Akif Nağı: “Bir daha sübut edirlər ki, onlarla dialoq mümkün deyil”
Ermənistan parlamentinin komissiya sədri Armen Aşotyan növbəti uydurma məlumat yaymaqla diqqət mərkəzinə gəlib. O bildirib ki, guya ATƏT-in müşahidə missiyası qoşunların təmas xəttində monitorinq apararkən Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşə məruz qalıb.
Erməni deputat hətta bildirib ki, atəşə məruz qalanların sırasında missiyanın rəhbəri Kasprşikin özü də olub. Maraqlıdır ki, bu dezinformasiyanı yayan Aşotyanın özü sentyabrın 22-də Bakıda keçiriləcək “Avronest”in tədbirində Ermənistan nümayəndə heyətinə rəhbərlik edəcək. Aşotyan indiyə kimi bənzər açıqlamaları ilə yadda qalmayıb. Bakıya edəcəyi səfər ərəfəsində onun belə fəallaşması təsadüfdürmü? Çox güman ki, bu tip yalan məlumat verib sonra Bakıya gəlməklə, o, ölkəmizdə olan bəzi millətçi qüvvələri qıcıqlandırmaq istəyir, yəni şəxsinə qarşı hansısa təxribat olsun. Bu versiyanı nə dərəcədə inandırıcı saya bilərik?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, ermənilər heç vaxt dialoq tərəfdarı olmayıb: “Fikir versəniz görərsiniz ki, onların Bakıya reallaşan səfərləri zamanı hər zaman təxribat olub. Özləri bilərəkdən Azərbaycan tərəfini qıcıqlandırır. Elə davranış nümayiş etdirirlər ki, sanki bura qalib ölkənin vətəndaşı kimi gəlirlər. Bu da sonuncu nümunə. Aşotyan ağ yalan danışır. Əgər Kasprşik gülləyə “basılsaydı”, hər halda çıxıb bir açıqlama verərdi. Çünki kifayət qədər ciddi bir missiyaya rəhbərlik edir. Necə olur ki, o heç nə danışmır, ancaq ermənilər narahatlıq ifadə edir? Aşotyanın belə açıqlama verməsi Azərbaycan tərəfini qıcıqlandırmağa hesablanıb. Bir daha sübut edirlər ki, onlarla dialoq mükün deyil. Siz yəqin ki, QAT-ın belə mövzularla bağlı mövqeyini bilirsiniz. Biz səmimi olmayan ermənilərin Azərbaycana hər hansı bir tədbirə qatılmasına hər zaman etiraz etmişik. Bundan sonra da edəcəyik. Əlimizdən gələn aksiyaları keçirəcəyik ki, ermənilərin Bakıda iştirak etmək istədiyi tədbir baş tutmasın. Diqqətçəkən vacib məqamlardan biri də Kasprşikin susmasıdır. Axı belə bir iddianı Ermənistanın rəsmi şəxsləri səsləndirir. Yaxşı olardı ki, Kasprşikin özü də bu məsələyə münasibət bildirsin”.
Məhəmmədəli QƏRİBLİ