Yadigar Məmmədli: “Həmin qurumla kimlərin yaxından əməkdaşlıq etməsi...” Mehman Muradlı: “Azərbaycandan qovulan bütün təşkilatlar bunu haqq edənlər olub”
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyənin "Hürriyyət" qəzetinə açıqlamasında deyib ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) adlı qurumun xarici mediada yaydığı məlumatlar Azərbaycana qarşı qarayaxma kampaniyasının bir hissəsidir və həqiqəti əks etdirmir.
Ə.Həsənov "The Guardian" qəzetinin Azərbaycan əleyhinə mövqeyi ilə tanındığını bildirib: "The Guardian" Azərbaycan haqqında nə vaxt həqiqətləri yazıb ki? Bu qəzet illərdir Azərbaycan əleyhinə mövqeyi ilə tanınır, dünya miqyasında müəyyən dairələrin sifarişlərini yerinə yetirir. İndi də belə etdi. OCCRP adlı mərkəzlə əlbir olub Azərbaycana qarşı yeni bir qarayaxma kampaniyasına başlayıblar".
Prezidentin köməkçisi qeyd edib ki, OCCRP adlı araşdırma mərkəzinin himayəsində olan qurumlar 10 il əvvəl Azərbaycanda da fəaliyyət göstərirdi: "Onların gizli niyyətləri ortaya çıxdı və Azərbaycandan qovuldular. Həmin təşkilatlar Qərbdə, xüsusilə ABŞ-dakı erməni diasporu tərəfindən gizlicə idarə olunurlar".
Prezidentin köməkçisi OCCRP-nin hansı qollarının Azərbaycandan qovulduğunu nəzərdə tutur?
Media eksperti Yadigar Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, onun bu qurumla sıx işləyən təşkilatlarla bağlı ətraflı məlumatı olmayıb: “Həmin qurumla kimlərin yaxından əməkdaşlıq etməsi haqda məndə dəqiq məlumat yoxdur. Bu səbəbdən də konkret nəsə deyə bilmərəm”.
Hüquqşünas Mehman Muradlı qəzetimizə bildirdi ki, bir vaxtlar Azərbaycandakı boşluqdan istifadə edən beynəlxalq QHT-lər ölkəmizdə istədiyi kimi fəaliyyət göstərirdi: “Bilirsiniz ki, sonradan onlardan bəzilərinin ölkəmizin əleyhinə fəaliyyət göstərdiyi, hətta burada gənclərin əlilə inqilab etmək niyyətlərinin olduğu üzə çıxdı. Bu səbəbdən də xaricdən maliyyələşən QHT-lər ciddi nəzarətə götürüldü, barələrində araşdırmalar aparıldı. Hazırda Azərbaycanda fəaliyyət göstərən QHT-lərin xaricdən maliyyələşməsinə ciddi nəzarət var. OCCRP-nin araşdırmaları bütün dünyada qəbul edilmir. Çünki hər bir “araşdırmanın” arxasında konkret məqsəd durur. 10 il əvvəl və sonra Azərbaycandan bir çox qurumlar qovulub. Təbii ki, söhbət şəffaf fəaliyyət göstərənlərdən gedə bilməz. Əli Həsənov dövlət rəsmisi olduğu üçün, onun əlində kimlərin qovulması ilə bağlı dəqiq adlar var. Biz ümumi mənzərəni bilirik. Daha dəqiq adlar söyləmək üçün bir qədər araşdırma aparmalıyıq. Amma, istənilən halda, bilmək lazımdır ki, Azərbaycandan qovulan bütün təşkilatlar bunu haqq edənlər olub”.
Məhəmmədəli QƏRİBLİ