Ermənistanın qeyri-konstruktiv mövqeyi üzündən həlli dalana dirənən Dağlıq Qarabağ münaqişəsinin istənilən an alovlana biləcəyinə dair yenə beynəlxalq miqyasda edilən xəbərdarlıqların sayı artır. Çünki aparılan danışıqlar istənilən nəticəni vermir, üstəlik, Azərbaycan və Ermənistan rəsmilərinin hər görüşü ərəfəsində düşmən tərəf cəbhədə təxribatlarını artırır, atəşkəsi daha intensiv şəkildə pozur.
Elə bu ay Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda keçrilməsi nəzərdə tutulan görüşünə az müddət qaldığı bir vaxtda düşmən cəbhədə atəşkəs rejimini daha intensiv şəkildə pozmağa başlayıb. Belə vəziyyət isə məsələnin sülh müstəvsindən çox, hərb sahəsində çözülmə ehtimalını daha da artırır.
Yuxarıda qeyd olunduğu kimi, bu xüsusda beynəlxalq miqyasda da edilən xəbərdarlıqların sayı artır. Məsələn, Avropanın məhşur “McGill International Review” elmi nəşrinin əməkdaşları tərəfindən hazırlanan analitik materialda vurğulanır ki, belə gedişlə tezliklə Dağlıq Qarabağda tammiqyaslı müharibə başlanacaq. Ekspertlər əmindir ki, Qarabağ regionunda tammiqyaslı müharibənin başlanmasına çox az vaxt qalıb. Proqnoza görə, müharibə bu ilin sonunda alovlana bilər: “Mümkündür ki, 2017-ci ilin sonunda Qarabağ ətrafında hərbi hərəkətlər aktivləşsin və geniş müharibə başlasın. Hazırda regionda davam edən atışmalar proseslərin bu cür inkişafını proqnozlaşdırmağa imkan verir”. Ekspertlər onu da vurğulayır ki, dünya oyunçuları da bu müharibəyə qoşula bilər: “Bu isə toqquşmaları daha gözlənilməz və təhlükəli edəcək”. Burada bir məqamı xüsusi qeyd edək ki, əslində, cari il ərzində Qarabağ münaqişəsinin alovlana biləcəyinə dair digər nüfuzlu araşdırma mərkəzləri tərəfindən də xəbərdarlıq olunub. Məsələn, Karnegi Fondu bu ilin sonuna doğru Qarabağ münaqişəsi zonasında hadisələrin daha pis ola biləcəyinə diqqət çəkir: “Cənubi Qafqaz Avropanın ən hərbiləşdirilmiş regionudur. Ötən ilin aprel toqquşmaları göstərdi ki, Bakı yeni hərbi variantlara daim hazırdır və erməniləri münaqişənin həllinə məcbur etmək üçün bunu gündəmdə saxlayır. Bu risq kiçik toqquşmalardan genişmiqyaslı müharibəyə keçə bilər. Və Azərbaycan ictimaiyyəti yeni müharibədə daha böyük ərazilərin azad olunmasını tələb edəcək. Bu baxımdan, Qarabağda yeni müharibənin qarşısını aktiv diplomatiya ilə almaq lazımdır. Cənubi Qafqazda yeni müharibə heç kim üçün arzuolunan deyil. Amma hərbi əməliyyatlar başlasa, onu idarə etmək çox çətin olacaq”.
Eyni mövqeni MDB ölkələri İnstitutunun Qafqaz şöbəsinin müdiri Vladimir Yevseyev də bölüşür. Rusiyalı politoloq Azərbaycanın sülh tərəfdarı olduğunu bildirir, amma müharibə ehtimalının da sürətlə artdığını vurğulayır: “Azərbaycan ictimaiyyəti müharibəyə tam hazırdır. Belə vəziyyətdə Azərbaycan hakimiyyəti müharibə elan edərsə, ölkə cəmiyyəti bunu çox normal qarşılayacaq. Azərbaycan hərbi güc baxımından Ermənistandan öndədir. Hələlik sülh danışıqları davam edir, lakin bu, müharibənin nə vaxtsa baş verməyəcəyi demək deyil. Müharibə hər an ola bilər. Hesab etsək ki, müharibə başlayıb, o zaman Rusiya da məcbur olaraq bu bataqlığa girəcək. Bu isə Türkiyənin aktiv şəkildə müharibəyə qoşulması deməkdir. Bu qorxunu hər kəs hiss edir”.
Xatırladaq ki, Beynəlxalq Böhran Qrupu da təxminən iki ay əvvəl belə bir xəbərdarlıqla çıxış etmişdi ki, cari ilin sonuna doğru Qarabağ müharibəsi yenidən başlana bilər və bu zaman kənar oyunçuların da prosesə cəlb edilməsi ehtimalı kifayət qədər yüksəkdir: “Ermənistan və Azərbaycan müharibəyə 1994-cü ildə atəşkəs haqqında müqavilənin imzalandığı gündən ötən 23 il ərzində Qarabağda müharibəyə daha yaxındır. Tərəflər Ermənistanla və Azərbaycanla saziş bağlamış iki regional supergücün - Rusiya və Türkiyənin cəlb olunmasının mövcud gərginliyi artırdığını etiraf edir. Zorakılıq səviyyəsi aşağı olaraq qalsa da, atəşkəs hər an nəzarətdən çıxa bilər. Dağıdıcı silahların tətbiqi ilə daha çox ölümlərə səbəb olan döyüşlərin baş verməsi təhlükəsi realdır. Bununla yanaşı, xarici müdaxilə yəqin ki, ağır qurbanlara gətirib çıxaracaq və gələcək gərginliyi cilovlamaq mümkünsüz olacaq…Nizamlanma prosesi dayanıb, hər iki tərəf güc tətbiqində günaha batmamaq üçün taktiki mülahizələrdən çıxış edir. Bu gərginlik genişmiqyaslı müharibəyə çevrilə bilər ki, bu da dinc əhali arasında böyük qurbanlara gətirib çıxaracaq. Bölgənin əsas gücləri vəziyyətə müdaxilə etmək məcburiyyətində qala bilər. Rusiya, Fransa və ABŞ mövcud fikir ayrılığını kənara qoymaq və vəziyyəti sabitləşdirmək üçün tərəflərə təzyiq göstərməli, zorakılığın yenidən baş verməsi risqini azaltmalıdır… Bakı ərazilərin Ermənistan tərəfindən işğalını tanımağı beynəlxalq ictimaiyyətdən daha təkidlə tələb edir, Qərbin sanksiyalar qəbul etməsini istəyir. Beynəlxalq subyektlərin Dağlıq Qarabağda fəaliyyətini məhdudlaşdırmağa çalışır, Qarabağa səfərlərin və orada iqtisadi fəaliyyətinin qarşısını almaq üçün Ermənistana təzyiq göstərir”.
Ötən ay ABŞ-ın özəl kəşfiyyat araşdırmaları mərkəzi olan “Stratfor”un da hazırladığ məruzədə bildirilir ki, Azərbaycan münaqişənin nizamlanmasından ümidini üzüb silahlanmanı davam etdirir, öz arsenalını gücləndirir. Rusiya və İsraildən milyardlarla dollarlıq silah alır. Ermənistan isə münaqişəyə görə getdikcə daha çox təcrid vəziyyətinə düşür: “Qarabağda yeni müharibə risqi heç vaxt olmadığı qədər yüksəkdir”. Beləliklə, qeyd edilənlər Qarabağda hərbi əməliyyatların ola biləcəyini bildirən araşdırma mərkəzlərinin sayının az olmadığını göstərir. Buraya digərlərinin, eləcə də müxtəlif xarici ekspertlərin də adını əlavə etmək mümkündür. Bütün bunlardan sonra görünən odur ki, Ermənistanın işğal siyasətini davam etdirmək niyyəti müharibə ehtimalını artırır və yeni genişmiqyaslı toqquşmalar Qafqzada marağı olanların da mövqelərinə cavab vermir. Bu səbəbdən hesab edilir ki, həmin qüvvələrin Ermənistana ciddi təzyiqlər göstərməsi olduqca vacibdir. Əks təqdirdə Azərbaycan beynəlxalq hüquq normalarına, o cümlədən BMT-nin münaqişə ilə bağlı məlum dörd qətnaməsinə müvafiq olaraq zəbt olunmuş torpaqlarıın azad olunması üçün istənilən an hərbi əməliyyatlara start verə bilər.
Yuxarıda qeyd edildiyi kimi, Qarabağ münaqişəsinin hərb müstəvisində çözülməsi əslində bölgədə marağı olan qüvvələr üçün də sərfəli sayılmır. Elə bu səbəbdən konfliktin çözümündə vasitəçilik edən ölkələr məsələnin sülh yolu ilə həllinə indi daha çox diqqət yetirir. ABŞ-dan olan sabiq həmsədr Riçard Hoqland bu günlərdə münaqişənin həllini özündə ehtiva edən altı vacib prinsipi açıqlayıb. Ermənistan isə razılaşdırılmış həmin prinsipləri indi fərqli prizmadan təqdim etməyə çalışır. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Hoqlandın açıqlamalarında müəyyən yanlışlıqların olduğunu iddia edir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan tərəfində bu xüsusda ciddi təlaş və narahatlığın səbəbini belə izah edir: “Ermənistanın xarici işlər naziri artıq dördüncü dəfədir ki, eyni mövzuya toxunur və hər dəfə bir-birindən fərqli və biri digərini inkar edən açıqlamalar verir. Aydındır ki, danışıqlar prosesinin mahiyyəti barədə Ermənistan ictimaiyyətini daim aldadan Ermənistanın xarici işlər naziri düşdüyü çətin vəziyyətdən çıxmaq üçün indi müxtəlif bəhanə və yalanlarla özünə bəraət qazandırmağa çalışır. Ermənistan tərəfi gah ABŞ-dan olan həmsədr Riçard Hoqlandın səsləndirdiyi bəyanatların yeni olmadığı, gah artıq bu prinsiplərin aktuallığını itirdiyi, gah Ermənistanın buna razı olduğu, gah da bunun bütün həmsədrlərin mövqeyini əks etdirmədiyi kimi cəfəng və ziddiyyətli bəyanatlar verir.
Əslində, bununla Ermənistan özü-özünü ifşa edir. Ermənistan tərəfi ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin prezidentlərinin bəyanatlarında əks olunan, ABŞ-dan olan həmsədr Hoqland tərəfindən bir daha səsləndirilən və digər həmsədrlər tərəfindən dəstəklənən bu prinsiplər əsasında münaqişənin həlli üzrə ciddi danışıqlara konkret cavab vermək əvəzinə söz oyunu ilə məşğuldur. Nə zaman ki, münaqişənin həlli ilə əlaqədar konkret məsələlər gündəmə gəlir, o zaman Ermənistan siyasi avantüraya, tavtoloji söz oyununa və onun ardınca hərbi təxribatlara əl atır. Ermənistan tərəfinə çox yaxşı aydındır ki, danışıqlar masasında olan təkliflərin mahiyyətini və məğzini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və məcburi köçkünlərin geri qayıtması təşkil edir. Ermənistanın məqsədi isə danışıqların mahiyyətindən yayınmaq, hər vəchlə danışıqlara texniki xarakter vermək və danışıqların imitasiyası yolu ilə işğala əsaslanan status-kvonu saxlamaqdır. Hətta Ermənistan tərəfi texniki məsələləri hədəf seçərək danışıqlara qeyd-şərt qoymağa belə çalışırdı. Təsadüfi deyil ki, Ermənistan xarici işlər nazirinin “substantiv danışıqlar” sözünə qarşı xüsusi fobiyası var. Substantiv danışıqları bütün beynəlxalq ictimaiyyət dəstəkləyir. Bu danışıqlar Hoqland tərəfindən səsləndirilən və ATƏT-in Minsk Qrupunun digər həmsədrləri tərəfindən dəstəklənən münaqişənin həlli prinsiplərinin ciddi müzakirəsini və nəticə etibarilə, münaqişənin həllini nəzərdə tutur”. Ermənistanın isə münaqişənin dinc həlli prinsiplərindən yayınması, yuxarıda qeyd olunduğu kimi, məsələnin hərbi çözüm ehtimalını yüksəldir. Artıq bununla bağlı beynəlxalq təşkilatlar, araşdırma mərkəzləri də öz xəbərdarlıqlarını edib. İndi Ermənistan ya bütün bunlardan nəticə çıxarıb məsələnin sülh yolu ilə həllinə razılıq verməli, ya da yeni genişmiqyaslı toqquşmalara hazır olmalıdır. Amma bir məsələ dəqiqdir ki, yeni hərbi toqquşmalar heç də Ermənistanın xeyrinə olmayaraq, onun tənəzzülünü daha da sürətləndirəcək. Bunu isə elə Ermənistanda da aydın görüb etiraf edənlərin sayı az deyil.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.