ABŞ prezidenti Barak Obamanın «vurun» əmrindən sonra hərəkətə keçən Amerika ordusu İraqın şimalında Sincarın ardından Mahmuru da ələ keçirən və Ərbilə yaxınlaşan «İraq Şam İslam Dövləti» (İŞİD) terrorçularının mövqelərini axşam saatlarında yenidən bombalayıb.
Baki-xeber.com xəbər verir ki, Bəsrə Körfəzindən qalxan ABŞ döyüş təyyarələri Ərbildəki IŞİD mövqelərini ikinci dəfə bombalayıb. Pilotsuz təyyarədən də istifadə olunan hücumlarda terrorçulara aid daha bir hədəf məhv edilib.
ABŞ ordusu bundan bir neçə saat əvvəl əməliyyatlara başlayıb. Birinci əməliyyatda iki qırıcı təyyarə ilə İŞİD-in Ərbili hədəf alan artileriyası da daxil olmaqla 7 hədəfi bombalanmışdı. ABŞ-a aid lazerlə idarə olunan iki «F/A-18» döyüş təyyarəsi Ərbil yaxınlarında IŞİD mövqelərini 225 kiloqram ağırlığında bomba ilə vurmuşdu.
Amerikan döyüş təyyarələri ilk bombardmanın ardından IŞİD hədəflərini axşam saatlarında ikinci dəfə bombalayıb. Əməliyyatda biri pilotsuz təyyarə olmaqla iki təyyarədən istifadə olunub və 7 hərbi texnikadan ibarət İŞİD konvoyu bombalanıb.