Günel Fərhadqızı: “Hələlik həmin layihəni Azərbaycanın iştirakı olana alternativ saymaq olmaz”
Tehranda səfərdə olan Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev deyib ki, Azərbaycan, İran və Rusiya birgə enerji dəhlizinin yaradılması məsələsini müzakirə edirlər. Nazir bildirib ki, bununla bağlı üç ölkənin nümayəndələri danışıqlar aparırlar: “Bizim İranla energetika sahəsində uğurlu əməkdaşlığımız var. İkitərəfli əməkdaşlıq formatından üçtərəfli formata keçirik”.
Ş.Mustafayev əlavə edib ki, Azərbaycan və İran Xəzər dənizində neft və qaz hasilatı sahəsində də əməkdaşlıq etmək niyyətindədirlər.
Çox maraqlıdır ki, bu məlumatın ardınca İranda nəşr olunan “Tehran Times” qəzetində belə bir məlumat yayıldı ki, İran, Rusiya, Ermənistan və Gürcüstan arasında elektrik enerji şəbəkələrinin “Şimal-Cənub” dəhlizi adlı layihəsi 2019-cu ildə istifadəyə veriləcək. Layihə ölkələrin enerji şəbəkələrinin birləşdirilməsini nəzərdə tutur.
Qeyd edilib ki, “Ermənistanın Avrasiyadakı mühüm mövqeyini” nəzərə alan İran iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən üçüncü elektrik xəttinin çəkilişi, üç və dördtərəfli Şimal-Cənub elektrik xətti koridorunun yaradılmasına dair razılıq, avtomobil və dəmir yolu dəhlizləri sahəsində əməkdaşlıq, Ermənistana ixrac olunan təbii qazın həcminin artırılması və s. sahələrdə səylər göstərib.
Azərbaycanın İranla birgə həyata keçirmək istədiyi enerji layihəsi ilə İranın Ermənistan üzərindən həyata keçirmək istədiyi layihəni bir-birinə alternativ saymaq olarmı?
Ekspert Günel Fərhadqızının sözlərinə görə, İranın bu cür davranışları adamda doğrudan da təəccüb doğurur: “Ermənistanı başa düşmək olar. Onlar yürütdükləri işğalçı siyasət ucbatından regionu əhatə edən bütün qlobal layihələrdən kənarda qalıblar. Faktiki olaraq blokada şəraitində yaşayan Ermənistan bu vəziyyətdən çıxış yollarını axtarır. Təəssüflər olsun ki, İran daim bu istiqamətdə işğalçı ölkəyə kömək etməyə cəhd edir. Bundan bir müddət əvvəl Ermənistan Gürcüstan ərazisindəki separatçı qurumların ərazisindən istifadə etməklə, Rusiya ilə arasındakı dəmir yolu xəttini bərpa etmək istəyirdi. Hətta bu istiqamətdə Gürcüstan rəhbərliyindən icazə də alınmışdı. Lakin Gürcüstan ictimaiyyətinin kəskin etirazından sonra həmin layihənin reallaşdırılması dayandırıldı. Sonra İran birmənalı şəkildə Ermənistanla aralarında razılaşmanın olduğu birgə dəmir yolu xəttinin çəkilişi layihəsini də arxivə göndərdi. Səbəbini də layihənin rentabelli olmaması və Ermənistanın maliyyə imkanlarının məhdudluğu ilə izah etdilər. İndi də ortaya energetika sahəsində əməkdaşlıq niyyəti çıxıb. Təbii ki, bu məsələdə ilhamverici rolu İran oynayır. Reallıq onu göstərir ki, İranla Ermənistan arasında iqtisadi əməkdaşlıq Tehran üçün əlverişli heç nə vəd etmir. Çünki bu layihələrin əsas maliyyə mənbəyi rolunda müflis Ermənistan deyil, məhz İran çıxış edir.
Hər dəfə Ermənistana nəfəslik təqdim edən cənub qonşumuz yenə də öz yolunu davam etdirir. Lakin əminiklə demək olar ki, İran bu layihədən iqtisadi fayda götürməyi yox, Ermənistana havadarlıq etmək marağını güdür. Ancaq biz şahidi olmuşuq ki, İranla Ermənistan arasında hansı layihələrin anonsu verilibsə, o reallaşmayıb, yalnız kağız üzərində qalıb. Hələlik həmin layihəni Azərbaycanın iştirakı olana alternativ saymaq olmaz. Çünki reallaşacağı şübhə altındadır. Hər iki layihə ərsəyə gələcəksə, onda təbii ki, alternativi saymaq olar. Amma İran bu məsələdə layihələrdən birini seçəcək ki, təkrarçılığa yol verməsin”.
Məhəmmədəli QƏRİBLİ