Vüqar Qədirov: “Müqavilə üzrə həyata keçirilən bu sövdələşmədə tərəflər öz öhdəliklərini yerinə yetirməlidir”
Ermənistan mətbuatı daha bir məlumat üzərində manipuliyasiya etməyə başlayıb. Onlar növbəti bir məlumatı “sevinərək” tirajlayır. Həmin xəbərdə qeyd edilir ki, Kanadadan olan bəzi deputatlar öz hökumətlərinə Azərbaycana silah satışının dayandırılması ilə bağlı müraciət ediblər.
Bildirilir ki, guya belə bir müraciət Kanadanın silah satışına son qoymasına səbəb ola bilər. Erməni lobbisi bir müddət əvvəl Rusiya prezidenti qarşısında da belə bir məsələ qaldırdı. İstəkləri bu idi ki, Rusiya Azərbaycana silah satmasın. Səyləri heç bir nəticə vermədi. Kanada ilə bağlı bu istiqamətdə hansısa irəliləyişə nail ola bilərlərmi?
Ekspert Vüqar Qədirov qəzetimizə bildirdi ki, Ermənistanın bu “sevinci” uzun çəkən deyil: “Bilirsiniz ki, ölkələr arsında həyata keçirilən silah ticarəti müqavilələr əsasında baş tutur. Hətta deyilənə görə, belə əməliyyatlarda ödənilməsi nəzərdə tutulan vəsaitin böyük hissəsi əvvəlcədən ödənilir. Ümumi praktikadan çıxış edərək bunları söyləyirəm. Kanada ilə Azərbaycan arasındakı müqavilələrdən xəbərsiz olduğumuz üçün, bu barədə detallı danışa bilməyəcəyik. Ancaq bilirsiniz ki, Azərbaycan müharibə şəraitində yaşayan, işğala məruz qalan bir ölkə kimi silah-sursat tədarükünü daim yüksək səviyyədə təmin edir. Biz yalnız bir Kanadadan silah almırıq ki, Ermənistan ora təzyiq etməklə nəsə edə biləcəyini düşünür. Müqavilə üzrə həyata keçirilən bu sövdələşmədə tərəflər öz öhdəliklərini yerinə yetirməlidir. Kanadada bu məsələyə etiraz edən deputatların sayı isə çox azdır. Təbii ki, burda da erməni barmağı var. Ancaq bilsinlər ki, əbəs enerji sərf edirlər. Çünki erməni diasporunun ən güclü olduğu və Azərbaycanın Kanada ilə müqayisədə daha çox silah aldığı Rusiyada bu istəklərinə nail ola bilmədilər. Hətta təşkil etdilər ki, jurnalist sırf belə məzmunlu sualla Putinə də müraciət etsin. Etdi və Putindən sərt cavab aldı. Prezidentin cavabından belə aydın oldu ki, Ermənistan başını hər yerə soxmamalıdır. Ölkələrin bu istiqamətdə siyasətini bir-iki deputat deyil, əlaqədar qurumları müəyyən edir. Ermənilər düşünür ki, bir-iki deputatı ələ alıb demaqogiya ilə məşğul olmaqla nəsə edə bilərlər. Ancaq dərindən yanılırlar. Rusiyada yaşadıqları aqibəti Kanada da yaşamalı olacaqlar”.
Məhəmmədəli QƏRİBLİ