Elşən Həsənov: “Burada Ermənistanın müstəqil iradəsindən söhbət gedə bilməz”
Ermənistan son anda NATO-nun Gürcüstanda keçirdiyi "Agile Spirit - 2017" ("Çevik ruh - 2017") hərbi təlim məşqlərində iştirak etməkdən imtina edib, Gürcüstan Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr üzrə səlahiyyətli nümayəndəsi Georgi Kacaravaya istinadən Ermənistan mediası xəbər verir.
Ermənistan Müdafiə Nazirliyi qabaqcadan razılıq verdiyi NATO hərbi təlimində iştirak etməmək qərarını şərh etməkdən də imtina edib.
Görünür, Ermənistanın bu qərarı son anda qəbul olunub və gözlənilməz olub ki, Ermənistan bayrağı hərbi təlimin rəsmi nişanı üzərindən götürülməyib.
Ermənistan bayrağı ilə yanaşı, "Agile Spirit - 2017" nişanı üzərində təlimdə iştirak edən Gürcüstan, ABŞ, Rumıniya, Ukrayna, Latviya və Azərbaycanın bayraqları da təsvir olunur.
Bundan əvvəl Ermənistan 2009-cu ildə son anda NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən təlimlərdə iştirak etməkdən imtina etmişdi.
Müşahidəçilərin fikrincə, erməni tərəfinin son anda təlimlərdə iştirak etməmək qərarları Moskvanın təzyiqlərinin nəticəsi kimi anlaşıla bilər.
Ermənistanı belə bir qərar verməyə nə vadar edib?
Ekspert Elşən Həsənovun sözlərinə görə, erməni tərəfinin NATO tədbirlərində "həddən böyük" fəallığı Rusiya ilə gərginliyə səbəb ola bilərdi: “ Moskva özünü NATO və blokun yaxın müttəfiqləri (Ukrayna və Gürcüstanla) ilə qarşı-qarşıya qoyur və hətta sırf sülhməramlı və müdafiə xarakterli tədbirlər belə Moskva tərəfindən öz regional maraqlarına təhlükə kimi qəbul olunur.
"Agile Spirit - 2017" hərbi təlimləri sentyabrın 3-də Gürcüstanın Axalsixe bölgəsində yerləşən poliqonda başlayıb və sentyabrın 11-dək davam edəcək.
"Agile Spirit - 2017" hərbi məşqlərinin məqsədi böhranlı və başqa vəziyyətlər zamanı NATO sürətli reaksiya qüvvələrinin birgə iştirakının hazırlıq səviyyəsini qaldırmaqdır. Ermənistanın NATO-nun təqribən bir ay öncə yenə həmin Gürcüstanda keçirdiyi təlimlərə qatılmasında, nə də indikindən vaz keçməsində təəccüblü heç nə yoxdur.
Rusiyanın Ermənistanı NATO-nun iyulun 31-də Gürcüstanda start verilən "Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərinə buraxmaqda məqsədi də elə oradan dəqiq informasiya ələ etmək ola bilərdi. Ermənistan hərbçiləri həmin təlimlərdə NATO-nun bir parçası yox, Rusiyanın görən gözü və eşidən qulağı kimi çıxış edirdilər.
NATO-da bunu gözəl bilirdilər. Moskvanın Ermənistanı yenə Gürcüstanda keçirilən və bu dəfə isə "Azad Ruh" adı daşıyan yeni NATO təlimlərinə buraxmamasına gəldikdə isə, bununla göstrmək istəyir ki, birincisi, forpostda azad ruh ola bilməz, ikincisi, Qərbdəkilərin planlaşdırdıqları o "gələcək" gəlməyəcək. Bir sözlə, Moskva qadağan edib. Burada Ermənistanın müstəqil iradəsindən söhbət gedə bilməz”.
Məhəmmədəli QƏRİBLİ