Aqşin Əliyev: “Xüsusilə həmsədr ölkələr Ermənistana çəkilən ikinci dəhliz məsələsinə sərt mövqe bildirməlidir”
Ermənistan prezidenti Serj Sarkisyan və Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyan Vardenis (Ermənistan) – Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolunun açılışında iştirak ediblər.
Ermənistan mətbuatının verdiyi məlumata görə, yol “Hayastan” erməni fondu tərəfindən 2013-2014-cü illərdə keçirilən telemarafonlar vasitəsilə toplanan vəsait hesabına inşa olunub. S.Sarkisyan və B.Saakyan daha sonra Dadivank kilsəsində olublar və şam yandırıblar. Onlar Əsgəranda açılmış şərab zavoduna da baş çəkiblər.
S.Sarkisyan sentyabrın 2-də Xankəndidə separatçı rejimin 26 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə də iştirak edib.
Sözügedən yol Ermənistanı Dağlıq Qarabağla birləşdirən ikinci koridor rolunu oynayır. Sülh danışıqları ilə bağlı optimist proqnozların artdığı bir zamanda Ermənistan prezidentinin bu davranışı necə qiymətləndirilə bilər?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, Sarkisyanın bu davranışı danışıqlar prosesinə inamsızlıq yaratmağa yönəlib: “Ermənistanın bu taktikası yeni deyil. Danışıqlar prosesində hansısa irəliləyiş nəzərə çarpıbsa, həmin anda Ermənistan pozuculuq fəaliyyətinə start verib. Daha çox cəbhə xəttində atəşkəsin pozulması taktikasına üstünlük verib. Hazırkı etapda da bu proses gedir. Bütün cəbhə xətti boyu dinc yaşayış məntəqələrimiz atəşə tutulur ki, dünya birliyinin diqqəti əsasən təhlükəsizliyə yönəlsin. Ancaq düşünürəm ki, Sarkisyanın yol açılışını məhz bu etapa salmasında simvolik çalarlar da az deyil. Bilirsiniz ki, ABŞ-dan olan sabiq həmsədr Hoqlandın sülh danışıqları ilə bağlı açıqladığı şərtlər ciddi rezonansa səbəb oldu. Məlum oldu ki, artıq masada konkret şərtlər var ki, onların əksəriyyətindən Ermənistan imtina etməyi düşünür. Həmin şərtlərdən biri də Laçının bütün ərazisi olmadan ermənilərə müvəqqəti dəhlizin verilməsidir. Bununla erməni prezident sübut etmək istəyir ki, Ermənistanı Dağlıq Qarabağla yalnız bir yol birləşdirmir. Bu, faktiki olaraq, ikinci dəhliz anlamına gəlir. Danışıqların belə məqamında ikinci dəhlizin açılışını etmək dünya birliyinə meydan oxumaqdır. Onların etdiyi təntənəli açılış həm də başqa bir ismarıcı verir. Sarkisyan bununla demək istəyir ki, onlar Dağlıq Qarabağı tərk edən deyillər, hətta bu arxayınçılıq onları regiona böyük sərmayələr yatırtmağa belə sövq edir. Çox maraqlıdır ki, beynəlxalq qurumlar Sarkisyanın bu hərəkətinə sərt reaksiya vermədi. Hesab edirəm ki, xüsusilə həmsədr ölkələr Ermənistana çəkilən ikinci dəhliz məsələsinə sərt mövqe bildirməlidir. Bir daha xatırladıram ki, yolun tikintisi xeyli vaxtdı aparılırdı, ancaq təntənəli açılışı məhz belə məqama salmaq onların qeyri-konstruktiv mövqedə qalacaqlarına bir işarədir”.
Məhəmmədəli QƏRİBLİ