Vəfa Heydərli: “Belə formatlar göstərir ki, ölkələr arasındakı münasibətlər daha dinamikləşir və konstruktiv hal almağa başlayır”
Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin 6-cı toplantısı çərçivəsində Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixeil Canelidzenin iştirak etdiyi üçtərəfli görüşün sonunda nazirlər mətbuat üçün bəyanatla çıxış ediblər.
“Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri dövlət başçılarının sammitini hazırlamaq barədə razılıq əldə edib”. Bunu brifinq zamanı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, ölkələr, həmçinin, gələcək əməkdaşlığın yol xəritəsini hazırlamaq barədə də razılığa gəlib.
E.Məmmədyarov, həmçinin, əlavə edib ki, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi bu ilin sonunadək başa çatacaq və nəticədə əməkdaşlıq üçün böyük imkanlar yaranacaq. Nazir deyib: “Bu layihəyə tələbat var. Bundan başqa, hər üç ölkə digər növ – dəniz və magistral yük daşımalarını da işə salmaq niyyətindədir”.
E.Məmmədyarov deyib ki, Bakı Ankara və Tiflisi münaqişələrin həll olunması üzrə qarşılıqlı fəaliyyəti genişləndirməyə çağırıb. Onun sözlərinə görə, dövlətlərin ərazi bütövlüyü prinsipinə hər üç ölkənin yanaşması üst-üstə düşür: “Şübhəsiz ki, biz münaqişələrin diplomatik yolla həll olunmasının tərəfdarıyıq. Münaqişə məsələləri bütün beynəlxalq təşkilatlarda müzakirə olunur və fikrimcə, biz bu məsələdə əməkdaşlığı daha da genişləndirməliyik”.
Qeyd edək ki, indiyə kimi Bakının iştirakı ilə yaxın qonşu dövlətləri əhatə edən üçtərəfli sammitlər keçirilib və hamısı da əhəmiyyətli olub. Ölkə başçılarının iştirakı ilə nəzərdə tutulan yeni üçtərəfli sammit bizə nə vəd edir?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, növbəti görüş prezidentlərin iştirakı ilə zirvə toplantısı olacaq və buna nikbin yanaşmaq lazımdır: “Bu görüş tərəflər arasında münasibətləri strateji zəmin üzərinə qoyacaq. Düşünürəm ki, Türkiyə, Türkmənistan və Azərbaycan görüşləri kimi, Türkiyə, Gürcüstan və Azərbaycan əməkdaşlıq forması da strateji əhəmiyyət kəsb etməyə başlayacaq və bölgədə Azərbaycanın nüfuzunu daha da yüksəldəcək. Bu görüş çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan indiyə qədər özünün bir sıra strateji layihələrilə, Gürcüstanla Türkiyəni bu layihələrə cəlb etməklə Ermənistanı strateji layihələrdən tamamilə kənarlaşdıra bilib. Bu da bizim ərazimizi işğal edən təcavüzkar dövlət üzərində gələcək qələbəmizi təmin edən ciddi amillərdən biridir. Bu münasibətlər Azərbaycana siyasi dividendlər verməyə başlayıb. Gələcəkdə bu dividendlər daha da geniş sahədə olacaq. İndiyə qədər Bakı Azərbaycan-İran- Rusiya və başqa zirvə toplantılarına da ev sahibliyi edib. Belə formatlar göstərir ki, ölkələr arasındakı münasibətlər daha dinamikləşir və konstruktiv hal almağa başlayır. Bu, eyni zamanda, koordinasiyalı fəaliyyətin güclənməsinə ciddi stimul vermiş olur. Gözləntilərimiz, təbii ki, bunlardır və ölkəmizin strateji partnyorları ilə əlaqələrinin daha da güclənəcəyinə ümidliyik”.
Məhəmmədəli QƏRİBLİ