ABŞ prezidenti Barak Obama İraqda «İraq Şam İslam Dövləti» (İŞİD) terrorçularının Amerikanın maraqlarına təhlükə törədəcəyi halda onlara qarşı məhdud sayda hava zərbələr endirmək barədə göstəriş verib. Bununla belə o, yerüstü əməliyyatlar keçirmək məsələsini istisna edib.
Cənab Obama ABŞ-ın İraqda etnik azlıqlara qarşı "soyqırıma" icazə verməyəcəyini vurğulayıb.
O deyib ki, əgər islamçılar İraqda işləyən amerikalılara və minlərlə yerli sakini təhdid edəcəksə, ABŞ hərəkətə keçəcək. Obama IŞİD döyüşçülərinin Ərbildə mühasirəsini dayandırmaq ya da yerli qüvvələrin yezidilərə köməkçi olmasına şərait yaratmaq üçün ehtiyac yaranarsa hava hücumu edilməsini əmr etdiyini bildirib.
Obamanın açıqlamaları Ağ Evdə IŞİD-in İraqda kürd bölgəsinə doğru sürətlə irəliləyən böhrandan narahatlığını ortaya qoyur. Rəsmilər hələlik heç bir hava hücumunun edilmədiyini bildirirlər. Ancaq cənab Obamanın qərarından bir neçə saat əvvəl ABŞ qırıcılarının İŞİD-ə hava zərbələri endirməsi barədə xəbərlər yayılıb. Belə ki «New York Times» yazeti bölgədəki kürd rəsmilərə istinadən Amerika hərbi qüvvələrinin Şimali İraqda IŞİD silahlılarının ən az iki hədəfini bombaladığını bildirib. Ancaq bu iddia hələlik təsdiqlənmir.
ABŞ İraqda hava hücum məsələsini bundan əvvəl də dəyərləndirmiş, ancaq IŞİD silahlılarının fəallığının nisbətən zəifləməsi və Bağdad üçün təhdidin azalmasından sonra ABŞ geri addım atmışdı. Ancaq IŞİD son günlərdə bu dəfə kürdlərin nəzarətində olan torpaqlarda yenidən irəliləməyə başlayıb. Radikal islamçı təşkilat İraqda böyük bir ərazini, eləcə də ölkənin ən böyük su anbarı olan Mosul Anbarını ələ keçirib.
Ötən bazar günü IŞİD kürtçe danışan yezidi əhalisinin sıxlıq təşkil etdiyi Sincarı ələ keçirmişdi. Təxminən 40 min yezidi özlərini qorumaq üçün dağlara qaçıb. Yezidlərin qaçdığı bütün yollara hazırda IŞİD nəzarət edir.
Eyni zamanda on minlərlə İraq xirstianları IŞİD-in ölkənin şimalındakı Xristian bölgəsinə hücumunun ardından evlərindən qaçmaq məcburiyyətində qalıb. Hazırda radikal islamçılar kürd bölgəsinə yaxınlaşır. IŞİD-in həm Xristian bölgəsinə doğru irəliləməsi və həm də yezidi böhranı Nineve əyalətində yaşanır.
ABŞ rəsmiləri kömək üçün rəsmi humanitar və hərbi yardım müraciəti aldıqlarının bildirirlər, ancaq bunun kürd regional liderlərindən, yoxsa İraqdakı mərkəzi hökumətdən alındığı açıqlanmır. İraqa hərbi məsləhətçi göndərilməsinin bir hissəsi kimi ABŞ, həm Bağdadda həm də kürd bölgəsinin paytaxtı olan Ərbildə koordinasiya mərkəzləri qurub.
Son bir neçə gündə ABŞ-da bir hissəsi "İslam Dövləti" qruplaşmasının döyüşçülərinin nəzarəti altına keçən İraqa yardım etməyin üsulları müzakirə olunub. ABŞ İraqın mülki əhalisinə humanitar yardım da göstərmək niyyətindədir. Obamanın sözlərinə görə, islamçılara qarşı məhdud hava zərbələri humanitar yüklərin çatdırılması ilə müşayiət olunacaq.