Rusiya və NATO arasında münasibətlərin gedərək daha gərgin xarakter alması bu gün tərəflərin öz aralarında da ciddi təşvişlə qarşılanır. Çünki bu iki böyük hərbi gücün toqquşması dünya miqyasında ciddi fəsadlara gətirib çıxarmaq iqtidarındadır. Bununla belə, NATO-nun Şərqi Avropada, Qafqazda və digər məkanlarda davamlı olaraq keçirdiyi hərbi təlimlər, eləcə də Rusiyanın adekvat addımları vəziyyəti gedərək pisləşdirirdi.
Belə bir vaxtda Rusiya və Belarusun “Qərb-2017” təlimlərinin NATO-da ciddi narahatlıq yaratdığı üzə çıxıb. Xatırladaq ki, bir neçə gündən sonra “Qərb-2017” adlı Rusiya-Belarus hərbi təlimləri başlayacaq. Bununla bağlı Belarusa Rusiyadan rekord sayda, yəni 4000-dən çox vaqonla hərbi texnika gətirilib. Bəzi şərhçilərin fikrincə, təlimlərdən sonra Rusiya ordusu Belarusda qalacaq.
“Qərb-2017” təlimlərində, rəsmi məlumatlara görə, 13 min hərbi qulluqçu iştirak edəcək. Bu təlimlərlə paralel olaraq Rusiyanın “Qərb” təlimləri keçiriləcək. Burada iştirak edəcək hərbçilərin sayı daha çoxdur. Bundan başqa, təlimlərə ehtiyatda olan hərbi vəzifəli sakinlərin çağırışı başlanıb. Eyni proses Belarusda da gedir. Almaniyanın “Frankfurter Allgemeine Zeitung” nəşri qeyd edir ki, Rusiya NATO-nun bütün ölkələrindən üç dəfə daha çox təlim keçirir. Ukrayna Silahlı Qüvvələrinin baş qərargah rəhbəri, ordu generalı Viktor Mujenko əmindir ki, təlimlər Rusiya qoşunlarının hücum hərəkətlərinin hazırlığına yönəldilib: “Təlimlərə hazırlığın real miqyası göstərir ki, həqiqi hədəf rəsmən elan edilmiş çərçivədən kənara çıxır”. O həmçinin qeyd edib ki, təlimlərdə iştirak edəcək hərbçilərin ümumi sayı 230-240 minə çatır. Mujenkonun sözlərinə görə, strateji təlimlər və onlara cəlb edilən qoşunların tərkibi Moskvaya həm cənub-qərb, həm də qərbdəki hücum qoşunlarından istifadə üçün ilkin şərtlər yaratmağa imkan verir.
Ukrayna prezidenti Pyotr Poroşenko isə bildirir ki, Belarus-Rusiya “Qərb-2017” birgə hərbi təlimləri Moskva tərəfindən genişmiqyaslı müharibəyə hazırlıqdır: “Təlimlərin kontinental miqyaslı hücum müharibəsinə hazırlıq olduğuna dair sübutlar çoxdur”. Onun sözlərinə görə, “Qərb-2017” strateji təlimlərilə əlaqədar olaraq Ukrayna dövlət sərhədinin bütün bölmələrində nəzarət gücləndirilib: “Strateji komanda-ştab təlimləri bəhanəsilə Ukraynanın ərazisinə müdaxilə üçün Rusiya qoşunlarının yeni zərbə qruplaşmalarının yaradılması istisna edilmir. Təəssüf ki, təlimlərin tamamlanmasından sonra Rusiya qoşunlarının qayıdacağına dair heç bir zəmanət yoxdur”.
Qeyd edək ki, Qərb nəşrləri “Qərb-2017” hərbi təlimləri ilə əlaqədar NATO, ABŞ və Rusiyanın hərbi gücünün döyüş və operativ imkanlarını müqayisə etməyə başlayıb. Qərb generaliteti arasında artan narahatlıq bundan ibarətdir ki, Qərb sərhədlərində Rusiyanın hərbi gücü təlimlərdən sonra da saxlanacaq. Vaşinqtonda yerləşən Atlantik Şuranın xarici siyasət məsələləri üzrə eksperti Stiven Blank qeyd edib ki, “Qərb 2017” təlimləri və Rusiyanın digər hərbi planları Ukrayna, Belarus və hətta Qafqaza yeni müdaxilə barədə qorxuları artırır. Qərbli analitiklərə görə, “Qərb-2017” təlimlərində Rusiyanın məqsədi NATO-ya güc nümayişi ilə yanaşı, Belarusun da onun təsir dairəsində olduğunu nümayiş etdirməkdir. Litvanın müdafiə naziri Raymundas Karoblis isə bildirir ki, Rusiya prezidenti Vladimir Putin “NATO-nu yoxlamağa” hazırlaşır. Litva ehtiyat edir ki, təlimlər başa çatdıqdan sonra Rusiya əsgərləri Avropa İttifaqının sərhədlərində qala bilər. Belə vəziyyətdə NATO-nun bölgəyə əlavə hərbi qüvvələr cəmləşdirmək niyyəti vəziyyəti daha da ağırlaşdırır. Amma görünən odur ki, yaranan təhlükənin ciddiliyi Rusiya və NATO-nun özü tərəfindən də nəzərə alınır. Elə bu səbəbdən tərəflər gərgin vəziyyətə son qoymaq üçün danışıqlara getməyə qərər verib və artıq Bakıda bu xüsusda müvafiq görüş də baş tutdu. Səslənən fikirlərdən bəlli olur ki, görüş müsbət nəticələnib. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO Hərbi Komitəsinin sədri Pyotr Pavel arasında Bakıda baş tutan görüş NATO ilə Rusiyanın hərbi əlaqələri saxlamasının hər iki tərəfin marağına uyğun olduğunu göstərdi. Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Bakı görüşündə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Rusiyanın Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini “Qərb-2017” strateji təlimləri barədə məlumatlandırıb. Təlimin planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini NATO generalının diqqətinə çatdırıb. Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib. NATO nümayəndəsi isə görüşlə bağlı TASS agentliyinə bildirib ki, Valeri Qerasimov və Pyotr Pavelin Bakıdakı görüşü Rusiyanın Şimali Atlantika alyansı ilə hərbi əlaqələrinin saxlamasında qarşılıqlı marağın olduğunu göstərib: "Bu şəxsi görüş NATO-nun şəffaflıq və Rusiyanın ali rəhbərliyi ilə siyasi səviyyədə davam edən dialoq siyasətinə uyğun olaraq hərbi kommunikasiya xətlərini saxlamağa qarşılıqlı marağı aydın nümayiş etdirdi". Qeyd olunub ki, tərəflər hərbi kommunikasiya xətlərinin istifadəsini davam etdirmək barədə razılığa gəlib. General Gerasimov isə hələ görüşdən öncə bildirmişdi: "Bu danışıqlar risqlərin qarşısının alınması, qarşılıqlı etimadın möhkəmlənməsi işinə xidmət edir. Biz qlobal miqyasda ümumi gərginliyin azaldılmasında maraqlıyıq və Bakıda artıq ikinci dəfədir ki, bu mühüm danışıqların keçirilməsindən məmnunluq hissi duyuruq". Beləliklə, səslənən məlumatlardan aydın görünür ki, Bakı görüşü Rusiya və NATO arasında gərginliyin aradan qalxmasında mühüm rol oynayacaq.
Nahid SALAYEV