Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası İraq və Suriyada güclənən «İraq Şam İslam Dövləti» (IŞİD) terror təşkilatı ilə bağlı məsələni müzakirəyə çıxarıb.
Bununla bağlı İngiltərə tərəfindən hazırlanan layihədə IŞİD və «Nusra Cəbhəsi» kimi İraq və Suriyada təsirli gücə məlik silahlı qruplara maliyyə dəstəyinin kəsilməsi, silahlıların bölgəyə axınının qarşısının alınması, bu qrupların səbəb olduğu bütün şiddət və terror hərəkətlərinə son qoyulması planlaşdırılır. BMT-nin terror təşkilatları siyahısında olan «Əl-Qaidə» ilə yanaşı IŞİD və «Nusra Cəbhəsi»nin maliyyə qaynaqlarını və silahlıların daha da güclənməsinin qarşısının alınmasını hədəfləyən layihədə, iki təşkilatla da əlaqələri olduğu bildirilən 6 nəfər barədə də sanksiya qərarı çıxarılıb.
Beynəlxalq səyahət, hesabların dondurulması və silah embarqosu kimi sanksiyaların tətbiq edildiyi 6 nəfər arasında IŞİD sözçüsü Əbu Məhəmməd Adnani də var.