat üçün çox önəmli tərəfdaş ölkə olduğunu qeyd edib. O, xüsusən Əfqanıstandakı sülhməramlı əməliyyatlarda Azərbaycanın rolunu yüksək qiymətləndirərək bu əməliyyatlar üçün ölkəmizin tranzit və nəqliyyat imkanlarından istifadə edilməsinin önəmini vurğulayıb.
Körtis Skaparotti Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünə ölkəmizin ev sahibliyi etməsi üçün Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Azərbaycan Prezidenti ümidvar olduğunu bildirib ki, bu görüş beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi işinə xidmət edəcək.
Rusiya Silahlı Qüvvələrinin (SQ) Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda NATO-nun Avropada Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Kertis Skaparotti ilə görüşüb. “Trend”in məlumatına görə, görüş zamanı NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyəti, etimad tədbirlərinin artırılması və insidentlərin qarşısının alınması məsələləri müzakirə olunub.
Görüş barədə Rusiya Müdafiə Nazirliyi də məlumat yayıb. Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Gerasimov və Skaparotti NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılmasını və insidentlərin qarşısının alınmasını müzakirə ediblər.
Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub.
"Azərbaycanın beynəlxalq nüfuzu nəzərə alınmaqla, Bakı danışıqlar üçün əlverişi meydançadır. Burada Azərbaycanın güclu silahlı qüvvələrinin olması da rol oynayır". Bu sözləri APA-nın Moskva müxbirinə açıqlamasında "Milli Müdafiə" jurnalının baş redaktoru, Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, tanınmış hərbi ekspert İqor Korotçenko Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparotti arasında keçirilən görüşü şərh edərkən bildirib.
Ekspert deyib ki, Rusiya və NATO hərbi rəhbərliyinin Bakıda görüşməsinin əsas səbəbi Azərbaycanın beynəlxalq nüfuzunun olduqca yüksək olmasıdır: "O ki qaldı danışıqların mövzusu məsələsinə, deyə bilərəm ki, danışıqlarda əsas müzakirə mövzusu Rusiya və NATO münasibətlərində mövcud olan ümumi gərginlikdir. Generallar bu gərginliyin azaldılmasını, məsələnin birbaşa hərbi toqquşmalara gətirib çıxarılmamasını müzakirə edəcəklər. Rusiya-NATO Şurasının xətti ilə bloklanan dialoqun davam etdirilməsi də müzakirə mövzularından olacaq. Ona görə də, hesab edirəm ki, Gerasimov-Skaparotti görüşü hərbi-siyasi məsləhətləşmələr və üçüncü dünya müharibəsinin yaranması riskinin qarşısını almaq məqsədi daşıyır".
İ.Korotçenko görüşdə konkret olaraq Suriya, Ukrayna və digər münaqişələrin müzakirə olunmayacağını vurğulayıb: "Məncə, Suriya, Ukrayna və digər münaqişələr deyil, hansısa real hərbi-siyasi məsləhətləşmələr mexanizminin yaradılması üçün ümumilikdə Rusiya-NATO əməkdaşlığı müzakirə olunacaq. Bu gün Brüsselin günahı ucbatından Rusiya-NATO Şurasının fəaliyyəti bloklanıb. Orada Rusiya və NATO arasında dialoq mümkün deyil. Bakıda isə Rusiya və NATO generalları üz-üzə real problemləri müzakirə edəcəklər. Düşünürəm ki, bu problemlər NATO-nun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması, Şimali Atlantika alyansının Baltik dənizi akvatoriyasında təhlükəli fəaliyyəti, ABŞ hava hücumundan müdafiə sisteminin Avropada yerləşdirilməsidir. Mümkündür ki, Ukrayna və Suriya münaqişəsi də müzakirə olunsun. Lakin bu, əsas mövzu deyil. Bununla belə, generallar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyi kontekstində Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə də toxunacaqlar".
TASS agentliyinin hərbi şərhçisi Viktor Litovkin isə qeyd edib ki, Rusiya və NATO generalları ilk dəfə deyil Bakıda görüşür: “Generalların Bakıda görüşməsinin əsas səbəbi məncə Azərbaycanın NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı arasında yerləşməsidir. Bu, birinci səbəbdir. İkinci səbəb Azərbaycan paytaxtının qonaqpərvər şəhər olmasıdır. Belə yüksək səviyyədə danışıqlar aparmaq üçün Bakıda hər cür şərait var. Ona görə də, hesab edirəm ki, bu cür görüşlərin keçirilməsi Bakının haqqıdır. Həm də Rusiya və NATO generalları üçün Bakıda işləmək rahatdır".
V.Litovkinin sözlərinə görə, danışıqların mövzusu ənənəvidir: "Bu, mövcud olan münaqişələrdir. Ukrayna və Suriya münaqişələri, NATO və Rusiya arasında toqquşma risklərinin yaranmasının qarşısını almaq, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasıdır. Düşünürəm ki, danışıqların mövzusu genişdir".
Həmkarından fərqli düşünən V.Litovkin Gerasimov və Skaparottinin danışqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına toxunmayacaqlarını bildirib: "Düşünmürəm ki, onlar Qarabağ probleminə toxunsunlar. Prinsipcə, nə NATO, nə KTMT-nin bu problemə aidiyyəti var. Lakin sözsüz ki, onlar Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacib olması barədə danışa bilərlər. Ümumilikdə Cənubi Qafqazda təhlükəsizlik problemi isə danışıqlarda müzakirə mövzularından biridir".