Aqşin Əliyev: “Bir növ, həmsədrlərin regiona etdiyi nəticəsiz səfərlərə bənzəyir”
Moskva Qarabağla bağlı daha bir görüşə evsahibliyi edib. Belə ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə ilə bütün ermənilərin katalikosu II Qaregin arasında görüş keçirilib. Görüşün təşəbbüskarı isə bütün Rusiyanın və Moskvanın patriarxı Kirildir.
Görüşdən əvvəl patriarx Kirilin mətbuat xidməti bəyanatla çıxış edib: “Bu görüş planlaşdırılmış xarakter daşıyır və son bir neçə ilin mövzusudur. Erməni katolikosu və Azərbaycan şeyxülislamı arasında belə görüşlər hələ Patriarx II Alekseyin vaxtından keçirilir. Patriarx Kiril bu sülhməramlı kursu davam etdirir. Bu formatda sonuncu görüş 2011-ci ildə olub. Əvvəllər olduğu kimi, bu görüş də sülhməramlı xarakter daşıyacaq və Cənubi Qafqazda sülhün tezliklə bərpa edilməsinə yönəldilib”.
Əslində, son illərin müşahidələri, Ermənistanın davranışları onu deyir ki, Kirilin təmsilçisinin nikbinliyi üçün elə də ciddi əsas yoxdur. Çünki indiyədək dini liderlərin görüşləri Qarabağla bağlı hər hansı müsbət dönüşə gətirib çıxarmayıb. Xüsusilə də Ermənistan siyasi rəhbərliyinin qeyri-konstruktivlik nümayiş etdirdiyi bir zamanda belə görüşlərə ümid bağlamaq gülünc görünür.
Qarabağla bağlı danışıqların aktiv fazaya girəcəyilə bağlı ümidlərin artdığı bir zamanda Ermənistan prezidenti işğal etdiyi ərazilərdəki infrastruktur layihələrinin açılışında iştirak edir. Həmin ölkənin parlament sədri isə bəyan edir ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Belə olan təqdirdə, dini liderlərin görüşünün prosesə hansısa töhfə verə biləcəyinə inanmağa dəyərmi?
Ekspert Aqşin Əliyev qəzetimizə bildirdi ki, dini liderlərin görüşündən heç bir nəticə gözləməyə dəyməz: “Bu formal xarakter daşıyan bir görüşdür. Bir növ, həmsədrlərin regiona etdiyi nəticəsiz səfərlərə bənzəyir. Düzdür, dünyada müəyyən konfliktlərin həllində nüfuzlu dini liderlərin səyindən istifadə edirlər. Münaqişə tərəfi olan bu ölkələrin də dini liderləri arasında çoxlu sayda görüş olub. Hansısa nəticəni görmüşükmü? Xeyr. Əksinə, biz bəzi məsələlərlə bağlı erməni dini liderindən daşıdığı missiyaya uyğun olmayan açıqlamalar eşitmişik. Biz bir dəfə də olsun erməni dini liderindən ermənilərin törətdiyi vəhşiliyi pisləyən bəyanat eşitmədik. Beş yaşlı Zəhranın öldürülməsi xəbəri belə onu sarsıtmadısa, onda hansı dindən-imandan danışmaq olar? Xüsusilə də erməni siyasətçilərinin, dövlət rəhbərlərinin aqressiv əhval-ruhiyyədə olduğu dönəmdə, belə görüşdən hansısa nəticə gözləməyə dəyməz. Ən yaxşı bir sınaq, həm də test həmin görüşdə girov saxlanılan Dilqəm və Şahbaz adlı vətəndaşlarımızın azad edilməsi məsələsinin ortaya atılması olardı. Allahşükür Paşazadə bu məsələni qaldırmaqla rus və erməni dini liderlərinin nə dərəcədə mənəvi keyfiyyətlərə önəm verdiyini yoxlaya bilər. Həmin görüşdə girovların buraxılması ilə bağlı razılıq əldə edilsə, inanın ki, bu böyük uğur olar. Hərçənd ki, bu da inandırıcı görünmür. Başqa mürəkkəb siyasi məsələlərlə bağlı isə Qaregin nəsə etməyə qadir deyil”.
Məhəmmədəli QƏRİBLİ