Seyid Camal Əzimbəyli: “Ailələrdə təkcə səsvermə hüququ olanlar yox, səsvermə hüququ olmayanlar da valideynləri ilə seçkiyə gedib böyüklərinin səsverməsini müşahidə edirdilər”
Məlum olduğu kimi, aprelin 11-də Azərbaycan xalqı növbəti müddətə öz prezidentini seçdi. Yüksək seçici fəallığı ilə baş tutan seçkilərin nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyev seçicilərin 86,09 faiz səsini toplayaraq yenidən prezident seçildi.
Hər seçkidə olduğu kimi, bu dəfə də Azərbaycan vətəndaşları öz iradələrini müstəqil şəkildə ortaya qoyaraq daha bir demokratik, azad və ədalətli seçki keçirdilər. Seçkilərdə görünməmiş seçici fəallığı müşahidə olundu ki, bu da İlham Əliyevə böyük inamın göstəricisi idi. Müşahidə olunan seçici aktivliyi bunu bir daha sübut etdi.
11 aprel seçkilərinin demokratik şəraitdə baş tutduğu seçki prosesini izləyən beynəlxalq müşahidəçilər tərəfindən də açıq şəkildə ifadə olundu. İstər səsvermə müddətində, istərsə də seçki başa çatdıqdan dərhal sonra müxtəlif ölkələri və beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin ortaya qoyduğu mövqe ondan ibarət idi ki, 11 aprel seçkiləri kifayət qədər demokratik, şəffaf, azad və ədalətli şəkildə baş tutub. Bu mövqe seçkiləri izləyən beynəlxalq müşahidəçilərin keçirdikləri mətbuat konfranslarında da öz təsdiqini tapıb.
Bütün bunlarla yanaşı, diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, 11 aprel seçkilərinə vətəndaşların ailəlikcə gəlmələri müşahidə olunurdu. Bu seçkidə ailə üzvləri ilə birlikdə gəlib səs verənlərin sayı əvvəlki seçkilərlə müqayisədə daha çox idi. Bir növ, bu bir yenilik idi. Ailələrin səsverməyə gəlməsi ictimaiyyətdə böyük rəğbətə səbəb olub. Ümumilikdə, insanların ailə üzvləri ilə birlikdə səsverməyə gəlməsi ölkədə seçki ənənələrinin formalaşmasında necə rol oynayır? Məsələyə münasibət bildirən şərqşünas Seyid Camal Əzimbəylinin sözlərinə görə, bu yenilik, bütün mənalarda Azərbaycanda seçki ənənələrinin formalaşmasına müsbət təsir göstərəcək: “Əvvəla qeyd edim ki, mən də ailəmlə seçkiyə gedib səs verdim. Həqiqətən də budəfəki prezident seçkilərində insanların ailəlikcə səsvermə məntəqələrinə getməsi tendensiyası daha qabarıq formada özünü göstərdi. Çox mehriban şəkildə, ürəklə ailə üzvləri ilə birlikdə vətəndaşlar seçkiyə gedirdilər. Mən özüm bunu günboyu müşahidə etdim. Məsələ ondadır ki, ailələrdə təkcə səsvermə hüququ olanlar seçkiyə getmirdilər. Eyni zamanda, səsvermə hüququ olmayanlar da valideynləri ilə seçkiyə gedir, böyüklərinin səsverməsini müşahidə edirdilər. Ən maraqlısı o idi ki, 11 aprel seçkilərində yaşlı insanlar da böyük həvəslə seçki məntəqələrinə gedirdilər. Bütün bunlar 11 aprel seçkilərinin necə möhtəşəm keçdiyini bir daha dünyaya sübut etdi. Bir sıra MDB ölkələrində ailəlikcə seçkiyə getmək ənənəsi elə də geniş yayılmayıb. Ancaq 11 apreldə bununla bağlı Azərbaycanın seçki məntəqələrində müşahidə olunan mənzərə insanı riqqətə gətirdi. Hesab edirəm ki, bütün bunlar Azərbaycanda seçki ənənələrinin daha da zənginləşməsinə, mükəmməlləşməsinə öz müsbət təsirini göstərəcək. Eyni zamanda, sözügedən yenilik bir sıra ölkələr üçün örnək olacaq. Ona görə də bunun əhəmiyyətini və rolunu çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, bu, xalqımız və dövlətimiz üçün uğurlu olacaq. Ona görə də buna münasibətim çox yüksəkdir”.
Vidadi ORDAHALLI