Aqşin Əliyev: “Çünki Dağlıq Qarabağda hazırda yaşayan xalq separatçılardan ibarət olan ermənilərdir”
Ermənistanda səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri İqor Çrnadak sərsəm açıqlaması ilə diqqəti çəkib. O bildirib ki, ölkəsi Dağlıq Qarabağ ətrafında cərəyan edən prosesləri yaxından izləyir: “İstəyimiz budur ki, konflikt ilk növbədə hazırda orada yaşayan xalqın xeyrinə həll edilsin”.
Balkan ölkəsi rəsmisinin bu tip açıqlamasını necə qiymətləndirmək olar?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, bu tip açıqlama sözügedən ölkəyə başucalığı gətirmir: “Bosniya və Herseqovina rəsmisi adından yayılan bu açıqlamaya müxtəlif kontekstlərdən yanaşmaq olar. Bilirsiniz ki, erməni mətbuatı bütün proseslərə professionallıq deyil, öz ölkəsinin maraqları kontekstindən yanaşır. Ən acınacaqlısı isə budur ki, onlar ölkələrinin maraqlarını deyil, işğalçı siyasətini dəstəkləyirlər. Hətta bu yöndə dəridən-qabıqdan belə çıxırlar. Dəfələrlə şahidi olmuşuq ki, ora səfər edən xarici ölkə rəsmiləri adından öz xeyirləri üçün məlumatlar yayıblar. Sonra həmin siyasilər adlarından yayılan xəbərləri təkzib ediblər. Birinci versiya bundan ibarət ola bilər ki, bu xəbəri erməni mətbuatı öz xeyri üçün məhz belə təqdim edir. İkincisi isə, Bosniya və Herseqovina rəsmisi ola bilsin ki, belə açıqlama verib. Belədirsə, onda bu heç bir diplomata yaraşmayan, savadsız bir mövqedir. Çünki neytral mövqedə qalmaq istəyən belə danışmaz. Bu məsələdə Balkan ölkəsi rəsmisi konkret olaraq separatçıları dəstəkləyib. Çünki Dağlıq Qarabağda hazırda yaşayan xalq separatçılardan ibarət olan ermənilərdir. Münaqişə necə onların xeyrinə həll edilə bilər? Azərbaycan onları heç tərəf kimi danışıqlarda görmür. Müvəqqəti işğalçıları dəstəkləyən hansısa diplomat elə onların səviyyəsində olan adamdır. Hesab edirəm ki, Azərbaycanın rəsmi dairələri bu məsələyə ciddi reaksiya verməlidir. Bosniya və Herseqovina hökumətinə, onun diplomatik missiyasına öz etirazımızı bildirməliyik. Yəqin ki, diplomat ya fikirlərinin təhrif olunduğunu deyəcək, ya da işlətdiyi fikrə görə üzrxahlıq edəcək. Yox, dediyi fikirdə qalacaqsa, onda biz həmin ölkə ilə münasibətlərimizi yenidən nəzərdən keçirməliyik”.
Məhəmmədəli QƏRİBLİ