Yeganə Hacıyeva: “Rəsmi mövqeyimizi ölkənin yürütdüyü siyasi kursa adekvat sayıram” Fazil Mustafa: “İstənilən halda, müsəlman qardaşlarımızdır, onlara kömək etməliyik”
Myanmada müsəlmanlara qarşı törədilən kütləvi qətliam dünya gündəmindən düşmür. Təəssüf doğuran odur ki, dəhşətli faciənin üstündən çox ötsə də, qətliam hələ də davam edir, amma dünya birliyinin passivliyi bir yana, əksər müsəlman dövlətləri susur. Qeyd edək ki, rəsmi Bakı da Myanmada rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığını ifadə edib.
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik. Avqustun 25-dən başlayaraq Myanmanın Arakan əyalətində hərbçilər "təhlükəsizlik əməliyyatı" adı altında kütləvi soyqırımı həyata keçirir. Bu əməliyyatlar zamanı bir neçə min müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub.
Qeyd edək ki, Myanmada 1 milyonadək müsəlman rohinca yaşayır, lakin bu xalq illərdir onları vətəndaş kimi tanımayan hakimiyyət tərəfindən incidilir. Bundan başqa, rohincalar ölkənin əsas dini icması olan buddistlər tərəfindən diskriminasiyaya məruz qalırlar.
Azərbaycanın Myanmadakı qətliamı pisləyən rəsmi mövqeyini islam təəssübkeşliyi və sülhsevərlik nöqteyi-nəzərindən necə dəyərləndirə bilərik?
Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, insan öldürmək bəşəriyyətin ən qatı cinayətlərindən sayılır: “Ən dəhşətlisi isə insanların dini, irqi, milliyyətinə görə qətlə yetirilməsidir. Belə fəaliyyəti dövlət siyasətinə çevirən hökumətlərə isə bütün sivil dünya etiraz etməlidir. Azərbaycanın Myanmada baş verənlərə olan rəsmi münasibəti bu kontekstdən ən doğrusudur. Təbii ki, bu reaksiyada həm islam təəssübkeşliyi, həm də sülhsevərlik aydın sezilir. Azərbaycan separatçılıqdan əziyyət çəkən ölkədir. Banqladeşlə həmsərhəd ərazilərdə yaşayan müsəlmanlara zaman-zaman müxtəlif adlarla hücumlar edilib. İndi də onlara qarşı olunan addımları antiterror əməliyyatı adı ilə edirlər. Təbii ki, Azərbaycan heç bir ölkənin daxili işinə qarışmayan siyasət yürüdür. Ancaq belə zorakılıqlarla bağlı mövqesiz qala bilməz. Rəsmi mövqeyimizi ölkənin yürütdüyü siyasi kursa adekvat sayıram”.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın sözlərinə görə, Azərbaycanın rəsmi mövqeyinə normal yanaşmaq lazımdır: “Ölkəmizin əhalisinin böyük əksəriyyəti islam dininin daşıyıcılarıdır. Biz müsəlman deyil, dünyəvi dövlətik. Bizim islam faktoru ilə bağlı məsələlərdə birinci mövqeyə düşməyimiz kimi tələb yoxdur. Azərbaycan İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Bu məsələdə öncüllüyü Türkiyə edir. Rəsmi Ankara da o yolu seçdi ki, qətliama İslam Əməkdaşlığı Təşkilatı vasitəsilə reaksiya verəcək, özü də birbaşa yardım edəcək. Azərbaycan burada nə edə bilər? İlk növbədə Banqladeş vasitəsilə orada zərərçəkmiş insanlara öz dəstəyini verə bilər. Digər tərəfdən də Türkiyənin öncüllüyü ilə Arakanda müsəlmanlara edilən zülmə qarşı bütün layihələrdə iştirak edə bilər. Eyni zamanda, İslam Əməkdaşlığı Təşkilatı vasitəsilə bu məsələnin BMT kimi beynəlxalq qurumlarda gündəmə gətirilməsində köməklik göstərə bilər. Azərbaycan bu məsələlərdə birinci rol alacaq ölkə deyil. Burada edəcəyi fəallığın da təsirinin olacağını düşünmürəm. Kadırovun bu məsələyə yanaşmasında bir qədər fərqli nüanslar var. O özünü Rusiya müsəlmanlarının lideri obrazına gətirmək istəyir. Bu baxımdan belə aksiyalardan öz fikirlərini, düşüncələrini həyata keçirmək üçün fürsət kimi istifadə edir. Əslində, bu məsələdə Rusiyanın Myanmaya təsir etmək imkanları daha genişdir. Rusiya dövlət olaraq bunu edə bilər. Kadırovun atdığı addım Rusiyanın rəsmi mövqeyi kimi qəbul olunmasa da, Kremlin məsələyə bir baxışı, etirazı kimi qiymətləndirilir. Bu baxımdan Kadırovun etdiklərinin bizdə təkrar olunmasına lüzum yoxdur. Çünki Myanma müsəlmanları ilə bizim cəmiyyətin əlaqələri o qədər də geniş deyil. Amma, istənilən halda, müsəlman qardaşlarımızdır, onlara kömək etməliyik. Bu bizim mənəvi borcumuzdur”.
Məhəmmədəli QƏRİBLİ