Vüqar Qədirov: “Əks halda, biz daha acı mənzərənin şahidi olacağıq”
Myanmada müsəlmanlara qarşı ordunun törətdiyi dəhşətli qırğınlara müsəlman birliyi lazımi reaksiya vermir. Hərbi diktatura illərində Birmada (Myanmanın keçmiş adı-red.) daha böyük qətliamlar həyata keçiriblər və indi də müsəlman əhalini sıxışdırırlar. İddia edirlər ki, guya vaxtilə burada müsəlmanlar yaşamayıb, qanunsuz köçürülüblər.
Həmin müsəlmanların içərisində müəyyən təşkilatlar olub ki, terrora baş vurub, polis məntəqəsinə basqın ediblər. Birma dövləti isə həmin təşkilatları cəzalandırmaq əvəzinə, müsəlmanların hamısını cəzalandırır, qətlə yetirir, evlərini yandırır. Dünya birliyi isə buna gərəkən reaksiyanı vermir.
Müsəlman dünyasından biz yalnız Türkiyə, Azərbaycan və İrandan müəyyən reaksiyaları müşahidə edirik. Bundan başqa, Çeçenistanda bir milyonluq mitinq keçirildi və Rusiya hakimiyyətinin özünə mesaj göndərildi ki, buna göz yummasın. Çünki bu məsələ BMT-nin gündəminə gəldikdə Rusiya və Çin "veto" hüququndan istifadə etmək istəyib.
Müsəlman dünyasının Myanma məsələsində belə susqun mövqe nümayişi nə ilə bağlıdır?
Ekspert Vüqar Qədirovun sözlərinə görə, Myanmada törədilən vəhşiliyə, əslində, bütün dünya reaksiya verməlidir: “Çünki insanları dini etiqadına görə qətlə yetirmək bəşəriyyət üçün təhlükəli cinayət sayılır. Ancaq hazırda cərəyan edən hadisələr bizə bir qədər başqa mənzərəni anlatmış olur. Hiss edilir ki, dünyanın bəzi ölkələri geopolitik maraqlarını qorumaq istəyindən, bu hadisələrə susqun mövqe nümayiş etdirir. Azərbaycan, İran, Türkiyənin mövqeyi sərt və qəti olub. Biz bir müsəlman ölkəsi kimi orada yaşananları pislədik. Hətta Rusiyanın tərkibində olan Çeçenistan belə sərt mövqe ortaya qoyub. Çeçenistanda keçirilən mitinqdə Ramzan Kadırov deyib ki, "Əgər Rusiya müsəlmanlara qarşı soyqırımı törədən şeytanlara dəstək versə, mən Rusiyaya qarşıyam". Birinci dəfədir ki, Kadırovdan Moskva əleyhinə belə sərt bəyanat eşidirəm. Nəzərə almaq lazımdır ki, Moskva Myanmanı açıq ittiham etsə, həmin dövlətin "böyük qardaşı" olan Çinlə münasibətləri korlaya bilər. Belə görünür ki, Myanmadakı hadisələr artıq qlobal geosiyasi rəng almağa başlayır. Myanmanın müsəlman ölkələrindən bir qədər uzaqda yerləşməsi də məsələni çətinləşdirir. Çünki onlara kömək etməkdə maraqlı olan müsəlman ölkələri bununla bağlı hər hansı formada birbaşa dəstək verə bilmir. Hesab edirəm ki, bütün müsəlman ölkələri bu məsələdə həmrəylik nümayiş etdirməlidir. Heç olmasa, sərt etiraz bəyanatı verməlidirlər. Əks halda, biz daha acı mənzərənin şahidi olacağıq”.
Məhəmmədəli QƏRİBLİ