Aqşin Əliyev: “Bundan əvvəlki seçkilərin nəticələrinə fikir versəniz görərsiniz ki, onlarda da İlham Əliyev rəqiblərini böyük fərqlə arxada qoyub”
11 aprel tarixində Azərbaycanda keçirilən prezident seçkilərində İlham Əliyev növbəti dəfə prezident seçildi. O, etibarlı bülletenlərin 92,2 faizinin nəticəsinə əsasən, 86 faiz səs toplayaraq, seçkinin lideri oldu. Bu, İlham Əliyevin prezident seçkilərində 4-cü qələbəsidir. Azərbaycan Prezidenti daha əvvəl 2003, 2008 və 2013-cü illərdə keçirilən seçkilərdə qalib gəlib.
Qeyd edək ki, İlham Əliyev bundan əvvəlki 2013-cü ildə keçirilən seçki marafonunda 84,54 faiz səslə prezident seçilib. Həmin seçkilərdə 10 namizəd - İlham Əliyev, Cəmil Həsənli, İqbal Ağazadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, İlyas İsmayılov, Araz Əlizadə, Fərəc Quliyev, Hafiz Hacıyev və Sərdar Məmmədov iştirak edib.
Qeyd edək ki, 11 apreldə keçirilən prezident seçkilərində seçicilərin 92,2 faizinin səsinin nəticələrinə görə, İlham Əliyev 86 faiz, Zahid Oruc 3.11 faiz, Qüdrət Həsənquliyev 3.04 faiz, Sərdar Məmmədov 3.02 faiz, Hafiz Hacıyev 1.51 faiz, Araz Əlizadə 1.39 faiz, Fərəc Quliyev 1.18 faiz, Razi Nurullayev 0.75 faiz səs toplayıblar.
Göründüyü kimi, İlham Əliyev digər rəqiblərini kəskin fərqlə arxada qoyub. Bu qədər fərq nəyin əlaməti, göstəricisi sayıla bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bunun səbəblərini izah etmək o qədər də çətin deyil: “Mən düşünürəm ki, bu estafetdə kimsə İlham Əliyevin qalib gələcəyinə şübhə etmirdi. Cünki o, bütün parametrlərə görə alternativlərini üstələyirdi. Bu, İlham Əliyevin prezident seçkilərində qazandığı 4-cü qələbəsidir. Bundan əvvəlki seçkilərin nəticələrinə fikir versəniz görərsiniz ki, onlarda da İlham Əliyev rəqiblərini böyük fərqlə arxada qoyub. Hətta deyərdim ki, 2013-cü ildəki seçki ilə müqayisədə isə İlham Əliyev bir qədər də çox seçici səsi qazanıb. Bu nəticə ona görə əldə olunur ki, xalq İlham Əliyevə inanır, onu sınaqdan çıxarıb. 15 ildir ki, milli və qlobal layihələrə təşəbbüskarlıq etmək kimi şərəfli missiyanı Azərbaycan onun rəhbərliyi altında həyata keçirir. Ölkəmiz bu müddətdə məhz İlham Əliyevin rəhbərliyi altında inkişaf edir, inanılmaz uğurlara, tarixi nailiyyətlərə imza atır. 2003-cü ildən bəri biz yüksək nüfuz, möhtəşəm rəğbət və mükəmməl liderliyin təntənəsinin şahidiyik. Yeni dövrün liderinin rəhbərliyi altında Azərbaycan qısa tarixi dövrdə dünya birliyinin fəal və nüfuzlu üzvü olub. Prezidentimiz təcrübəli və uzaqgörən dövlət xadimi kimi haqlı olaraq həmvətənlərimizin səmimi hörmətini qazanıb, beynəlxalq aləmdə yüksək nüfuz, geniş rəğbət sahibi olub. İlham Əliyevin qələbəsi ölkəmizdə seçkini müşahidə edən bütün beynəlxalq təşkilatlar tərəfindən də etiraf olundu. Hesab edirəm ki, onun alternativləri də siyasi etika nümayiş etdirərək öz məğlubiyyətlərini etiraf etmiş olacaqlar. Bu seçimilə Azərbaycan xalqı parlaq gələcəyinə səs verib”.
Məhəmmədəli QƏRİBLİ