Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olub. Atası Mehdiqulu xan, anası Bədircahan xanımdır. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Xurşidbanu ailənin yeganə övladı, həm də Qarabağ xanlığının sonuncu vərəsəsi olduğuna görə, onu sarayda “Dürrü yekta” (Tək inci), el arasında isə “Xan qızı” çağırıblar.
Xurşidbanunun ilk tərbiyəçiləri sarayın təcrübəli dayələri olublar. Məktəb yaşına çatdıqda isə o, evdə dövrün alim və sənətkarlarından dərs almağa başlayıb. Məşğələ zamanı Xurşidbanu Qurani-Kərim ayələrini və dini ehkamları əzbərləməklə yanaşı, dünyəvi elmlərlə də tanış olub. XIX əsrdə kübar ailələrin uşaqlarına, bir qayda olaraq, doğma dili ilə bərabər ərəb və fars dilləri də təlim edildiyindən, xan qızı da bu dilləri öyrənib, onların vasitəsilə klassik şerin qayda-qanunlarını mənimsəyib. O, lazımi dərəcədə bilik əldə etdikdən sonra müntəzəm surətdə mütaliə ilə məşğul olub. Dahi şərq şairlərin ələ düşən nadir kitabları, qiymətli əlyazmaları Xurşidbanunu klassik ədəbiyyata bağlayıb.
Natəvan xanımın dünyagörüşünün, bədii zövqünün formalaşmasında yaxın və uzaq qohumlarının əməyi az olmayıb. Qasım bəy Zakir, Mirzə Adıgözəl, Əhməd bəy Cavanşir kimi hörmətli və tanınmış şəxsiyyətlər öz yaradıcılıqları, ədəbi söhbət və mübahisələri, eləcə də ağıllı məsləhətləri ilə Xurşidbanu Natəvanda şeirə və sənətə olan zövq və həvəsi qüvvətləndiriblər.
Tarixçilərin ehtimalına görə, bu dövrdə xarici və daxili vəziyyətin ciddi sürətdə gərginləşməsi ilə əlaqədar xan ailələri üzərində nəzarət gücləndirilib və Xurşidbanu Xasay bəy Usmiyevlə izdivaca məcbur edilib. Belə bir ehtimal da var ki, Vorontsovun şəxsi yavəri Xasay bəy Tiflisdə onlara mülk iddialarında kömək göstərib və bunun müqabilində Xurşidbanuya evlənməyi təklif edib. 1850-ci ilin payızında Xasay bəy Şuşaya gələrək toy edib və Xurşidbanunu Dağıstana öz doğma kəndinə, oradan da Tiflisə aparıb.
Həyatının çiçək açdığı bir dövrdə Xurşidbanu Tiflisdə yaşamalı olub. Şəhərin səfalı yerləri, təbii mənzərələri ona xoş gəlsə də, burada yaşamağa məcbur olduğu və çox vaxt tək qaldığı üçün sıxılıb, qəriblik çəkib. Natəvan bu şəhərdə rus, gürcü mədəni cəmiyyətlərinə qoşulub, özü də milli ənənəsi, kitablara məxsusu davranışı və üç dildə sərbəst danışması ilə cəmiyyətlərdə maraq oyadıb. Bir sıra vilayət və şəhərlərə səyahətə çıxması Xurşidbanunun təfəkkür dairəsinin genişlənməsinə, dünyagörüşünün artmasına təkan verib. Vladiqafqaza, Dağıstana, Şirvana, Bakıya, Gəncəyə və Naxçıvana səfəri zamanı o, yüksək rütbəli dövlət qulluqçuları, yazıçı, alim və səyyahlarla görüşüb.
Xurşidbanu Natəvan parlaq istedada və qabaqcıl ideallara malik olan bir şəxsiyyət olub. O, Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər buraxıb. Bu fenomenin meydana gəlməsinin bir neçə əsas səbəbi var. Bunlardan biri şairənin soy köküdür. Yəni Natəvanda iki böyük nəslin – Cavanşirlərin və Ziyadoğlu Qacarların qanı vardı. Adlarını çəkdiyimiz bu iki böyük və şərəfli nəslin hər biri dünyaya bir sıra şairlər gətirib. Məsələn, Cavanşir nəslindən Əbülfət xan Tutinin, Qasım bəy Zakirin, Ziyadoğlu Qacar nəslindən isə Ziyadi Qarabaği, Müsahib Gəncəvi və bir sıra başqa şairlərin adlarını çəkmək olar. Maraqlıdır ki, Ziyadi Qarabaği və Müsahib Gəncəvi vaxtilə Qarabağ bəylərbəyi olublar. Natəvan yaradıcılığının böyük tədqiqatçısı Bəylər Məmmədov “Natəvanın şair qohumları” adlı kitabında bu məsələni geniş açıqlayır. Eyni zamanda, Ziyadoğlu Qacar nəslindən gələn şairlərdən başqa kitablarda da bəhs edilir. Füzuli adına Respublika Əlyazmalar İnstitutunun fondunda Müsahib Gəncəvinin şeir divanı saxlanır və bu əsərin üzərində institutun əməkdaşları elmi tədqiqatlar aparıb.
Xurşidbanu Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batıb, yalnız cüzi bir hissəsi bizə gəlib çatıb. 1870-ci ildən etibarən şairə özünə “Natəvan” təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaradıb. Onun şeirləri hələ sağlığında dildən-dilə düşərək əlyazma şəklində yayılıb. Xurşidbanunun şeirlərini məzmun cəhətdən şərti olaraq dörd qismə ayırmaq olar: aşiqanə şeirlər, təbiət gözəlliklərinə həsr edilən şeirlər, müasirlərinə yazdığı mənzumələr, hüznlü şeirlər.
XIX əsrdə Azərbaycan ədəbi mühiti bir sıra qüdrətli sənətkarlar, o cümlədən şairə qadınlar yetişdirib: Xurşidbanu Natəvan, Fatma xanım Kəminə, Aşıq Pəri və s. Natəvanın fitri istedadının üzə çıxması və çiçəklənməsinin səbəblərindən biri Şuşanın təkraredilməz yaradıcı ab-havası və mühiti olub. Bəylər Məmmədov “Xurşidbanu Natəvan” adlı kitabında yazır: “Xatirələrdə Natəvanın “Xanlıq Şükür” adı ilə tanınan xidmətçisinə müsiqi təlimi verməklə onu məşhur xanəndə etməsindən də danışılır...” Müəllif qeyd edir ki, bu haqda material Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyinin fondunda saxlanır. Hazırda bu materialın Füzuli adına Respublika Əlyazmalar İnstitutuna verildiyi barədə gümanlar var, fəqət həmin materiallar hələlik tapılıb tədqiqata cəlb edilməyib.
Natəvanın poeziyası Azərbaycan xanəndələrini də ruhlandırıb. Böyük sənətkarlarımız Seyid Şuşinskinin Natəvan haqqında xatirəsində qeyd olunur ki, o, şairənin qəzəllərini “Segah” üstündə oxuyarmış və ondan bəri demək olar ki, bugünə kimi tanınmış Azərbaycan xanəndələri şairənin qəzəllərini oxuyub ilham alırlar. Natəvan poeziyası professional Azərbaycan bəstəkarlarının əsərlərində də öz əksini tapır. Bunun parlaq misalı tanınmış bəstəkar Xalq artisti, professor Vasif Adıgözəlovun Natəvanın sözlərinə yazılmış məşhur “Qərənfil” mahnı-romansı ola bilər. Bəstəkar “Xan qızı Natəvan” operasını da yazıb.
Xurşidbanu Natəvanın yaradıcılıq fəaliyyəti təkcə şeirlə bitmir. O, rəssamlıqla da məşğul olurdu, həmçinin, onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olub. Yaradıcılıqla bərabər Xan qızının ictimai və idarəetmə fəaliyyətini də qeyd etmək olar.
Natəvanla bağlı araşdırmalarda onun xeyirxahlığı və xeyriyyəçiliyi də nəzərə çarpır. Bəylər Məmmədov “Xurşidbanu Natəvan” adlı əsərində qeyd edir ki, Şuşanın bir qrup şairləri bədii məclisin təşkil edilməsinin zəruriliyini dərk edirdilər. Fəqət məclisi təşkil etmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Xan qızının köməyinə ümid edirdilər. Xan qızı bu şairlərin təklifini məmnuniyyətlə qəbul edib və qısa bir müddətdə Şuşada “Məclisi-üns,” yəni dostluq, ülfət məclisini yaradıb. Bu məclisə rəhbərliyi və onun bütün xərclərini Xan qızı öz üzərinə götürüb. Təsadüfi deyil ki, Bəylər Məmmədov öz əsərlərinin birində Xurşidbanu Natəvanı “Məclisi-üns”ün ürəyi adlandırır. O zaman Şuşada Mir Möhsün Nəvvab Qarabağinin rəhbərliyi ilə “Məclisi-fəramuşan” adlı daha bir poetik məclis də fəaliyyət göstərirdi. Məhz bu zaman Xurşidbanu “Natəvan”, yəni “kimsəsiz”, “köməksiz”, təxəllüsünü özünə götürür.
“Məclisi-üns”də tanınmış Qarabağ şairləri ilə yanaşı məşhur xanəndə və sazandələr də iştirak edib. Bunlardan Hacı Hüsü, Məşədi Isi, Molla Vəli, Molla Abbasqulu, Məşədi Dadaş, Əbdülqəni və Sadıqcanın adlarını çəkə bilərik. Məhşur tarzən Qurban Pirimov yazırdı: “Xurşidbanu nəinki şeiri, eləcə də musiqini çox sevirdi: “Xanəndələrdən Hacı Hüsnü və Məşədi Isi onun məclisində oxuyardılar. Bu xanəndələr oxuyarkən Natəvanın qəzəllərindən tez-tez istifadə edərdilər. Son vaxtlara qədər Cabbar onun qəzəllərini öz repertuarında saxladı.” Füzuli adına Respublika Əlyazmalar İnstitutun fondunda saxlanan Mir-Həsən Ağamirovun “Natəvan haqqında xatirələr”ində də qeyd olunur ki, Natəvanın hər bir məclisində musiqiçilər iştirak edirdi. Onun məclisləri sırf musiqi məclisi hesab olunurdu və burada Natəvanın qəzəlləri də oxunurdu.
Xurşidbanu Natəvan yaradıcılığa 1850-ci illərdən ənənəvi şərq mövzusu və şeirlərlə başlayıb. Onun qəzəllərində əsasən məhəbbət, təbiət gözəllikləri tərənnüm edilib. 16 yaşlı oğlunun ölümündən sonra isə Natəvan bədbin ruhlu şeirlər yazıb. “Ağlaram”, “Olaydı”, “Getdi”, “Sənsiz”, “Ölürəm” və s. əsərləri dərin səmimiyyət, incə lirizmi ilə seçilir. Yüksək sənətkarlıq nümunəsi olan şeirlərində təkrar, qoşma, rədif, məcaz və s. bədii vasitələr məharətlə işlənir. M.N.Nəvvab, S.Ə.Şirvani və başqaları ona şeir həsr ediblər. Natəvan həm də istedadlı bir rəssam olub. Onun bədii tikmələri, “Gül dəftəri” adlı albomundakı rəsmlər buna sübutdur.
Natəvan xeyriyyəçi və fəal ictimai xadim kimi də xalqın yaddaşına həkk olunub. 873-cü ildə Şuşaya su kəməri çəkdirib. Bu kəmər indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Eyni zamanda, Araz çayından Mil düzünə də su kəməri çəkdirməyə təşəbbüs edib...
Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olub, təkcə Azərbaycanda deyil, bütün Zaqafqaziyada xeyirxahlığı ilə tanınıb, kasıblara əl tutub. 1858-ci ildə xoşbəxt bir təsadüf Bakıda məşhur fransız yazıçısı Aleksandr Düma ilə Xurşidbanunu rastlaşdırıb. Natəvan xanımın həyat yoldaşı Xasay bəyin fransız dilini yaxşı bilməsi onlar arasında dostluq telləri yaradıb. Onlar Abşeronda birgə gəzintiyə çıxıb, ayrılarkən bir-birinə qiymətli hədiyyələr təqdim ediblər. Natəvanın Bakıdan Şıx kəndinə daş yol çəkdirməsi haqqında ilk məlumat da A.Dümanın “Qafqaza səyahət” kitabında öz əksini tapıb.
Şəxsi münasibətlərin, dövranın haqsızlığı, zalımların sitəmi şairəni vaxtsız qocaldıb, onu həyat işığına həsrət qoyub. Ağlamaqdan gözlərinin nuru gedib, bədəni taqətdən düşüb. Xurşidbanu Natəvan 1897-ci il oktyabr ayının 1-də vəfat edib və Ağdamın “İmarət” qəbirstanlığında dəfn olunub. Onun adına küçə, klub, kitabxana və məktəb var. Xan qızının əlyazmaları, şəxsi geyim və əşyaları nadir eksponat kimi arxiv və muzeylərdə saxlanır.
Allah rəhmət eləsin.
Fazil QARAOĞLU Professor