Bu gün Qərb ölkələrinin türk dünyasına qarşı kifayət qədər qərəzli bir mövqe sərgilədikiləri gedərək özünü daha qabarıq şəkildə büruzə verir. Türk dünyasının aparıcı ölkələri olan Azərbaycan və Türkiyə isə bu xüsusda əsas hədəf olaraq qəbul edilir.
Elə Qərbin müəyyən dairələrində adları çəkilən bu ölkələrə qarşı aparılan təbliğat və qarayaxmalar da qeyd edilənlərin real təsdiqi qismində çıxış edir. Aydındır ki, bu məsələdə erməni lobbisi də türk dövlətlərinə qarşı çıxan dairələrə hərtərəfli dəstək verir. Məsələn, Azərbaycana qarşı son günlərdə start verilən kampaniya bunun təsdiqi hesab oluna bilər. Bu gün Qərbdə müəyyən dairələrdə ölkəmizə qarşı informasiya təxribatları törətməklə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhdlər edilir. Burada fəal rol oynayan erməni lobbisi və ermənipərəst mərkəzlər bilir ki, Ermənistan Azərbaycanın hərbi, iqtisadi gücü qarşısında gedərək uduzur. Bu səbəbdən vəziyyətdən çıxış üçün Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Eyni sözləri qardaş Türikyə barəsində də demək olar.
Ümumiyyətlə, görünən odur ki, bu gün Qərbdə Türikyəyə qarşı da yeni cəbhə formalaşdırılır. Bu cəbhəyə liderliyi isə Almaniya edir. Həmin cəbhə Türkiyənin Avropa İttifaqına üzvlüyünü də birmənalı şəkildə əngəlləyir. Hətta Almaniya kansleri Angela Merkel hesab edir ki, hazırda Türkiyə üçün Avropa İttifaqının tərkibində yer yoxdur: "Türkiyəni Aİ-nin tərkibində görmürəm və heç vaxt görməmişəm". Kanslerin sözlərinə görə, Berlin Türkiyə ilə münasibətlərin pisləşməsinə iqtisadi tədbirlərin köməkliyi ilə cavab verə bilər. Bundan əvvəl isə Angela Merkel Türkiyənin Avropa İttifaqının Gömrük Birliyi ilə razılaşmasının genişlənməsinə veto qoyub. Qeyd edək ki, son vaxtlar Türkiyə və Almaniya arasında münasibətlər xeyli pisləşib. Almaniya həmçinin fəal şəkildə təsir edir ki, Aİ Türkiyəyə qarşı maliyyə sanksiyalarına başlasın. CNN-in türk xidmətinin diplomatik mənbələrdən aldığı informasiyaya əsasən, Aİ Türkiyəyə maliyyə yardımını azaltmağa hazırlaşır. 2014-2020-ci illər üçün planlaşdırılmış yardımın həcmi bütovlükdə 4 milyard 450 milyon avro təşkil etməli idi. Yardımın nə qədər azaldılacağı isə Aİ-nin qiymətləndirməsindən sonra məlum olacaq. Hesabatın 2017-ci il sentyabrın sonu-oktyabrın əvvəlində tamamlanacağı gözlənir.
Fransa hökumətinin rəsmi nümayəndəsi Kristof Kastaner də “France Inter” radiostansiyasının efirində bildirib ki, Türkiyədəki müasir siyasi vəziyyət bu ölkənin Avropa İttifaqına üzvlüyü haqqında danışıqları davam etdirməyə imkan vermir: “Dəqiq demək lazımdır: Türkiyədəki siyasi vəziyyət danışıqların davam etdirilməsi, fikir mübadiləsi və Türkiyə ilə inteqrasiyanı gücləndirməyə imkan vermir”. Siyasətçi vurğulayıb ki, Avropa və Türkiyə ümumi dialoqu davam etdirməlidir, ancaq Türkiyənin Avropa İttifaqına üzvlüyü haqqında danışıqlar dayandırılmalıdır. O qeyd edib ki, son illərdə Türkiyə ilə danışıqlar vaxtın boş yerə xərclənməsi idi. Almaniya və Fransa siyasətçilərinin Türkiyə əleyhinə çıxışlarına Avropanın digər ölkələrindən də dəstək verilib. Avstriya da onlarla eyni mövqe sərgiləyib.
Amma Ankara hesab edir ki, Türkiyənin Aİ-yə iqtisadi inteqrasiyası yalnız Türkiyə deyil, həm də Avropa üçün faydalıdır. Buna rəğmən, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Avropa İttifaqı açıq və dəqiq mövqeyini nümayiş etdirsə, Ankara digər planlarını həyata keçirə bilər: “Yəni Avropa İttifaqı bizim üçün “olmazsa olmaz” deyiləcək bir yer deyil. Türkiyə öz ayaqları üzərində dayanan bir ölkədir. Hazırda xalqımın böyük əksəriyyəti əslində Avropa İttifaqını istəmir, Avropa İttifaqının bizə yanaşmasını səmimi hesab etmir”. Belə vəziyyətdə Türkiyə Rusiyaya tərəf qətiyyətli addımlar atmağa hazırdır. “Hürriyət” nəşri xatırladır ki, Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi artıq ölkəsinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) gömrük məkanına qoşulmaq niyyətini açıqlayıb. Rusiya prezidenti Vladimir Putin artıq Avrasiya məkanında böyük əməkdaşlıq formatını yaratmağı təklif edib. İttifaqa Türkiyə ilə yanaşı Çin, Hindistan, Pakistan, İran və başqa dövlətlər girə bilər. Rusiyanın energetika naziri Aleksandr Novak sərgidə jurnalistlərə deyib ki, Türkiyə və Rusiyanın işgüzar əməkdaşlığında çətin vaxtlar artıq arxada qalıb. Türkiyənin elm, sənaye və texnologiya naziri Faruk Özlü bildirib ki, iki ölkə xarici ticarət dövriyyəsinin həcmini kəskin artırmaq niyyətindədir: “Ölkələr arasında bəzən siyasi böhranlar olur, bu normaldır… Amma Ankara və Moskva arasında məsafə onsuz da Ankara və Brüssel arasındakı məsafədən daha yaxındır”. Belə vəziyyət isə, Türkiyə ilə yanaşı, digər türk ölkələrinin də Rusiya ilə yaxınlaşmasını sürətləndirə bilər. Çünki Qərbdə, o cümlədən Avropada onsuz da türk dövlətlərinə münasibət müsbət deyil.
Nahid SALAYEV