Rəsul Cahangirli: “Azərbaycan çox uğurla neft-qaz strategiyasını həyata keçirir”
Təbii qaz da daxil olmaqla, Avropa ölkələri Azərbaycandan digər növ enerji resurslarının idxalında bu gün maraqlı tərəf kimi çıxış etdiyini açıq bəyan edir. Qeyd edilən xüsusda bu günə kimi Azərbaycanla Avropa arasında hər iki tərəf üçün əlverişli olan əməkdaşlıq formatı da yaradılıb.
Amma görünən odur ki, alternativ mənbələrdən enerji alınmasında maraqlı olan Avropa Azərbaycanla əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir.Avropa üçün enerji sahəsində Azərbaycanla əməkdaşlıq prioritetdir. Bu minvalla, Avropa çalışır ki enerji daşıyıcıları ilə bağlı bir mənbədən asılılığı azaltsın.
Digər tərəfdən, Avropa Azərbaycan vasitəsilə digər ölkələrdən - İrandan, Mərkəzi Asiyadan, hətta İsraildən qaz alışında maraqlı tərəfdir. TANAP və TAP layihələri işə düşdükdən sonra bu istiqamətdə daha konkret addımlar atılması gözlənir. Məsələ ondadır ki, 2017-ci ilin sonunadək Türkiyə və İsrail Avropaya qaz nəqlini nəzərdə tutan boru kəmərinin tikintisinə dair hökumətlərarası sazişi imzalamağı planlaşdırır. Qəbul olunan qərara əsasən, Aralıq dənizində yerləşən "Leviafan" qaz yatağından Türkiyə sahillərinədək, oradan isə TANAP kəmərinədək borunun tikintisi aparılacaq. Bu hal TANAP və TAP-ın daxil olduğu "Cənub Qaz Dəhlizi"nin Avropa üçün əhəmiyyətini daha da artıracaq.
Bu, Azərbaycanın uğurlu qaz strategiyasının nəticəsidir ki, İsrail də sözügedən kəmərin imkanlarından faydalanaraq qaz resurslarını dünya bazarına çıxarmaq istəyir.
Maraqlıdır, bəs ekspertlər buna necə yanaşır?
Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Azərbaycan çox uğurla neft-qaz strategiyasını həyata keçirir: “Bunu tam məsuliyyətlə demək olar. Çünki 1994-cü ilin ən ağır dönəmlərində atəşkəslə bağlı razılıq əldə olundu. Bundan düz 4 ay sonra xarici neft şirkətləri ilə “Əsrin kontraktı” sazişi imzalandı. Nəticədə Azərbaycana xarici sərmayə gəlməyə başladı. Neft hasilatına qoyulan sərmayə paralel olaraq iqtisadiyyatın digər bir neçə sahəsində də canlanma yaratdı. Yəni dolayı olaraq onların inkişafına təsir göstərdi. Ondan sonra ölkəyə gələn böyük neft pulları Azərbaycanın inkişafına ciddi təkan verdi. Bir neçə ildir dünya bazarında neftin ucuzlaşmasına rəğmən, Azərbaycan çox uğurla qaz strategiyasını həyata keçirir. TANAP-la bağlı işlərin uğurla getməsi, TAP layihəsi ilə bağlı işlərin 50 faizinin görülməsi buna əyani sübutdur. Heç şübhəsiz ki, İsrailin də öz qaz resurslarını TANAP vasitəsilə ixrac etmək niyyəti Azərbaycanın uğurudur. Çünki İsraildə böyük qaz ehtiyatları aşkar olunub və həmin resursların TANAP-la ixrac olunması kəmərin rentabelliyini daha da artıracaq. Bununla yanaşı, qarşıdakı dövrdə Türkmənistanın da bu layihəyə qoşulmasını sürətləndirə bilər. Müşahidələr göstərir ki, Türkmənistan get-gedə buna daha çox maraq göstərir”.
Vidadi ORDAHALLI