Məhəmməd Əsədullazadə: “ABŞ birbaşa Rusiya ilə danışıqlar masasına keçmədiyinə görə NATO bununla məşğuldur”
Məlum olduğu kimi, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri Petr Pavel arasında Bakıda görüş keçirilib. Görüşdə Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO Hərbi Komitəsinin rəhbərini keçiriləcək “Qərb-2017” strateji təlimlər barədə ətraflı məlumatlandıraraq, onların planlı və müdafiə xarakterli olduğunu, üçüncü ölkələrə yönəlmədiyini vurğulayıb.Valeri Gerasimov təlimlərin əsas məqsədinin Rusiya-Belarus müttəfiq dövlətlərin təhlükəsizliyinin təmin edilməsi olduğunu qeyd edib.
Görüşdə tərəflər təmasları davam etdirməyə qərar veriblər: "Valeri Gerasimov və Petr Pavel Avropa və Yaxın Şərqdə beynəlxalq təhlükəsizlik sahəsində vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Görüşün gedişində tərəflər kontaktların davam etdirilməsinə dair razılığa da gəliblər".
Yeri gəlmişkən qeyd edək ki, bu, NATO-nun Rusiya ilə münasibətləri 2014-cü ildə dondurması barədə qərarından sonra tərəflər arasında ilk görüşdür. Bu görüş generallar arasında bu il martın 3-də baş tutmuş telefon danışığının davamı olub. Yalnız bu il fevralın 16-da Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi V.Gerasimov və ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri Cozef Danfordun da görüşü Bakıda keçirilib.
Qeyd olunduğu kimi, Rusiya və NATO Baş Qərərgah rəislərinin görüşündən sonra hərbi kanallarla iki tərəf arasında təmasların davam etdirilməsi qərara alınıb. Nəzərə alsaq ki, 2014-cü ilin martında iki tərəf arasında danışıqlar dayandırılmışdı, o baxımdan bu razılaşmanın gələcəyi necə görsənir?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, hər iki tərəf geri çəkilməyəcək: “Bakıda Rusiya və NATO hərbi rəsmilərinin görüşündə iki tərəf arasında yaşanan mövcud problemlərin aradan qaldırılması üçün müvafiq danışıqlar aparılıb. Qeyd edim ki, hazırda iki tərəf potensial olaraq Şərqi Avropada üz-üzədir. Rusiyanın “Qərb-2017” hərbi təlimləri və NATO-nun Şərqi Avropada hərbi strukturlarını möhkəmləndirməsi regionda gərginliyi artırmaqla yanaşı, həm də müharibə şəraitini yaxınlaşdırır. Rusiya SQ Baş Qərargahının rəisi V.Gerasiomovun NATO hərbi komitəsinin rəhbəri ilə görüşdə Şərqi Avropada mövcud vəziyyət, Ukrayna və Alyansla Rusiya arasında danışıqların yenidən bərpası müzakirə olunub. Çox güman ki, danışıqların bərpasına dair razılaşma əldə olunacaq. Amma hər iki tərəf mövcud hərbi təlimlərdən və Şərqi Avropada apardıqları hərbi aqressiyadan geri çəkilməyəcək. Qeyd edim ki, NATO ABŞ-ın siyasi nəzarətində olan bir siyasi-hərbi təşkilatdır. Rusiya-ABŞ arasında davam edən soyuq münasibətlər fonunda NATO-Rusiya əlaqələrinin inkişafı sual altındadır. Şərqi Avropada Rusiyanın hərbi manevrləri, NATO-nun genişlənmə siyasəti ciddi təhdidlər yaradır. Rusiyanın hazırda NATO-nun Şərqə qarşı genişlənməsinin qarşısını almaq üçün öz hərbi hərəkətliliyini artırması gözlənir, mümkün konfrontasiya yaşanacağı qaçılmazdır. Hesab edirəm ki, tərəflər bundan sonra danışıqlar aparacaq. Suriyada Rusiyanın artan hərbi uğurları NATO-nun Rusiya ilə danışıqlar aparmasını şərtləndirir. Qeyd edim ki, ABŞ birbaşa Rusiya ilə danışıqlar masasına keçmədiyinə görə NATO bununla məşğuldur”.
Vidadi ORDAHALLI