Qərbin sanksiyaları artırmasına baxmayaraq Rusiyanın Ukraynada fəaliyyətini artırması ABŞ-ı ciddi narahat edir.Ağ Ev Rusiyanı Ukraynada həddindən artıq dərəcədə təhlükəli və provokatif şəkildə sabitliyi pozmağa yönəlmiş fəaliyyətlərini artırmaqda günahlandırır. Ancaq Vaşinqton Rusiya hərbi texnikasının Ukrayna sərhədini keçməsi barədə xəbərləri hələlik təsdiqləmir.
Dünən 23 zirehli Rusiya hərbi texnikasının sərhədi keçərək Ukrayna ərazisinə daxil olması barədə xəbərlər yayılıb. Ukrayna Terrorla Mübarizə Mərkəzindən verilən məlumata görə, Rusiyaya aid tank və hərbi texnika Donetsk bölgəsindəki separatçıların nəzarətində olan İzvarino sərhəd-keçid məntəqəsindən ölkə ərazisinə girib.
Rusiya hökumətinin bu faktı təkzib etməsinə baxmayaraq, Ukrayna israrla rus hərbi karvanının Rostovdan ölkə ərazisinə girdiyini bildirir. Rusiya müdafiə nazirinin nümayəndəsi general-mayor İqor Konaşenkov deyib ki Rusiya-Ukrayna sərhədini gündüz və ya gecə keçən heç bir Rusiya hərbi karvanı mövcud deyil.
Ukrayna prezidenti Petro Poroşenko isə sərhəddi keçən Rusiya hərbi karvanının bir hissəsinin məhv edildiyini deyir. Onun sözlərinə görə,zirehli texnikalar artileriya atəşi ilə vurulub.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Kaitlin Hayden bildirir ki, sərhədi keçən Rusiyaya aid hərbi karvanın çoxu qisiminin Ukrayna ordusu tərəfindən məhv edilməsi barədə xəbərlərlə əlaqədar daha çox məlumat toplamağa çalışırlar. Ancaq o hələlik bu xəbərləri təsdiq edə biləcək dəlillərə sahib olmadıqlarını ifadə edib.
"Rusiyanın, Ukrayna hökumətinin icazəsi olmadan, hər hansı bir bəhanə ilə Ukraynanın ərazisinə heç bir texnika, şəxs və ya yük göndərməyə haqqı yoxdur" – deyə Hayden bildirib.
Hayden, son həftələrdə Rusiyanın Ukraynada vəziyyəti daha da gərginləşdirmək istiqamətində fəaliyyətini artırmasının həddindən artıq dərəcədə təhlükəli və provokatif olduğunu vurğulayaraq, Rusiyanın Ukrayna torpaqlarına tez-tez top və raket atdığını, Ukrayna mövqelərinə atəş açmaq üçün separatçılara raketlər verdiyini bildirib.
Şoyqu zəmanət verdi
Digər tərəfdən, ABŞ müdafiə naziri Çak Hagel, Ukraynadakı gərginliklə əlaqədar Rusiya müdafiə naziri Sergey Şoyqu ilə telefonla danışıb. Pentaqon rəhbəri rus həmkarından Rusiya humanitar yardım karvanı ilə bağlı izahat tələb edib. Rusiyanın müdafiə naziri amerikalı həmkarını əmin edib ki, Ukraynaya göndərilən yardım karvanında hərbçilər hərəkət etmir.
Moskva rusiyapərəst üsyançılara dəstək verdiyi barədə ittihamları daima rədd edib.
Rusiyanın məlumatına görə, 280 maşından ibarət karvanla Şərqi Ukrayna bölgəsinə ərzaq, su və humanitar təyinatlı ləvazimat aparılır.
Pentaqonun görüş barədə yaydığı məlumatda deyilir ki, Şoyqu Ukrayna şərtlərinə əməl edildiyini deyib: "Nazir Şoyqu Hagelə zəmanət verib ki, humanitar karvanda Ukraynaya əlavə müdaxilə üçün bəhanə kimi istifadə ediləcək hərbi heyət yoxdur”.
Qərb rəsmiləri Rusiyanın dörd aydır hökumət qüvvələri ilə üsyançılar arasında qarşıdurmaların yaşandığı bölgəyə zirehli texnika göndərməsinin bu ölkənin qarşıdurmalarda rolunu açıqca ortaya qoyduğunu deyirlər və Ukraynaya müdaxilənin daha açıq formada arta biləcəyindən narahatlırlar.