Ermənistanın son anda NATO-nun Gürcüstanda keçirdiyi "Agile Spirit 2017" ("Çevik ruh 2017") hərbi təlim məşqlərində iştirak etməkdən imtina etməsi ciddi suallar doğurub. Təhlilçilər hesab edir ki, qərar Moskvanın diktəsi ilə verilib (Baki-xeber.com).
Qeyd edək ki, Gürcüstanın Müdafiə Nazirliyinin rəsmisi Qriqori Kacarava Ermənistan Müdafiə Nazirliyi “Agile Spirit 2017” təlimlərində iştirakla bağlı zamanında qərar qəbul etdiyini deyib. Ancaq onların təlimlərdə iştirakdan son anda imtina etdiyini bildirib: “Lakin, təəssüf ki, qonşumuz son anda iştirakdan imtina etdi”. O, Ermənistandan təlimlərdə cəmi 3 hərbi həkimin iştirak edəcəyinin nəzərdə tutulduğunu deyib və onların iştirak etməməsinin təlimlərə heç bir təsiri olmayacağını qeyd edib.
Gürcüstan Müdafiə Nazirliyinin sözçüsü Nino Tolordava da Ermənistanın “Çevik Ruh-2017” təliminin açılışına qatılmadığını və Ermənistan Müdafiə Nazirliyindən də heç bir açıqlama verilmədiyini deyib. Tolordava qeyd edib ki, NATO-ya üzv ölkələrindən əlavə NATO tərəfdaşları Ukrayna və Azərbaycan da iki mərhələdən ibarət olan "Agile Spirit" təlimində iştirak edirlər.
Ermənistan müdafiə naziri Artsrun Ovannisyan isə qabaqcadan razılıq verdiyi NATO hərbi təlimində iştirak etməmək qərarını şərh etməkdən imtina edib. Ancaq sonradan rəsmi İrəvan yenə də özünü sığortalamaq və Rusiya təsiri barədə fikirləri neytrallaşdırmaq üçün yalana əl atıb. Belə ki, Ermənistan müdafiə nazirinin müavini Artak Zakaryan deyib ki, Ermənistan "Agile Spirit 2017" hərbi təlimlərində iştirak edəcəyini "təsdiq etməyibmiş": "Deyə bilmərəm, nə üçün Ermənistan iştirakçıların siyahısına salınıb. Ermənistan Silahlı Qüvvələri növbəti hərbi təlimdə iştirak edəcəyini bildirməyib. Bizim planlarımızda müəyyən dəyişikliklər baş verib".
O həmçinin Ermənistanın "Agile Spirit 2017" təlimlərindən imtina etməsində "hər hansı başqa tərəfin" təsiri olmadığını bildirib.
Ancaq Moskva təsiri barədə fikirlər qarşısında Ermənistan hakimiyyətinin gətirdiyi arqumentlər yetərsiz görünür. Çünki İrəvanın təlimlərə bir müddət öncə yox, məhz təlimlər başlayan gün yox deməsi, ortaya ciddi suallar çıxarır. Digər tərəfdən qərarın Sarkisyanın Rusiya prezidenti ilə Soçidəki görüşündən az sonraya təsadüf etməsi diqqətdən kənarda qala bilməz.
Ümumiyyətlə əksər təhlilçilər qərarın Moskvanın diktəsi ilə, yəni İrəvanın iradəsi əleyhinə verildiyinə əmindirlər. Bu qənaəti Ermənistanın müdafiə nazirinin olayı şərh imtinası daha da gücləndirir.
Ermənistanın NATO təlimlərindən son anda imtina etməsi işğalçı ölkənin ekspert dairələrində də şok effekti yaradıb. Onlar Sarkisyanın gözlənilməz qərarının Rusiyanın təzyiqi ilə verildiyinə açıq işarə vururlar və bunu “3 sentyabr” xəyanəti kimi dəyərləndirirlər. Onların fikrincə, erməni tərəfinin son anda təlimlərdə iştirak etməmək qərarları Moskvanın təzyiqlərinin nəticəsidir. "Ermənistan hərbi təlimdə iştirak etməyəcəyini qabaqcadan bəyan etsəydi, bütün tərəflər bu qərara normal yanaşardı. Bu halda isə, müxtəlif fikirlər yaranır. Bu, Rusiya tərəfindən təzyiq kimi yozula bilər", - Lester Universiteti kəşfiyyat, təhlükəsizlik və strateji tədqiqatlar departamentinin elmi işçisi Eduard Abramyan deyib.
Erməni jurnalist Sarqis Arsruni isə bunu Rusiyanın Ermənistanın daxili işlərinə kobud müdaxiləsi kimi dəyərləndirib. Onun fikrincə, NATO təlimlərindən imtina Ermənistanın suveren qərarlar verə bilmədiyini göstərib: “Moskva, təbii ki, İrəvanın Avropa Birliyi və NATO ilə yaxınlaşmasını narazılıqla qarşılayır. Ekspert dairələri tərəfindən kəskin rəylər bunun sübutudur”.
O, bu barədə yazır: “3 sentyabr tarixi yenə təkrarlandı. Ermənistan Gürcüstandakı təlimlərdən imtina etdi. Niyə məhz Ermənistan imtina elədi? Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri bu suala cavab verə bilməyib. Ancaq onsuz da hər şey aydındır – söhbət Moskvanın kobud təzyiqindən və məcbur etməsindən gedir.
Ermənistan hakimiyyəti 4 il öncəki kimi, yenə də özündə müvafiq iradə tapa bilmədi və Moskvanın şantajı və təhdidlərinə tabe oldu. Moskva isə İrəvana başqa təsir rıçaqlarına malik deyil və yalnız onu yeni Qarabağ müharibəsi ilə hədələyə və ya Sarkisyan hakimiyyətinin sabitliyinə, hətta Ermənistandakı təhlükəsizliyə birbaşa təhlükə yaradan ünvanlı şantaja əl ata bilər.
Eyni zamanda bununla Ermənistan-Avropa Birliyi münasibətlərinə, İrəvanın xarici siyasəti şaxələndirmək cəhdlərinə də zərbə dəydi və ölkəmizin nüfuzu, beynəlxalq birliyin gözündə obyektivliyi sual altına düşdü”.
Erməni ekspert Ermənistanın Avropa Birliyi ilə çərçivə sazişindən də imtina edə biləcəyini də deyir: “Rusiya-ABŞ münasibətlərində son günlər baş verən dramatik olayları da ciddiyə alsaq, böyük ehtimalla, Moskva Ermənistanı daha təhlükəli və qlobal oyuna cəlb edib. Mümkündür ki, Ermənistanın NATO təlimlərində iştirakını ləğv etməklə Moskva İrəvanın vasitəsilə mahiyyət etibarilə ABŞ-a cavab verir. Bu versiya doğrudursa, demək, o zaman Ermənistan Kremlin antiqərb siyasətində instrumentlərdən birinə çevrilir – özünün ölkəmiz üçün olduqca xoşagəlməz nəticələri ilə, o cümlədən Qarabağ nizamlanması prosesində xoşagəlməz sonuncları ilə birgə. Bu fonda heç bir zəmanət yoxdur ki, Ermənistan son anda Avropa Birliyi ilə çərçivə sazişindən də imtina etməyəcək. Bu xüsusda Sarkisyanın vədi heç nədir, çünki qərarlar Moskvada qəbul olunur”.
Politoloq Məhəmməd Əsədullazadə də hesab edir ki, Ermənistanın NATO-nun Gürcüstanda keçirilən hərbi təlimlərindən imtina etməsi, Soçidə Putinin Sarkisyana verdiyi təlimatının nəticəsidir. O, bildirib ki, Soçidə Putinlə görüşdə Sarkisyan gələn il Ermənistanda hakimiyyət strukturlarında dəyişikliklər əsasında baş nazir kürsüsünə oturmaq üçün Kremlin dəstəyinə ehtiyac duyurdu: "Bu görüşdə, erməni prezident bir daha Ermənistanın müstəqilliyini Rusiyaya güzəştə gedərək, gələn il üçün öz siyasi hakimiyyətini saxlamaq üçün zəmanət alıb. Qeyd edim ki, payızda Avropa İttifaqı ilə Ermənistan arasında gözlənilən memorandum təxirə salına bilər. Çünki, Rusiya Ermənistana Qərblə sıx siyasi-iqtisadi əlaqələr qurmağa imkan verməz".
Politoloq deyib ki, hazırda Sarkisyana təzyiq etmək üçün Rusiyanın əsas adamı baş nazir Karen Karapetyandır: "Həmçinin Ermənistanın baş naziri Karen Karapetyan Moskvaya bağlı biri olaraq, Sarkisyanın iradəsindən kənardadır. Sarkisyan üçün əsas rəqib olaraq forsmajor situasiyada Moskva onu irəli çəkə bilər. Hazırda, məhz Sarkisyan Kareni neytrallaşdırmaq üçün təbii ki, Putinin təlimatlarından çıxmayacaq".
M.Əsədullazadə qeyd edib ki, ötən həftə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş Katibi Yuri Xaçaturovun İrəvana gələrək, Sarkisyanla görüşündə Ermənistanın NATO-nun bu kimi təlimlərində iştirakının arzuolunmaz olduğunu bildirib: "Xüsusilə Putin və Sarkisyanın Soçi görüşü və KTMT Baş katibinin İrəvan səfəri, Ermənistanın Qərb yönümlü siyasət oyununa son qoydu".
Politoloq İlqar Vəlizadə bildirir ki, Rusiyada başa düşürlər ki, Ermənistanın qərbyönümlü siyasətinin sonu yoxdur və İrəvan Moskvanın ətrafından uzaqlaşa bilməz. Ekspert deyib ki, Ermənistanın növbəti dəfə NATO təlimlərinə qatılması sadəcə daxili auditoriyaya hesablanıb: “Ermənistan KTMT-nin üzvüdür və İrəvanın manevr imkanları burada da xeyli məhduddur. Sarkisyan çox gözəl başa düşür ki, heç cür NATO-ya inteqrasiya edə bilməz. Ermənistan növbəti dəfə NATO-nun təlimlərinə qatılmaqla guya təkcə Rusiya ilə deyil, NATO ölkələrilə də sıx hərbi-siyasi əməkdaşlıq niyyətində olduğuna dair görüntü yaradır”.
Politoloq vurğulayıb ki, Ermənistanın NATO təlimlərinə qatılması sadəcə daxili auditoriyaya hesablanıb. Erməni ictimaiyyəti isə ölkəsinin həqiqətən də NATO-ya doğru ciddi addımlar atmağa başladığına aldanıb. Rusiyada başa düşürlər ki, Ermənistanın qərbyönümlü siyasəti xətt yürütməsi cəhdinin anlamı yoxdur və İrəvan Moskvanın ətrafından uzaqlaşa bilməz”.
Politoloq bildirib ki, Sarkisyanın baş nazir olmaq ehtimalı azdır: “Sarkisyanın məqsədi yaxın ətrafını siyasi rəhbərlikdə saxlamaqla öz maraqlarını qorumaqdır. O çalışır ki, bu prosesdə təkcə Rusiyaya yox, Qərbə də stavka etsin. Sarkisyan bu addımla erməni diasporunun rəğbətini qazanmağa çalışır. Ancaq yenə də son söz sahibi Rusiyadır və İrəvanın şansı çox azdır. Çünki hamı yaxşı başa düşür ki, nəticə etibarilə Ermənistanda kim hakimiyyətə gəlsə, o, ilk növbədə Rusiyanın simpatiyasını qazanmalıdır”.
Şərhçinin sözlərinə görə, hazırda Ermənistanın baş naziri Karen Karapetyanın mövqeyi daha möhkəm görünür: “Ermənistanda gedən bu çəkişmələr rejimin hakimiyyət mübarizəsidir, ancaq bundan real nəticə gözləmək çətindir”.
Bundan əvvəl Ermənistan 2009-cu ildə son anda NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən təlimlərdə də iştirak etməkdən imtina etmişdi.
"Agile Spirit 2017" hərbi təlimləri sentyabrın 3-də saat 12:00-da Gürcüstanın Axalsixe bölgəsində yerləşən poliqonda başlayıb və sentyabrın 11-dək davam edəcək. Rəsmi açılış mərasimində Gürcüstan prezidenti Qriqori Marqvelaşvili və müdafiə naziri Levan İzoriya iştirak ediblər.
"Agile Spirit 2017" hərbi məşqlərinin məqsədi böhranlı və başqa vəziyyətlər zamanı NATO sürətli reaksiya qüvvələrinin birgə iştirakının hazırlıq səviyyəsini qaldırmaqdır.
Daha əvvəl kütləvi informasiya vasitələri Axalsixedəki poliqona bir neçə "Abrams" ABŞ tankı və 5 yüzə yaxın hərbçi gəldiyini bildirmişdilər.
2011-ci ildən bəri Gürcüstanda keçirilən "Agile Spirit" hərbi təlimləri Gürcüstan-NATO tədbirlər paketi çərçivəsində işlənib hazırlanmışdır.
Tahir TAĞIYEV