Ermənistanda bu gün özünü qabarıq şəkildə göstərən problemlərdən biri də insan hüquqlarının kobud şəkildə pozulması, hakimiyyət rəsmilərinin bu xüsusda özbaşınalıqlarının cəmiyyətdə ciddi etirazla qarşılanmasıdır. Artıq bu vəziyyət ölkədə kəskin narazılıqlar yaratmaqda, iqtidara qarşı sosial etirazları gücləndirməkdədir.
Belə gedişlə ölkəni yeni etiraz aksiyalarının bürüməsi də qaçılmaz sayılır. İndi iş o yerə çatıb ki, Ermənistanda hüquq müdafiəçiləri də hökumətdən narazıdır. Hakimiyyətə etiraz olaraq aclıq aksiyası keçirməyə hazırlaşan vəkillərin sayı isə artıq 170-ə çatıb. Bunlar həm də “Sasna Tsrer” silahlı qruplaşması ilə bağlıdır.
Qeyd edək ki, ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəməsi ətrafında qalmaqal getdikcə artır. “Sasna Tsrer” qrupunun vəkilləri məhkəmə zalına polisin müşayiəti ilə yoxlandıqdan sonra buraxılır. Bu da hüquq müdafiəçilərinin narazılığına səbəb olub. Onlar bunun məhkəmə haqqında qanunlara zidd olduğunu deyir. Vəkil İnessa Petrosyan bildirir ki, Ermənistan ali məhkəməsində oturanlar səriştəsizdirlər. Prosesdən əvvəl hüquq müdafiəçilərinin üzərində yoxlama aparılması düzgün deyil. Vəkilin şikayətinə baxmayaraq, digər həmkarların da üzərində yoxlama aparıldığını görəndən sonra hüquq müdafiəçiləri aclıq aksiyası keçirməyə qərar veriblər. Qısa müddətdə bu çağırışa 170-ə yaxın vəkil qoşulub.
Hakimiyyətə etiraz olaraq aclıq aksiyası keçirməyə hazırlaşan vəkillər deyir ki, Ermənistanda ədalətsizlik baş alıb gedir. Sadə vətəndaşlarla yanaşı, artıq vəkillərin də hüquqları pozulur. Nəticədə onlar əksər hallarda hüquqlarını müdafiə etdikləri insanların məhkəmə prosesində iştirak edə bilmir. Ötən ilin iyulunda İrəvanda baş verən silahlı qiyamla bağlı həbs olunan 18 nəfərin məhkəmə prosesi yenə təxirə salınıb. Hüquq müdafiəçiləri qeyd edirlər ki, Ermənistan prokurorluğu hər vəchlə bu insanların işini ağırlaşdırmağa çalışır. Ona görə məhkəmə prosesi müxtəlif bəhanələrlə uzadılır. Burada bir məsələni də qeyd edək ki, Ermənistan Avropa İnsan Hüquqları Məhkəməsinə göndərilən şikayətlərin sayına görə birinci yerdədir. Son araşdırmalar göstərir ki, Ermənistan Avropa Şurasına üzv olan dövlətlər arasında bu qurumun insan hüquqları məhkəməsinə ən çox müraciət edilən ölkədir. Bu hesabat əhalinin hər 100 min nəfərinə düşən şikayətlərin sayına görə aparılıb. Erməni ekspertlər özləri də bildirir ki, bu durum sosial narazılığı artıran daha bir önəmli faktordur. “Sasna Tsrer” qruplaşmasının ətrafında baş verənlər isə hər an yeni kütləvi etiraz aksiyaların açevrilə bilər. Çünki bu qruplaşmaya erməni cəmiyyətində böyük dəstək var.
Xatırladaq ki, “Sasna Tsrer” qruplaşmasının silahlı üsyan başladaraq İrəvanda polis alayının binasını ələ keçirməsi ötən ilin aprelində Qarabağda gedən döyüşlərin Ermənistanda yaratdığı siyasi təlatümlərin nəticəsi idi. Qarabağ müharibəsi veteranlarından ibarət olan “Sasna Tsrer” qruplaşmasının başlatdığı üsyan həftələrlə davam etdi və bir neçə nəfərin həlak olması, çoxsaylı həbslərlə nəticələndi. Erməni cəmiyyəti hələ də qruplaşma üzvlərinin azadlığa buraxılmasını tələb edir. Erməni fəal Narine Kazaryan qeyd edir ki, burada cinayət məsuliyyətinə cəlb olunan şəxslər polis əməkdaşları olmalıdır. Bundan başqa, bir müddət əvvəl “Sasna Tsrer” qruplaşmasının işi üzrə məhkəmədə qalmaqallı çağırış da səslənib. Qrupun üzvü Varujan Avetisyan silahlı üsyana çağırıb. Varujan Avetisyanın silahlı üsyana çağırışını Ermənistanda dəstəkləyənlər az deyil. Belə bir vaxtda erməni tələbələr tərəfindən “Facebook” sosial şəbəkəsində “Ölkəmizin sahibi bizik” devizi ilə “dərs və iş tətili” adlı aksiyaya start verilib. Burada, digər sahələrdə olduğu kimi, orta məktəblərdə və ali təhsil müəssisələrində tətillərə başlamaq təklif olunur. Bildirilir ki, Ermənistanda tələbələrin genişmiqyaslı aksiyası mütəşəkkil hal alacaq. Etirazçı tələbələr meydanda aksiyanı sistemləşdirmək üçün hər fakültədən bir qrup təşkil edəcəklər. Təşəbbüs qrupu etirazçıları axşam saatlarında “Azadlıq” meydanına toplaşmağa, hakim rejimin cinayətlərinə qarşı çıxış etməyə çağırıb. Elə “Sasna Tsrer”in də əsas hissəsini gənclər, tələbələr, məktəblilər və iş adamları təşkil edir. Bu durumda sosial-iqtisadi baxımdan gərgin vəziyyətdə olan Ermənistanın hakim rejiminə məktəbli və tələbələrin də qarşı çıxması hərəkatın getdikcə güclənəcəyini göstərir. Belə vəziyyət isə, ekspertlərin fikrincə, iqtidara qarşı etiraz aksiyalarının daha kütləvi hal alması ilə nəticələnəcək, eyni zamanda yeni daxili qarşıdurmalara start verəcək. Çünki belə aksiyaları iqtidar yenə güc yolu ilə dağıtmağa hazırlaşır. Cəmiyyət isə, b tip zorakı metodlara rəğmən, etiraz aksiyaları vasitəsilə hakimiyyətin dəyişməsinə xüsusi maraq göstərir.
Tahir TAĞIYEV