Elçin Mirzəbəyli: “Bu qəbildən olan yazıların cavabı elə Türkiyənin öz mətbuatı və ictimaiyyəti tərəfindən ən sərt şəkildə veriləcək”
“Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi tərəfindən hazırlanan yazı, bu yazıya istinadən “BBC News” saytında 2017-ci il sentyabrın 5-də dərc olunan “Azərbaycan - 3 milyard dollar dəyərində gizli çirkli fondu idarə edib” başlıqlı və “The Guardian” qəzetində bu məsələ ilə bağlı gedən məqalələr Azərbaycana qarşı aparılan kampaniyanın bir hissəsidir, həqiqəti əks etdirmir”. Məlum olduğu kimi, bunu Türkiyənin “Hürriyet” qəzetinə açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi Əli Həsənov deyib.
Ə.Həsənov əlavə edib ki, “The Guardian” məlum mərkəzlərin sifarişini yazır: “The Guardian” Azərbaycan haqqında nə zaman həqiqətləri yazıb ki? Bu qəzet neçə ildir anti-Azərbaycan mövqeyi ilə tanınır, dünya miqyasında məlum mərkəzlərin sifarişlərini yerinə yetirir. İndi də eyni addımı atdı. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) ilə əlbir olub, Azərbaycana qarşı yeni qaralama kampaniyasına başlayıb”.
Ə. Həsənov qeyd edib ki, OCCRP adlı araşdırma mərkəzinin qolları 10 il əvvələdək Azərbaycanda fəaliyyət göstərib: “Onların qərəzli fəaliyyəti ortaya çıxdı və Azərbaycandan qovuldular. Onları Qərbdə, xüsusilə ABŞ-dakı erməni diasporunun fondları əl altından idarə edir”.
Bununla yanaşı, Ə.Həsənov Azərbaycanı sevməyən bəzi dairələrin Türkiyədə təbliğatı aparıldığını bildirib: “Bizi məyus edən “The Guardian”da əsassız xəbərin çıxması deyil. Biz Azərbaycana qarşı bu dairələrin Türkiyədə də təbliğatının aparılmasına üzülürük. Türkiyədəki bəzi nəşrlər vasitəsilə qaralama fəaliyyətlərini davam etdirirlər. Biz yaxşı bilirik ki, bu nəşrlər hansılardır”.
Həqiqətən də qardaş ölkədə bəzi mətbuat orqanlarının buna alət olması təəssüf doğurur. Çünki heç bir əsası olmayan bu cür informasiyaların yayılmasında Türkiyənin bəzi media orqanlarının iştirak etməsi düşmən maraqlarına xidmət edir və iki qardaş ölkənin münasibətlərinə kölgə salmaq məqsədi güdür. O üzdən, media ekspertləri buna necə baxır?
Məsələyə münasibət bildirən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, belə halların baş verməsi təəssüf doğurur: “Türkiyədə bəzi mətbuat orqanları Azərbaycana qarşı aparılan kampaniyada iştirak edirlər. Həmin mətbuat orqanları həm Azərbaycanın, həm də Türkiyənin maraqlarının əleyhinə fəaliyyət göstərən qüvvələri təmsil edirlər. Birinci dəfə deyil Türkiyədəki bəlli dairələr belə işlərlə məşğul olurlar. Hansı ki, öz maraqlarını Azərbaycanda təmin edə bilmədikləri üçün bu işlə məşğuldurlar. Onların nəzarətində olan mətbuat orqanlarında Azərbaycana qarşı xarici media orqanlarında aparılan kampaniya davam etdirilir. Bu, uzun illərdən bəri izlədiyimiz qrup tərəfindən həyata keçirilir. Zaman-zaman belə hallar baş verib və bu təəssüf doğurur. Bütün bunlara rəğmən, bəzi media orqanlarının yazdıqları Türkiyə ictimaiyyətinin, dövlətinin mövqeyini ifadə etmir. Zənnimcə, bu qəbildən olan yazıların cavabı elə Türkiyənin öz mətbuatı və ictimaiyyəti tərəfindən ən sərt şəkildə veriləcək”.
Vidadi ORDAHALLI