Bu gün müasir Avropa üçün prioritet məsələlərdən biri də alternativ mənbələrdən təbii qaz idxalını həyata keçirməkdəir. Qeyd olunan xüsusda Avropanın əsas diqqətinin Azərbaycan üzərində cəmləşməsi də heç kimə sirr deyil. Avropa özü TANAP və TAP kəməri işə düşdükdən sonra Azərbaycandan daha çox qaz almaq niyyətini də meydana qoyub. Məsələn, “TAP AG”nin rəsmi “Twitter” səhifəsində qeyd edilir ki, TAP-ın illik ötürmə gücünün ikiqat artırılması imkanı var. Bildirilir ki, kəmərin tutumunun ikiqat artırılması nəzərdə tutulub”.
Bundan başqa məlumdur ki, rəsmi Brüssel Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin Mərkəzi Asiyaya qədər uzadılmasına nail olmaq niyyətindədir. Bu barədə Avropa İttifaqının (Aİ) bəyanatında deyilir: “Avropa İttifaqı həmçinin Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinin və enerji effektivliyinin inkişafını davam etdirəcək”. Belə bir vaxtda isə İtaliyada Avropa üçün vacib əhəmiyyət kəsb edən TAP-a qarşı təxribatlar hələ də səngimir. Halbuki, İtaliyanın mərkəzi hökuməti istənilən halda TAP-ın nəzərdə tutulan ərazidən çəkiləcəyini bildirib. Buna rəğmən, İtaliyanın Melandunyo şəhərinin meri Marko Potti TAP şirkətini məhkəməyə verib. Merin və Salento bələdiyyəsi ərazisinin bir qrup sakininin imzaladığı iddia ərizəsində göstərilir ki, Azərbaycan qazının Avropaya nəqli üçün inşa edilən TAP kəməri işə düşəndən sonra insanların və digər canlıların sağlamlığını təhdid edə, ictimai təhlükəsizliyə xətər yetirə bilər. Şikayəti imzalayanlar Salento bölgəsinin TAP kəmərinin mərkəzi kompressor stansiyasının yaxınlığında yaşayan sakinlərdir.
Şikayətə qaz kəmərinə dair texniki rəy də əlavə olunub. Mühəndis Alessandro Manuellinin hazırladığı rəydə deyilir ki, TAP kəməri ilə ildə 10 milyard kubmetr qaz nəql olunacağı halda atmosferə 40 ton təbii qaz buraxılacaq, kəmərin buraxılış gücü iki dəfə artarsa, atmosferə atılan qaz 80 tona çatacaq. Bundan əlavəŞ qaz qəbul etmə məntəqəsində qəza risqinə qarşı hündürlüyü 10 metr olan iki soyuducu qurğu da tikilir ki, bu qurğu möhkəm uğultu çıxaracaq və bu da ətrafda yaşayanlar üçün ciddi eşitmə probleminə səbəb olub onları kar edə bilər. Aydındır ki, bunlar hamısı sadəcə bəhanədir və TAP-a qarşı olan qüvvələrin növbəti gedişidir. Daha öncə İtaliyanın Apuliya bölgəsinin qubernatoru Miçel Emiliano gözlənilmədən TAP-a qarşı çıxanlar sırasında yer alıb. Emiliano bəyan edib ki, TAP-a alternativ olaraq Balkan regionunu Apuliya bölgəsi ilə birləşdirən yeni qaz kəmərinin çəkilməsini dəstəkləməyə hazırdır. Bu, “Falcone Group” şirkəti tərəfindən irəli sürülən və heç kimin ciddi qəbul etmədiyi “Eagle LNG“ layihəsidir. Həmin layihəyə əsasən, İtaliya Balkan regionu üzərindən ABŞ, Qətər və digər ölkələrdə sıxılmış qazı 110 kilometrlik “Eagle” kəməri vasitəsilə nəql edə bilər. Lakin Emiliano nəzərə almayıb ki, onun da təmsil olunduğu hökumət 2016-cı ilin iyulunda həmin layihəni “yararsız” hesab edərək kənara atmışdı. Çünki iqtisadi baxımdan effektiv hesab etməmişdi. İndi isə qubernator gözlənilmədən bu layihəni gündəmə gətirir, özü də İtaliyada TAP-a qarşı etirazların yenidən vüsət aldığı bir vaxtda. Xatırladaq ki, Azərbaycanın “Şahdəniz” yatağından hasil olunacaq qazı Yunanıstan üzərindən İtaliyanın cənubuna, oradan Albaniyaya nəql etmək üçün çəkilən TAP kəmərinə qarşı İtaliyada neçə vaxtdır etirazlar, təxribatlar təşkil olunur. Bu təxribatların təşkilatçısı İtaliya parlamentində 22 faiz səslə təmsil olunan “5 Star” hərəkatı və onun rusiyayönümlü lideri, şoumen Beppe Grillodur. Apuliya bölgəsinin bəzi bələdiyyə rəhbərləri də TAP-a qarşı etirazlara dəstək verir. Amma hesab edilir ki, bu etirazlar və təxribatçı mövqelər TAP-ın çəkilişinə maneə yaratmayacaq. “Cənub Qaz Dəhlizi” layihəsinin vitse-prezidenti Con Merfi də TANAP və TAP kəmərlərinin Avropanın özü üçün çox gərəkli olduğunu vurğulayır. O xatırladıb ki, TAP qaz kəməri üzrə işlər Albaniyada və Yunanıstanda cari ilin avqust ayında start götürüb, İtaliyada isə işlər noyabr ayında başlanacaq: “İlkin mərhələlərdə Qərbə 16 milyard kubmetr qaz nəql etmək (Avropaya 10 milyard, Türkiyəyə 6 milyard) planlaşdırılır. Perspektivdə isə boru kəmərinin buraxılış qabiliyyəti 32 milyard kubmetr təşkil edəcək ki, bu da gələcəkdə “Cənub Qaz Dəhlizi”nə digər potensial boru kəmərlərinin qoşulmasına imkan verəcək. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında “Cənub Qaz Dəhlizi”nin strateji rolu var”.
Bir daha qeyd edək ki, “Cənub Qaz Dəhlizi" layihəsi regionun ən vacib layihələrindən biridir. "Şahdəniz-2" layihəsi üzrə hasil edilən qaz sualtı boru kəməri ilə Səngəçal Terminalına və daha sonra Cənubi Qafqaz Boru Kəməri (CQBK), TANAP və TAP vasitəsilə Türkiyə və Avropa bazarlarına çatdırılacaq. Layihə Gürcüstan və Türkiyə ilə birlikdə Avropa ölkələrinin davamlı enerji təhlükəsizliyi ilə əlaqədar strateji maraqlarına xidmət edəcək. Türkiyəyə ilk qaz ixracı 2018-ci, Avropaya isə 2020-ci ilə planlaşdırılır. Burada yer alan TAP Avropanın enerji təhlükəsizliyi və enerji mənbələrinin diversifikasiyasına görə strateji məqsədlərində əsas rolu oynayır. Təbii qazın Azərbaycandan Avropa bazarlarına ixracının ən qısa və birbaşa marşrutunu TAP təşkil edir.
Tahir TAĞIYEV