Məhəmməd Əsədullazadə: “Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan bu kimi təxribatlar etməklə danışıqları sabotaj etmək istəyir”
Həmişə olduğu kimi, Ermənistan tərəfi sülh danışıqlarını pozmağa, ona kölgə salmağa çalışır. Bu günlərdə ATƏT nümayəndələri cəbhə bölgəsində növbəti monitorinq apardılar. Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan isə yalan məlumat yayaraq bildirdi ki, guya Azərbaycan monitorinq keçirən ATƏT-in nümayəndələrini atəşə tutub. Dərhal Azərbaycanın müvafiq qurumları bunu təkzib etdilər və deyilənlərin yalan olduğunu bildirdilər.
Belə ki, Müdafiə Nazirliyi monitorinq zamanı Azərbaycan tərəfinin guya atəşkəs rejimini pozması barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayanın yaydığı məlumata cavab verib. Nazirliyin mətbuat xidməti bəyan etdi ki, Ermənistan tərəfinin yaydığı bu məlumat yalan və dezinformasiyadır: “Monitorinqdə iştirak edən beynəlxalq missiyanın nümayəndələri də atəşkəs rejiminin pozulması faktını qeydə almayıblar”.
Məlumat üçün qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, avqustun 31-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində monitorinq keçirilib. MN-dən bildirilib ki, monitorinq insidentsiz başa çatıb.
Həmçinin, Azərbaycan Xarici İşlər Nazirliyi də bunu təkzib etdi.
Maraqlısı odur ki, bundan fərqli olaraq, ATƏT bununla bağlı heç bir açıqlama vermir. Yəni monitorinq qrupunun atəşə tutulmasının yalan olmasını bəyan etmir. Halbuki, sözügedən qurum daha operativ reaksiya verməli idi. Belə olan halda, istər-istəməz, ortaya sual çıxır: ATƏT rəsmiləri bu məsələdə niyə susur?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində ATƏT-in monitorinq keçirməsi mütəmadi xarakter daşıyır. Bu monitorinqlər adətən atəşkəsin qorunmasına xidmət edir. Qeyd edim ki, Ermənistan tərəfində keçirilən monitorinq zamanı erməni tərəfi qəsdən Azərbaycan tərəfindən atəşkəsin pozulmasını qeyd edir. Halbuki, Azərbaycan daim monitorinqlərdə atəşkəsə riayət edir. Təbii ki, monitorinq qrupu erməni tərəfində olduğu üçün, işğalçı tərəf qəsdən atəşkəsi pozaraq, Azərbaycana qarşı təxribat həyata keçirir. ATƏT-in monitorinq qrupu əsassız olaraq bu kimi hallarda susqunluq nümayiş etdirsə də, yaxşı bilirlər ki, işğalçı ölkənin siyasəti daim təxribata söykənir. Görünür, ATƏT rəsmiləri bir daha ermənipərəst mövqe nümayiş etdirir və yaxud da balans saxlayırlar. Azərbaycan tərəfi daim qeyd edir ki, işğalçı ordu ərazilərdən çıxmayınca, atəşkəs rejimini qoruyub saxlamaq mümkün olmayacaq. Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ərəfəsində Ermənistan bu kimi təxribatlar etməklə, görünür, danışıqları sabotaj etmək istəyir”.
Vidadi ORDAHALLI