Ukraynada yaranmış böhrana görə, NATO Rusiya ilə bütün əlaqələrini təxirə saldığını açıqlayıb. Baki-xeber.com bildirir ki, alyansın Rusiya ilə həm siyasi, həm də hərbi əlaqələrini tamamilə təxirə saldığına dair açıqlamanı, Ukraynanın paytaxtı Kiyevə səfər edən NATO baş katibi Anders Foq Rasmussen verib.
Ukrayna parlamentinin (Rada) sədri Aleksandr Turçinovla görüşündən sonra ittifaqın qərarını açıqlayan Rasmussen, "Rusiyanın Avropanın təhlükəsizliyini təhdid edən davranışları üzündən aramızdakı bütün əlaqələri təxirə salmaq qərarı verdik. Bununla yanaşı NATO üzvü olan ölkələrin təhlükəsizliyini artırmaq üçün lazım olan tədbirlər də görüləcək. Ittifaqa üzv olmayan Ukrayna ilə əlaqələrimizi də artıracağıq" – deyə bildirb.
Rusiyanın Ukrayna sərhəd xəttindəki silahlı qüvvələrinin sayını artırmağa davam etdiyini deyən NATO baş katibinin müavini Aleksandr Verşbov isə bildirib ki, Rusiya Ukrayna sərhədinə 20 min əsgər toplayıb. Rusiyanın beynəlxalq hüququ pozduğunu və Ukrayna sərhədini da pozaraq terrorçulara dəstək verdiyini deyən Verşbov, bugünkü vəziyyətin NATO-nun varlığının nə qədər əhəmiyyətli olduğuna diqqət çəkib.
NATO sözçüsü Oana Lungesku isə Rusiyanın niyyətinin müəyyən olmadığını, lakin etdiklərinin narahatlığa səbəb olduğunu bildirib.