Əkbər Qoşalı: “Onlar İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının fərqindədirlər”
Məlum olduğu kimi, aprelin 11-də Azərbaycanda uğurla prezident seçkiləri keçirildi. Ölkə əhalisi fəal şəkildə seçkilərdə iştirak etdi. MSK-nın məlumatına görə, İlham Əliyev 86 faiz səs toplayaraq yenidən prezident seçilib. Prezident seçkilərində seçici siyahılarında olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 959 min 553 nəfəri səs verib, seçici fəallığı 74,51 faiz olub.
Diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, budəfəki seçkilərdə gənclər xüsusi fəallığı ilə seçiliblər. Düzdür, əvvəlki prezident seçkilərində də gənclər fəal olublar, ancaq görünən odur ki, bu dəfə daha çox fəallıq göstəriblər. Bunu beynəlxalq müşahidəçilər də təsdiq edirlər.
İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin üzvü, vəkil Eli Naxt mətbuata açıqlamasında deyib ki, gənclər prezident seçkilərində fəal iştirak ediblər. Gənclərin bu fəallığı onların cəmiyyətdəki rolunun yaxşı göstəricisidir. Bu onların ölkə həyatının demokratikləşməsi prosesinin bir hissəsi olduğunu göstərir. Səsvermə prosesində seçici fəallığının əhəmiyyətinə toxunan Eli Naxt deyib ki, ölkənin gələcək taleyini vətəndaşlar düşünürlər: “Onlar inanırlar ki, qarşıdakı illərdə Azərbaycan daha sürətlə inkişaf edəcək, xalqın rifahı daha da yaxşılaşacaq”.
Bütün bu deyilənlərin fonunda, budəfəki seçkidə gənclərin fəal olması nə ilə bağlı idi? Məsələyə münasibət bildirən Milli QHT Forumu İdarə Heyətinin üzvü Əkbər Qoşalı gənclərin fəal olmasını bir sıra amillərlə əlaqələndirdi: “On bir il əvvəl cənab Prezident İlham Əliyev ölkənin gənclər təşkilatları rəhbərləri ilə görüşəndə belə bir söz demişdi: “Mən sizə inanıram, siz də mənə inana bilərsiniz”. Həmin görüşdə mən də iştirak edirdim. Bu açıqlama, bir növ, gənclərlə dövlət başçısı arasında münasibətlərin düsturunu göstərir. İlham Əliyev Prezident seçiləndən sonra gənclərlə bağlı bir sıra proqramlar qəbul olunub. Gənclər təşkilatlarının, hərəkatının güclənməsi ilə bağlı sərəncamlar, göstərişlər verib. Dövlət büdcəsindən bununla bağlı vəsait ayrılıb və bir sıra digər sistemli işlər görülüb. O mənada, əlbəttə ki, gənclər seçkidə fəal olmalı idilər və bu belə də oldu. Çünki onlar İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının fərqindədirlər. O üzdən, seçkidə böyük şövqlə iştirak etdilər. Bir məqamı xüsusi vurğulayım ki, gənclər təkcə seçki günü deyil, ondan əvvəl də fəallıqları ilə seçiliblər. Nəzərə almaq lazımdır ki, harada olmağımızdan asılı olmayaraq, insanlar virtual məkanın imkanlarından istifadə edirlər. Müşahidələr göstərir ki, “facebook” sosial şəbəkəsində gənclər İlham Əliyevə böyük dəstək verdilər. Bu, müxtəlif formada özünü göstərirdi. Çağırışlar edirdilər, virtual səsvermələrdə fəal iştirakçı idilər, şəkillərini paylaşırdılar və s. Bu işdə fəal iştirak edən Azərbaycan gəncliyi həm də göstərmiş oldu ki, biz hansı tərəfdəyik, kimə səs verdilər, nə üçün səs verdilər. Opponentlər bu mənzərəni müşahidə etsələr görərlər ki, gənclik nə qədər böyük coşqu ilə İlham Əliyevə dəstək verdi. Gənclərimiz bununla sübut etdilər ki, onlar dövlət, dövlətçilik məsələlərində nə qədər sabitqədəmdirlər”.
Vidadi ORDAHALLI