Ermənistan müdafiə naziri Vigen Sarkisyan Çinə ilk rəsmi səfəri əsnasında, Rusiya ilə imzalanmış bir çox anlaşmaya baxmayaraq, İrəvanın Çin silahlarına maraq göstərdiyini deyib.
Rusiya hakimiyyətinin 2 il əvvəl Ermənistana 200 milyon dollar güzəştli kredit çərcivəsində silahlar verməsinə baxmayaraq, bu gün Ermənistanın Çin silahlarına maraq göstərməsi Rusiyada da təəccüblə qarşılanıb. Əcəba, rus silahları Ermənistana yetərsizmi gəldi?
Ekspertlərə görə, əslində Ermənistan Çin silahlarına maraq göstərmir, sadəcə Rusiyanın onlara onsuz da aşağı qiymətə satdığı silahları daha ucuz almaq uçun Moskvanı şantaj edir.
Moskva mərkəzli Siyasi və Hərbi Analitika İnstitutunun eksperti Aleksandr Xramçixin İrəvanın açıqlamaları və atdığı addımların Rusiyaya özünün tək müasir silah ixracatçısı olmadığını xatırlatmağa və nəzəri olaraq Ermənistana satış qiymətlərini bir az da aşağı salmağa yönəldiyini deyir: "Əlbəttə, Ermənistanın bu cür açıqlamaları Rusiyanı şantaj cəhdidir. Silah satışına gəldikdə, Ermənistan bunu həm ən yaxşı, həm daha çox, həm də ən aşağı qiymətə satmağımızı istəyir. Çindən silah alma ehtimalını istisna etmirəm, amma bu ehtimal çox aşağı səviyyədədir və ancaq təklif əlverişli olduğu halda bu gerçəkləşə bilər. Daha öncə İrəvan Çindən bir neçə silah almışdı və sözügedən alış-veriş elə bununla da məhdudlaşmışdı".
Rusiyalı ekspertin sözlərinə görə, Çin üçün bu cür ticarət yalnız Rusiyanın dominant olduğu bazarlara girə bildiyini göstərmək məqsədilə diqqətçəkən ola bilər. Ancaq buna daŞ çətin ki, Rusiya imkan versin.
Texnologiyalar və Strategiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makiyenkonun fikrincə isə, erməni tərəfinin təklifi onun ödəmə qabiliyyətinin məhdud olmasına görə Çinin marağını çəkməyəcək: "Ermənistanın istədiyi yerdən silah almağa haqqı var. Lakin reallıq budur ki, çinlilər pul saymağı yaxşı bilən praqmatik insanlardır və bu səbəblə maksimum dərəcədə qazanclı silah satışı razılaşmalarına maraq göstərirlər. Bu, həm maliyyə, həm də resurslara maraq ola bilər. Məsələn Afrika, resursları ilə onların maraqlarını çəkir. Ancaq Ermənistanın əlində bunların heç biri yoxdur. Çindən hər hansı güzəştlərə nail olmaq çox çətin olacaq".
Ümumiyyətlə, Moskva da Ermənistanın başqa ölkələrdən silah almasında o qədər də maraqlı deyil. Çünki Ermənistana Rusiya özü güzəştli qiymətlərlə silah satır. Təbii ki, rəsmi Moskva bunu özünün hansısa siyasi maraqları naminə edir. Hələ bir müddət əvvəl keçmiş müdafiə naziri Seyran Ohanyan da parlamentdə keçirilən qapalı müzakirələrin birində Rusiyanın Ermənistana başqa ölkələrdən silah almağa imkan vermədiyini açıq etiraf etmişdi.
Digər tərəfdən, Ermənistanın bugünkü vəziyyətinə nəzər saldıqda digər ölkələrdən silah almaq imkanlarından məhrum olduğu açıq görünür.
Tahir TAĞIYEV