Qabil Hüseynli: “Qəbul edilən yeni Bəyannamə bizim maraqlarımıza tam cavab verir”
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri: Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və Mixail Canelidze arasında keçirilən VI üçtərəfli görüşün yekunu olaraq Bakı Bəyannaməsi imzalanıb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, siyasi dialoq və xüsusi üçtərəfli layihələrin yerinə yetirilməsi baxımından mühüm platforma kimi xarici işlər nazirlərinin öncəki üçtərəfli görüşlərində qəbul edilmiş Trabzon Bəyannaməsi, Batumi Birgə Komünikesi, Gəncə, Qars və Tiflis bəyanatlarına sadiqlik vurğulanıb. Üç dövlət arasında ikitərəfli və üçtərəfli əməkdaşlığın yüksəlməsindən məmnunluq ifadə edilib və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiqlik bir daha təsdiqlənib. Həmçinin, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstək bir daha bəyan edilib. Regionda davam edən mövcud münaqişələrin sülh, sabitlik və iqtisadi inkişafa xələl gətirdiyi və beynəlxalq hüququn qeyd edilmiş prinsipləri əsasında siyasi həll tələb etdiyi vurğulanıb. Azərbaycanın Dağlıq Qarabağ regionunda və ətraf bölgələrdə münaqişənin və Gürcüstanda münaqişənin ən qısa zamanda beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, həmçinin, BMT, ATƏT və Avropa Şurasının müvafiq qətnamələri və qərarlarına uyğun olaraq həll edilməsinin labüdlüyü bir daha bəyan edilib.
Göründüyü kimi, qəbul edilən Bəyannamədə Dağlıq Qarabağ problemi ilə bağlı xüsusi müddəa salınıb. Bundan belə bir nəticə çıxarmaq olarmı ki, Qarabağ problemi bundan sonra üç ölkənin koordinasiyalı fəaliyyəti sırasına aid edilən ümdə məsələlərdən olacaq?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Azərbaycan, Türkiyə və Gürcüstanın münasibətləri bizi qane edəcək səviyyədə inkişaf edir: “Türkiyə, Gürcüstan və Azərbaycanın üçtərəfli əməkdaşlığı getdikcə yüksək vüsət almaqla yanaşı, əməkdaşlığın daha geniş sahələrini əhatə edir. Demək olar ki, hər üç ölkə arasında strateji xətlər üzrə əməkdaşlıq formaları yaranıb, inkişaf edir. İndiyədək əməkdaşlıq iqtisadi sahəni əhatə edirdi. Bakı-Ceyhan kəməri Gürcüstan ərazisindən keçir. TANAP qaz layihəsi Azərbaycan qazını dünya bazarlarına çıxaracaq. Bu, hər üç ölkə üçün çox böyük gəlir gətirən layihədir. Ancaq tərəflər hər üç ölkəni əhatə edən problemlərdən də ortaq çıxış yollarını axtarmaqda maraqlıdırlar. Bu, eyni zamanda, hərbi əməkdaşlığı da özündə ehtiva edir. Məlumdur ki, qəbul edilən Bəyannamədə üç ölkəni narahat edən konfliktlər sırasına yalnız Dağlıq Qarabağ aid edilməyib. Gürcüstanın özü də separatçılıqdan əziyyət çəkir. Biz oxşar problemləri bölüşürük. Hesab edirəm ki, bundan sonrakı mərhələdə tərəflər siyasi sahədə də koordinasiyalı fəaliyyət ortaya qoyacaq. Bu format olduqca əhəmiyyətlidir. Çünki yaranmış konfliktlərin bölgə dövlətlərinin vahid mövqe ortaya qoyması ilə həllinə nail olmaq daha asandır. Diplomatik dillə desək, Ermənistan bu istiqamətdə təklənmiş olur. Bu vəziyyətə isə onun özü-özünü salıb. Qəbul edilən yeni Bəyannamə bizim maraqlarımıza tam cavab verir”.
Məhəmmədəli QƏRİBLİ